Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycanda terror təhlükəsi - ölkə qarışa bilər?

Ekspertə görə, radikal qruplar bir qayda olaraq xariclə bağlı olur...
Xəbər verildiyi kimi, Azərbaycanda ilahiyyatçı Hacı Şahin Həsənliyə qarşı sui-qəsd çağırışı edən iki nəfər həbs olunub. MTN-in yaydığı açıqlamada saxlanılan şəxslərin terror planlaşdırdığı, amma özlərindən asılı olmayan səbəblərdən bunu reallaşdıra bilmədikləri qeyd olunur.
Bu arada Azərbaycanın şimal sərhədlərinə yaxın rayonlarında müəmmalı partlayışlar da baş verməyə başlayıb. Buna görə də diqqət həmin ərazilərə yönəlib. Şahin Həsənlini təhdid edənlərin hansı məzhəbə qulluq etdikləri bəlli olandan sonra müəmmalı partlayışlarda da xəvariclərin adı hallanmağa başlayıb. Bəs kimdir xəvariclər?
Sualla müraciət etdiyimiz dini ekspertin sözlərinə görə, Azərbaycanda sələfilik ötən əsrin 90-cı illərində yayılmağa başlayıb. 90-cı illərin sonu, 21-ci əsrin ilk illəri sələfilər üçün parlaq dövr sayıla bilər. Ancaq məhz bu sürətli böyümə dövründə sələfi axını daxilində parçalanma yaranır. Xüsusən də bu axının yerli liderlərindən narazılıq parçalanmalara təsir edirdi.
Əsasən Səudiyyə universitetlərində təhsil almış yerli sələfi liderlər nisbətən yaxşı təmin olunur, xaricdə və ölkə daxilində gəlir mənbələrinə sahib olurdular. Yeri gəlmişkən, ənənəvi sələfi liderlərin özlərinin arasında vaxtaşırı nüfuz və gəlir uğrunda ixtilaflar meydana çıxır. Ancaq xəvaricin narazılığı daha konkret və sərt idi. Şərti olaraq xəvaric (bu adı onlara qarşı tərəf verib, onlar özlərini bu cür adlandırmırlar) deyilən narazılar sələfi liderlərin hakimiyyətə, o cümlədən Azərbaycandakı mövcud dini-siyasi vəziyyətə loyal yanaşmasını tənqid edirdilər.
Xəvaricin iddiasına görə, hakimiyyət Allaha məxsusdur və bu mənada islamçı olmayan bu hökumət leqal ola bilməz. Eləcə də sələfilərin hakimiyyətə loyal münasibəti dini anlamda küfrdür (təkfir etmə). Sələfilər arasında parçalanmanın pik nöqtəsi Hacı Qamət Süleymanovun rəhbərliyi altında "Əbu Bəkr” məscidində mərhum dövlət başçısı Heydər Əliyevə cənazə namazı qılınması olur. Narazı sələfilər Qaməti "dindən çıxmış” elan edirlər. Və o zamana qədər olan gizli parçalanma artıq qətiləşir.
Sələfilərin "xarici” adlandırdığı qrup məscidə gəlmir və yaxud az-az gəlməyə başlayır. "Xaricilər” daha çox evlərdə toplaşır, xüsusən toy məclislərində bir araya gələrək, öz ideyalarını və sərt tənqidi çıxışlarını ortaya qoyurlar. "Xaricilər” savad və dini təhsil baxımından zəif olsalar da, mövcud sünni-sələfi doktrinləri baxımından güclü dəlillərə sahib idilər. Bu mənada iki qrup arasında ideoloji mübahisələr uzun müddət davam edirdi. 2008-ci ildə sələfilərin əsas mərkəzi olan "Əbu Bəkr” məscidinin partladılması da xaricilərin nifrətinin təzahürü idi.
"Xəvaric” nə istəyirdi? Qeyd etmək lazımdır ki, ümumi olaraq "xarici” adlandırılsa da, bu cərəyan yekdil deyil. Əsasında narazılıq, klassik bolşevik nəzəriyyəsi olan "mənim kimi düşünmürsən, deməli, düşmənsən” prinsipi müasir xaricilər üçün uyğun termin ola bilər. Xariciliyin kökündə inkarçılıq, özü kimi düşünməyənə nifrət dayandığından bu cərəyan sürətlə parçalanıb. Eyni zamanda mayasında narazılıq və nifrət dayanan xaricilik hər zaman zora meylli olub.
İstefada olan MTN zabiti İlham İsmayıl bildirib ki, bu gün də MTN radikal dindar qruplaşmalara qarşı əməliyyat şəraitini ciddi şəkildə nəzarətdə saxlayır. Bununla belə, o, radikal qruplaşma üzvlərinin təhdidlərinin ciddiyə alınmalı olduğunu deyir: "Bu, bəlkə də MTN-in ən yüksək səviyyədə əməliyyat nəzarətində saxladığı sahələrdən biridir. Məhz radikal dindar qruplaşmalara qarşı əməliyyat şəraitini MTN ciddi şəkildə nəzarətdə saxlayır. Zaman-zaman Rusiyanın Dağıstan Respublikası ərazisindən vaxtilə xeyli miqdarda terrorçu keçib və yaxud da yerli əhali ora ilə kontaktda olduğuna görə nəticədə burda radikal dindarlar əmələ gəlib. Bu, onlardan biridir və onlar zaman-zaman üzə çıxırlar. Amma bunların kütləviliyi yoxdur. Lakin onlar daha çox terrora meylli qüvvələrdir. Bu, çox təhlükəlidir”.
İ.İsmayılın sözlərinə görə, hazırda təhdidlərin arxasında xarici qüvvələrin olduğunu demək olmasa da, bu cür qruplar bir qayda olaraq xariclə bağlı olur. Onun fikrincə, Azərbaycanda məzhəbi qarşıdurma yaratmaq cəhdləri müşahidə olunmağa başlayıb, son hadisələr zəif də olsa bunun işartısı sayıla bilər: "Bu gün Şimali Qafqazda radikal dinçi qruplar Rusiya kimi böyük bir dövlətə təhlükə yaradıblar. Şimali Qafqazda müharibə vəziyyəti yaranıb. Öz ideyaları və maliyyə qaynaqları vasitəsilə çeçen millətçiləri və digər Şimali Qafqaz xalqları arasında tərəfdarlar toplayaraq Rusiya kimi nəhəng bir dövlətə problemlər yaradırlar. Bu istiqamətdə onların xətti Azərbaycanda da davam edə bilər”.

.

musavat.com

.

Maybe you are interested in:

Nardaran hadisələri zamanı ölənlərin və həbs edilənlərin adları bəlli olub

Türkiyədə davam edən siyasi savaşda “Azərbaycan izi”

Suriya müharibəsi Azərbaycanı təhlükəyə saldı

İqtidar terror təhlükəsinə qarşı hərəkətə keçdi

Qusarın deputatı: “Terror törətmək istəyirlər”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz