Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Qarabağ təşəbbüskarlığı ABŞ-AB tandeminə keçir

 

 

Rusiyanın "kuratorluğu” nəticəsiz bitdi; danışıqlar prosesində yeni "seriallar” mərhələsi başlayır; estafet oyunu real nəticələrə gətirəcəkmi? 

 

Az qala iki illik fasilədən və işıq ucu görünməyən durğunluq dövründən sonra Qarabağ probleminin dinc yolla nizamlanması çərçivəsində Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu. Təxminən 4 il ərzində (2009-2012), Dmitri Medvedyevin prezidentliyi dönəmində İlham Əliyev və Serj Sərkisyan arasında ən yüksək səviyyədə aparılan danışıqlar Moskvanın himayəsi altında və üçtərəfli formatda keçirilirdi. Üzücü və intensiv "Moskva marafonu” yenilənmiş "Madrid prosesi”nin gedişində tərəflərin mövqeyində müəyyən yaxınlaşmaya gətirsə də, nəticəsiz bitdi.   

Rusiyanın sükanı arxasına Vladimir Putinin keçməsi, Ermənistanla Azərbaycanın prezident seçkiləri zolağına girməsi səbəbindən danışıqlar uzun müddətə səngidi və xeyli müddət onun bərpası üçün ciddi səylər göstərilmədi. Sonuncu Vyana görüşünün təşəbbüskarı Minsk Qrupu olsa da, təşəbbüs əsasən nizamlamanın bərpasına çalışan ABŞ, Avropa Birliyi və Türkiyənin aktivinə yazılmalıdır.

Vyana görüşü ilə bağlı əlahiddə nikbin gözləntilər yoxdur: görüşün əsas müsbət cəhəti durğunluq dövrünün adlanması və danışıq prosesinin bərpasıdır. Üstəlik, ötən illərin təcrübəsindən bəllidir ki, aparıcı ölkələrin və təşkilatların Qarabağ probleminə diqqəti məhz o vaxta artır ki, Qərblə Rusiya arasında rəqabət, bölgədə Azərbaycan və Ermənistana pressinq vəd edən digər bu kimi mühüm problemlərin geosiyasi aktuallığı güclənir.



Danışıqlar prosesinin özünə gəlincə, qeyd etmək vacibdir ki, son illər həmsədr dövlətlərin fəaliyyəti faktiki olaraq münaqişə tərəfləri prezidentlərinin görüşünü hazırlamaq və təşkil eləməkdən ibarət olub. Guya məhz bu təmasların gedişində hansısa irəliləyiş əldə olunmalı idi. Ancaq yenə də çoxdan gözlənilən irəliləyiş müşahidə edilmir, hərgah bu illər ərzində Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində yetərli sayda nəticə umulan təmaslar olub. Məsələn, təkcə elə İlham Əliyevin hakimiyyəti dövründə 23 belə görüş keçirilib. 

Aşağıdakı xronikadan da göründüyü kimi, 2008-ci ilin ortalarınadək yalnız Minsk Qrupunun fəaliyyətində deyil, həm də prezidentlər səviyyəsində təmaslarda müəyyən geriləmə müşahidə edilib: 2004-də 3, 2005 və 2006-cı illərin hər birində 2 və 2007-də cəmi 1 görüş. Doğrudur, 2008-ci ilin ortalarından, ələlxüsus Gürcüstanda məlum hadisələr və türk-erməni dialoqunun başlanmasından sonra danışıqlar prosesi sürətlə vüsət götürməyə başlayıb, konflikt tərəfləri liderlərinin görüşü dəfə-dəfə artıb. Prezidentlər 2008-ci ilin ikinci yarısında 2, 2009-cu ildə isə 6 dəfə (!) görüşüblər. Sülh prosesində belə intensivlik heç vaxt görünməyib.

Onu da qeyd edək ki, görüşlərin 2009-dakı pik həddi erməni-türk dialoqunun qəfil aktivləşməsi ilə üst-üstə düşmüşdü və təbii ki, bu da təsadüfi deyildi. Lakin məşhur dialektika qanuna zidd olaraq görüşlərin kəmiyyəti danışıqlarda keyfiyyət irəliləyişinə gətirməyib. 

Bununla belə, 2011-ci ildən etibarən, türk-erməni dialoqunun sönükləşməsi ilə birgə Qarabağ nizamlanmasında fəallıq davamlı olaraq zəifləməyə başlayıb: 2010-cu ildə prezidentlərin 3, 2011-ci ildə 2, 2012-ci ilin yanvarında cəmi 1 görüşü olub. Və demək olar, iki illik fasilədən sonra – Vyana görüşü.  

Əslində əvvəldən də aydın idi ki, nizamlamada irəliləyiş təkcə iki ölkə prezidentlərinin danışıqlarının nəticəsindən yox, həm də ABŞ, Rusiya və Avropa Birliyi arasında geosiyasi səviyyədə dialoqun alınıb-alınmayacağından asılı olacaq. Məsələ ondadır ki, öncəki bütün danışıqlar raundunun fiaskosu bu məsələdə geosiyasi konsensusun olmadığını aşkar şəkildə nümayiş etdirib.    

Doğrudur, problemlə bağlı həmsədr ölkələrin liderlərinin bir neçə birgə bəyanatından və ardınca onların ortaq fəallığından sonra ixtilafın nizamlanmasında geosiyasi imkanlar pəncərəsi hissediləcək dərəcədə genişlənib. Buna da xeyli dərəcədə nəticəsi Qarabağ məsələsinə birbaşa bağlı olan türk-erməni dialoqunun 2009-cu ildə intensivləşməsi stimul vermişdi.   

Sadalananlara rəğmən, problemlə ilgili geosiyasi konsensusun əldə olunması faktorunu şişirtmək və həll prosesində sürətli irəliləyiş gözləmək qeyri-real olardı. Qarabağ nizamlanmasında tərəqqinin yoxluğu türk-erməni dialoqunun dondurulmasına gətirmiş oldu və bu da öz növbəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına iflic edici təsirini göstərdi. 

Aşağıdakı xronikadan göründüyü kimi, 2009-cu ilin ikinci yarısından başlayaraq Azərbaycan və Ermənistan prezidentlərinin çoxsaylı görüşü (10 belə təmas olub) Rusiya prezidenti Medvedyevin təşəbbüsü və iştirakı ilə üçtərəfli formatda keçib. Lakin bu da əhəmiyyətli dönüşə gətirməyib. Rusiyanın "kuratorluğu” nəticəsiz bitib və mümkündür ki, sülhməramlı təşəbbüskarlıq Vaşinqtona və ya ABŞ-AB tandeminə keçir. Ancaq estafet oyunu hansısa real nəticələrə gətirəcəkmi, yoxsa biz sonsuz və nəticəsiz "danışıqlar serialı”nın yeni həlqəsinin şahid olacağıq?     

PREZİDENTLƏR ARASINDA GÖRÜŞLƏRİN XRONİKASI (2004-2013)

11 yanvar 2004 - Cenevrədə prezidentlər İlham Əliyevlə Robert Köçəryan arasında ilk görüş keçirilib. Görüş tanışlıq xarakteri daşıyıb, həmsədrlərin iştirakı ilə başlayıb, təkbətək davam edib.
 
28 aprel 2004 - Varşavada Avropa İqtisadi Forumu çərçivəsində Ermənistan və Azərbaycan prezidentləri arasında görüş olub. Görüşün əvvəlində həmsədrlərin iştirakı ilə qısa söhbət olub, ardınca dövlət başçıları görüşü təkbətək davam etdiriblər. 

15 sentyabr 2004 – Astanada prezidentlərin seriya görüşləri olub. Birinci təmasda həmsədrlər də iştirak edib, sonra prezidentlərin görüşü 3 saatadək çəkib. Ardınca söhbətə Rusiya prezidenti Putin qatılıb. Onun etirafına görə, görüş heç bir nəticə verməyib.   

15 may 2005 – Yenə Varşavada, Avropa Şurası ölkə başçılarının sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdə vasitəçilər iştirak edib. Sonra prezidentlər təkbətək söhbət ediblər. Görüş 3 saat çəkib. Mətbuat üçün bəyanat verilməyib.   

27 avqust 2005 – prezidentlər Kazanda görüşüblər və həmsədrlərlə birgə Paris prosesi çərçivəsində nizamlamanın konkret yollarını müzakirə ediblər. Sonra görüş тет-а-тет formada davam etdirilib. 

10-11 fevral 2006 – Fransada (Rambuye) prezidentlərin intensiv danışıqları olub və 8 saatdan çox çəkib. Fevralın 10-da prezidentlər həmsədrlərlə bir araya gəliblər, sonra isə təkbətək söhbət ediblər. Fevralın 11-də iki ölkənin XİN başçıları görüşüb, daha sonra prezidentlər arasında danışıqlar gedib.

4-5 iyun 2006 – Buxarestdə iki ölkə prezidentlərinin görüşü keçirilib. Görüş XİN rəhbərlərinin, ATƏT-in icraçı sədri və həmsədrlərin iştirakı ilə başlayıb və təkbətək davam etdirilib. Yenə də tərəflər mətbuata heç bir açıqlama verməyiblər. 

9 iyun 2007 – Sankt-Peterburqda, MDB-nin qeyri-formal sammitində Azərbaycan və Ermənistan prezidentləri bir araya gəliblər. Öncə prezidentlər göz-gözə ünsiyyətdə olublar, sonra isə görüş XİN rəhbərləri və həmsədrlərin iştirakı ilə davam etdirilib. 3 saatlıq danışıqlardan sonra mətbuata üçün aşıqlama verilməyib. 

4 iyun 2008 – yenə Sankt-Peterburqda prezident İlham Əliyevin Ermənistanın yeni prezidenti Serj Sərkisyanla ilk görüşü olub. Görüş öncədən tanışlıq xarakteri daşıyıb.  

2 noyabr 2008 – Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü olub. Görüş Moskva bəyannaməsinin imzalanması ilə yekunlaşıb. Bu, 1994-cü ilin mayında təsdiqlənmiş atəşkəs rejimi haqda sənəddən sonra münaqişə tərəflərinin imzaladığı ilk sənəd idi. 

28 yanvar 2009 – Sürixdə, Davos Ümumdünya İqtisadi Forumuna qatılmış prezidentlər arasında görüş olub. Nəticə əldə olunmayıb.       

7 may 2009 – Praqadakı ABŞ səfirliyində iki ölkə prezidentlərinin növbəti görüşü keçirilib. Bu görüşə həmsədrlər danışıqlar prosesində böyük irəliləyiş baxımından böyük ümidlər bəsləyirdilər. Ancaq Praqa görüşü açıq-aşkar uğursuzluğa düçar oldu.

4 iyun 2009 – yenə Sankt-Peterburqda, iqtisadi forum çərçivəsində prezidentlərin yeni görüşü baş tutub. Lakin u görüş də ümidləri doğrultmayıb və onun yekunlarına dair hər hansı açıqlama verilməyib.
  
17-18 iyul 2009 – Moskvada prezidentlər növbəti dəfə bir araya gəliblər. Birinci gün təmas ikitərəfli formatda, ikinci gün isə Rusiya prezidentinin iştirakı ilə reallaşıb. Həmsədrlərin xəsis açıqlamalarına görə, bu görüş də əhəmiyyətli nəticələr verməyib.

8 oktyabr 2009 – Kişinyovda, ABŞ səfirliyində, MDB-nin sammiti ərəfəsində Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti danışıqlar keçirilib. Gözlənildiyi kimi, müzakirələr real nəticələrə gətirməyib. Bununla belə, vasitəçilərin qiymətləndirməsinə görə, prezidentlər bir sıra məsələlər üzrə anlaşma əldə ediblər.

22 noyabr 2009 – Münhendə növbəti (il ərzində 6-cı) görüş olub. Həmsədrlər ümidli idilər ki, bu görüş "Madrid sənədi”nin baza prinsipləri əsasında anlaşma əldə olunması yolunda mühüm addım olacaq. Ancaq bu gözləntilər də doğrulmadı.
 
25 yanvar 2010 – Soçidə Moskvanın təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçirilib. Bu görüşə maraq həm də Qarabağ prosesində irəliləyiş zəruriliyini diktə edən türk-erməni dialoqundakı ratifikasiya pauzası ilə əlaqədar idi. Soçi danışıqları Rusiya XİN başçısının bəyanatı ilə yadda qaldı. Bəyanatda tərəflərin Madrid sənədinin preambula hissəni razılaşdırdıqları bildirilirdi.

17 iyun 2010 – yenə Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq İqtisadi Forum çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti üçtərəfli görüşü keçirilib. Təmasla bağlı əsas gözlənti danışıqlar prosesinin aqibəti ilə bağlı idi – proses davam edəcək, ya yox? Bundan çıxış edərək, demək olar ki, münaqişə tərəflərinin danışıqlar prosesini davam etdirməyə hazır olması görüşün başlıca "konstruktiv” yekunu qismində etiraf edildi.  

27 oktyabr 2010 – Həştərxanda Medvedyevin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin bu il ərzində növbəti (üçüncü) görüşü baş tutub. Dmitri  Medvedyevin nikbin açıqlamalarına rəğmən, bu təmas da prosesə hansısa əhəmiyyətli yenilik və irəliləyiş  gətirməyib.

5 mart 2011 - Soçidə Moskvanın təşəbbüsü ilə üç ölkə prezidentləri arasında daha bir görüş baş tutub. Görüşün yekunlarına dair birgə bəyanat qəbul edilib. Bəyanatda tərəflərin sülh prosesini davam etdirməyə hazır olduğu bildirilir. 

24 iyun 2011 – Kazanda Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında növbəti üçtərəfli təmas olub. Danışıqlar nizamlamaya dair əsas prinsiplərlə bağlı anlaşmanın əldə olunmaması ilə yekunlaşıb, hərçənd tərəflər bu hədəfə doğru yolda tərəqqi olduğunu söyləyiblər. 

23 yanvar 2012 – prezident Medvedyevin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Soçidə növbəti (sayca onuncu) görüş olub. Lakin nəticəsiz bitib. 

19 noyabr 2013 – danışıqlar prosesində uzunmüddətli fasilədən sonra Avstriyanın timsalında Vyanada prosesə canlanma vermək üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. 

.

Müsavat

.

Maybe you are interested in:

Ceyms Uorlik: “İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”

Vasitəçilərin ünvanına ittihamlr Bakı və Yerevanın siyasi iradəsinin olmadığını göstərir – ATƏT MQ

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

Aprelin sonlarında Fransa prezidenti Ermənistan və Azərbaycana səfər edəcək

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz