Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Gürcüstan və Azərbaycan Cənubi Qafqaz Nəqliyyat Dəhlizini yeni səviyyəyə çıxarır

 

Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Bu mərhələdə Cənubi Qafqaz Nəqliyyat Dəhlizi (CQND) mövzusu Qərbdən və Şərqdən Qafqazı əhatə edən Qara və Xəzər dənizlərinə çıxışı olan Azərbaycan və Gürcüstan üçün prioritet vəzifəyə çevrilir.

Noyabrın 6-da Azərbaycan və Gürcüstan prezidentləri Cənubi Qafqaz Dəhlizinin – iki ölkənin xarici və daxili siyasətinin əsas trendinin inkişafını müəyyən edən Tbilisi Bəyannaməsini imzalayıblar.

Gürcüstan prezidenti Georgi Margvelaşvili Tbilisiyə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bildirib ki, görüşdə Xəzər və Qara dənizi birləşdirən əməkdaşlıq haqqında fikir mübadiləsi də aparılıb. "Biz nəqliyyat layihələri, enerji dəhlizi ilə bağlı layihələr, bu sahədə əməkdaşlığın dərinləşdirilməsi haqqında da danışmışıq. Biz Birgə Bəyannamə imzaladıq ki, bu da öz növbəsində təhlükəsizlik, iqtisadiyyat, ticarət, tranzit və mədəniyyət sahəsində əlaqələrimizin genişləndirilməsinə töhfə verəcək”, deyə o bildirib.

 "Biz öz iradəmizi bir daha ifadə etdik: bu məsələlər, bu layihələr ən qısa zamanda həyata keçirilməlidir. Xüsusən, Cənub Qaz Dəhlizi bu gün uğurla həyata keçirilir. Əlbəttə, Gürcüstan və Azərbaycanın birgə fəaliyyəti, bizim birgə mövqeyimiz gələcəkdə bu dəhlizin çox etibarlı olduğunu nümayiş etdirəcək”, deyə Əliyev qeyd edib.

Bir müddət əvvəl, oktyabrın 21-də Əliyev öz hökumətinin ən mühüm idarələrinin iştirakı ilə tranzit yük daşımaları üzrə Əlaqələndirmə Şurası təsis edib. Şuraya dəmir yolu, dəniz nəqliyyatı ilə, dəniz limanlarından və terminallardan yük daşımaları üçün "vahid pəncərə” prinsipinin həyata keçirilməsini təmin etmək tapşırılıb. Şura dəmir yollarının, dəniz limanlarının və terminalların vahid, elastik və şəffaf tarif siyasətini, sadələşdirilmiş sərhədlərin keçilməsi prosedurunu və yüklərin emalını, profilli təşkilatların əlaqələndirilməsini təmin etmək həvalə edilir.

Bundan on gün əvvəl, oktyabrın 10-da Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya planlaşdırılmamış işgüzar səfərə gəlib. KİV-in versiyasına görə, o, Gürcüstan vasitəsilə Rusiya və Azərbaycan qazının nəqli məsələsinin müzakirəsi üçün gəlib. KİV və hətta Gürcüstanın müxalif siyasətçiləri rəsmi Tbilisinin Azərbaycan qazına alternativ olaraq Qazpromdan qaz almaq planından danışırdı. Amma, buna baxmayaraq, mətbuata sızan məlumatdan aydın idi ki, danışıqların əsas mövzusu Avropa İttifaqının qlobal TRASEKA layihəsi kimi məşhur olan CQND olub. Rəsmi məlumata əsasən (president.az), Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə energetika, nəqliyyat və infrastruktur sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. "Üç saat davam edən görüşdə Əliyev və Qaribaşvili regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Energetika, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlığın əhəmiyyəti vurğulanıb”, deyə Gürcüstan hökumətinin mətbuat xidməti bildirib.

Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze görüşdən sonra maraqlı məlumat verərək qeyd edib ki, Gürcüstana əsas qaz ixracçısı Azərbaycan olaraq qalmaqdadır, amma hakimiyyət enerji mənbələrinin müxtəlifləşdirilməsi haqqında düşünür və bununla əlaqədar İranla fəal iş aparılır.

Bəzi KİV-lər bununla əlaqədar İran qazının Gürcüstana Ermənistandan tranziti marşrutundan bəhs ediblər. Amma qeyd etmək lazımdır ki, İran tərəfi Azərbaycana Qafqaz istiqamətində əsas tranzit ərazisi kimi baxır. Əliyevin bu ilin aprelində Tehrana səfəri zamanı da bu barədə danışılıb. Və Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında inkişaf etməkdə olan infrastruktur əlaqələri olan Azərbaycanın coğrafi mövqeyini nəzərə alsaq, bu, daha çox həqiqətəuyğundur. İran qazının Avropaya tranziti, habelə Rusiya-Azərbaycan-İran dəmir yollarının birləşdirilməsi məsələləri real işlənmə mərhələsindədir.

Avqustda Çin-Qazaxıstan-Azərbaycan marşrutu üzrə ilk konteyner qatarının sınaq buraxılışı əlverişli oldu. Tərəflərin əlaqələndirilmiş fəaliyyəti nəticəsində daşıma üçün rəqabətədavamlı tarif müəyyən edilib və bütün marşrut üzrə altı-yeddi gündə çatdırılma müddəti təmin edilib. Marşrut Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin davamıdır və Çindən Mərkəzi Avropaya Şərq-Qərb nəqliyyat dəhlizi üzrə rəqabətədavamlı yük daşımalarını təmin etmək məqsədi daşıyır. Onu artıq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) adlandırıblar.

2016-cı ilin əvvəllərində Türkiyə, Gürcüstan və Azərbaycan dəmir yollarını birləşdirən, ildə 20 mln. ton yükdaşıma qabiliyyəti olan BTQ layihəsi işə salınacaq. Bakı yaxınlığında Xəzər yük terminalının tikintisi sürətlə davam edir. Strateji Cənubi Qafqaz Qaz Dəhlizi də mövzuya aiddir. 2017-ci ildən sonra "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz nəqlini təmin etmək məqsədilə Bakı-Tbilisi-Ərzurum boru kəmərinin gücünü 25 mlrd., daha sonra isə 45 mlrd. kubmetr qaza çatdırmaq planlaşdırılır. Bu layihə Gürcüstan üçün də böyük əhəmiyyət kəsb edir, belə ki, ölkənin qaz tranzitindən gəlirlərini iki dəfə, daha sonra isə dörd dəfə artıracaq. Türkmən və İran qazının planlaşdırılan tranzitini də buna əlavə etsək, söhbət daha miqyaslı dövriyyələrdən gedir. Neftin boru kəməri və dəmir yolu ilə nəqli və elektrik ixracı da CQND-nin mühüm energetika komponentlərindən olaraq qalır. Onların da artım perspektivi var.

Əliyevin səfəri zamanı müzakirə olunan daha iki məsələ diqqətəlayiqdir – bu, işğal edilmiş ərazilər və sərhədlərin delimitasiyası məsələləridir. Birinci məsələ üzrə Bakı və Tbilisinin baxışları tamamilə eynidir. Tərəflər bir daha qeyd ediblər ki, Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələri ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Sərhədlərin delimitasiyası məsələsi isə Azərbaycan-Gürcüstan münasibətlərindəki çətinlikdir. Söhbət Saqarecodakı monastır kompleksindən gedir. David-Qareci monastır kompleksinin üç monastırı Azərbaycan ərazisindədir.

Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə danışıqlar 18 ildir davam edir. Tərəflər sərhədlərin 70%-ə qədərini razılaşdırıblar. Bir neçə hissə, o cümlədən 2%-i Azərbaycan ərazisində olan David Qareci kompleksi razılaşdırılmamış qalır. Gürcüstan tərəfi ümid edir ki, Azərbaycan bu fəaliyyət göstərən dini abidənin Gürcüstan kilsəsi üçün əhəmiyyyətini nəzərə alaraq, güzəştə gedəcək. Ümumgürcüstan katolikos-patriarxı İkinci İlia da Əliyevi qəbul edərkən bu barədə danışıb.

Hələlik tərəflər delimitasiya məsələsinin çətin məqamlarını hansı yollarla həll etməyi nəzərdə tutduqlarını açıqlamırlar, amma iki ittifaq ölkəsini daha çox bir-birinə bağlayan qlobal nəqliyyat dəhlizi layihəsinin həlledici mərhələyə daxil olduğunu nəzərə alsaq, güzəşt əldə ediləcəyi barədə nəticəyə gəlmək olar.

 

 

Turan Analitika Xidməti

.

www.contact.az

.

Maybe you are interested in:

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Tbilisi bəyannaməsini imzalayıblar

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

Bolqarıstan və Azərbaycan prezidentləri Cənub Qaz Dəhlizini müzakirə ediblər

Nuland Cənubi Qafqaz ölkələri hökumətlərini dialoqa çağırdı

Gürcüstan Cənub Qaz Dəhlizi layihəsində iştirak edəcək

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz