Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycanda sabitlik diaqnozu…

Prezident İlham Əliyev jurnalistlərlə görüşündə sabitlik və təhlükəsizlik barədə də danışıb. Dövlət başçısının fikrincə, artıq belə həyat tərzi bizim üçün vərdişə çevrilib: "Ola bilər ki, ölkədə gedən müsbət proseslər, insanların rifah halının yaxşılaşması, ümumiyyətlə, sabitlik, sakitlik, təhlükəsizlik - bütün bu amillərə biz, necə deyərlər, artıq vərdiş etmişik”.
Cəmiyyətin aqressiyasını görmək üçün…
Həmçinin dövlət başçısı qeyd edib ki, xarici qonaqlar onunla görüş zamanı Bakıda insanların üzündə gördükləri təbəssümü vurğulayırlar. Həqiqətən də cəmiyyətdə təhlükəsizlik hissi insanların davranışına yaxşı mənada təsir edir və belə cəmiyyətlərdə insanların üzündə səmimi təbəssüm hər addımda rast gəlinən mənzərədir. Şübhəsiz ki, xarici qonaqlar rəsmi qəbullar zamanı belə fikirləri həqiqətən də səsləndirirlər. Prezident səviyyəsində qəbul olunan xarici qonaqların hər addımda təbəssümlə qarşılanması normal haldır.
Lakin, mən o qonaqları ictimai nəqliyyatdan istifadə etməyə, sükan arxasında oturub tıxaclarda avtomobil idarə etməyə və yol polisi ilə rastlaşmağa, hüquq-mühafizə orqanlarında və ya hər hansı başqa dövlət qurumunda şikayətçi kimi məmurların qəbul otağına müraciət etməyə, izdihamlı yerlərdə kiminləsə çiyin-çiyinə toqquşmağa və s. formada ünsiyyətə dəvət edirəm. O zaman hörmətli qonaqlarımız hər addımda rastlaşdıqları təbəssümün necə yoxa çıxdığını görəcəklər. Bu, illərdən bəri cəmiyyətin daxilində yığılıb qalmış aqressiyasıdır, sabitlik adlandırılan sərt nəzarət üzündən mütəşəkkil şəkildə üzə çıxa bilmir və bu üzdən hər addımda ayrı-ayrı epizodlar şəklində özünü göstərir.
Avropanın sabitliyi bizdə də varmı?
"Sabitlik” ifadəsi siyasi debatlarda güclü bir arqumentdir. Əsrlik demokratiya təcrübəsi olan ölkələrdə də hakimiyyət müxtəlif istiqamətlərdə sabitliyin mövcudluğunu və möhkəmlənməsini siyasi rəqiblərinə qarşı arqument kimi ortaya qoyur. O da faktdır ki, sabitliyin Azərbaycanda müşahidə etdiyimiz variantı da ölkə əhalisinin əhəmiyyətli bir hissəsini razı salır. Amma qeyd etdiyimiz kimi, söhbət sabitliyin Azərbaycan versiyasından gedir. Biz cəmiyyətin sıravi üzvləriyik və sabitliyin "dadını ilk növbədə çıxaranların” sırasındayıq. Bu üzdən istər-istəməz soruşmalı oluruq: Bizi əhatə edən sükut həqiqətənmi sabitlikdir?
Bu gün İsveçrə, Danimarka və ya Hollandiyanın ictimai-siyasi və sosial-iqtisadi sabitliyini Azərbaycanla müqayisə etsək, zahirən ciddi fərqlər tuta bilməyəcəyik. Amma yenə də o ölkələrlə eyni dərəcədə sabitliyə sahib olduğumuza inanmayacağıq. Hər birimizdə belə bir əminlik var ki, bizim sabitlik o ölkələrin sabitliyindən fərqlidir. Əgər tutarlı fərqlər görə bilmiriksə, nədən o ölkələrlə eyni dərəcədə sabitliyə sahib olduğumuzu şübhə ilə qarşılayırıq? Çünki yaxşı başa düşürük ki, haradasa fərq var. Bəs harada?
"Sabitlik həkimləri”ni aldadan simptomlar
Əvvəlcə belə bir misala baxaq: Təbabətdə astma da daxil olmaqla 17 xəstəlik var ki, onların zahiri simptomları bir-birinə bənzəyir. Adətən, həkimlər ilk olaraq "astma” xəstəliyindən şübhələnirlər. Məsələn, sinusit, ağciyərlərin emboliyası, stenokardiya, xroniki bronxit, kəskin ürək çatışmazlığı, bronxogen xərçəng və bir sıra başqa xəstəliklər zahiri əlamətlərinə görə astma xəstəliyini xatırladır. Amma diaqnostika prosesindən sonra 17 müxtəlif diaqnoz ortaya çıxa bilər. Eynilə Azərbaycanın sabitliyi də Avropanın sabitliyi ilə eyni simptomları büruzə verir, əslində isə ətraflı diaqnostika tam başqa bir "xəstəliyi” üzə çıxarır.
Sabitlik nədir?
Əslində cəmiyyətin fəaliyyət istiqamətləri üzrə sabitliyin nəzəri izahının verilməsi metodu yoxdur. Sabitlik nəzəriyyəsi riyaziyyat sahəsinə aid məsələdir. Amma bu nəzəriyyənin prinsipləri cəmiyyətin də bütün fəaliyyət istiqamətləri üçün doğrudur. Riyazi nəzəriyyə olaraq sabitlik kifayət qədər mürəkkəb termindir və bu barədə qalın-qalın kitablar yazılıb. Amma qısaca olaraq təsəvvür yarada bilərik. Sabitlik nəzəriyyəsi ilkin şərtlərə edilən kiçik dəyişikliklərdən sonra yekun nəticənin də sabit olaraq kiçik miqyasda dəyişməsini nəzərdə tutur. Məsələn, "istilik bərabərliyi” sabitlik nəzəriyyəsinə uyğun gəlir. Kondisionerin istilik göstəricisini 5 dərəcə artırsanız, bir müddətdən sonra otağın bütün nöqtələrində təxminən eyni dərəcədə temperatur artımı baş verəcək. Buradan çıxış edərək deyə bilərik ki, ilkin şərtlərdə yer alan kiçik dəyişikliklərin nəticə etibarilə böyük fərqlərə səbəb olması artıq qeyri-sabitlik əlamətidir.
Cəmiyyət də o zaman sabit sayılır ki, hər hansı kiçik hadisələr böyük çalxalanmaya səbəb ola bilməsin. Yəni ilkin şərtlərdə yer alan dəyişikliklərin nəticəsi o dəyişikliklərin miqyasına uyğun olsun.
Tunis və İsveç arasında sabitlik fərqi
Tunisdə bir küçə ticarətçisinin özünü yandırması ölkə boyunca qiyamla və hakimiyyət dəyişikliyi ilə nəticələndi. Halbuki o hadisədən əvvəlki illərdə Tunisin sabitliyi ilə İsveçin sabitliyi arasında heç bir simptomatik fərq tapa bilməzdiniz. Amma bir adamın intiharı ölkədə sakitliyi alt-üst edə bildisə, deməli, əslində Tunisdə sabitlik yox imiş. İsveçdə isə bir şəxsin etiraz əlaməti olaraq özünü yandırması heç bir halda ümumxalq qiyamına gətirib çıxara bilməz. 
Bu yerdə İsmayıllı iğtişaşlarını xatırlatmaq yerinə düşər. Bir nazir oğlunun yerli camaatla dalaşması sabit ölkələrdə sadəcə, çoxsaylı münaqişələrdən biri olaraq ötüşüb keçərdi. Uzaqbaşı bu məsələ medianın diqqətini cəlb edərdi və günahkar öz cəzasını alardı. Amma Azərbaycanda bu kiçik hadisənin necə böyük nəticələr doğurduğunu hamımız gördük. Eynilə Qubada icra başçısının təhqiramiz çıxışı bütün rayonu ayağa qaldırdı. Halbuki ABŞ-da bir şəhər merinin bütün şəhər əhalisini təhqir etməsi, sadəcə, həmin merin öz məsuliyyəti olaraq qabul edilərdi və onun istefası ilə məsələ həllini tapardı.
İctimai-siyasi sabitlik, yoxsa polis nəzarəti?..
Sabitlik cəmiyyətin müxtəlif fəaliyyət istiqamətlərinə aid edilən ifadədir. Bunun ictimai-siyasi, sosial-iqtisadi, kriminogen və s. kimi növləri var. Azərbaycan kiçik bir ölkədir. Ölkənin bu başından o biri başına avtomobillə maksimum 7-8 saata getmək olur. Belə ölkələrdə sabitliyin qorunması böyük ölkələrlə müqayisədə daha asandır. Amma nədənsə Azərbaycan polis işçilərinin sayına görə dünyada ön sıralardadır. Dünyanın böyük dövlətlərində hər 100 min nəfərə düşən polis sayının çox olması normal haldır. Məsələn, Rusiyada hər 100 min nəfərə 976 polisin düşməsini bəlkə də izah etmək olar. Çünki belə ölkələrdə kriminogen duruma nəzarət etməyin öz mürəkkəblikləri var. Amma, məsələn, kiçik ölkələr olan Norveçdə bu rəqəm 158-ə, Finlandiyada isə 154-ə bərabərdir. Azərbaycanda hər 100 min nəfərə 460 polis işçisi düşür. Halbuki Fransa kimi böyük bir ölkədə bu rəqəm 369-a, Yaponiyada isə cəmi 197-yə bərabərdir.
Həmçinin gələn il dövlət büdcəsinin adambaşına düşən xərcləri 2230 manat təşkil edəcək. Amma hüquq-mühafizə orqanlarının hər bir işçisinə orta hesabla 25 min manata yaxın vəsait ayrılır. Təbii ki, bu vəsaitə müxtəlif xərclər daxildir, bununla belə, bu qədər böyük bir fərq istənilən halda əsaslı deyil. Əgər doğrudan da ictimai-siyasi və kriminogen sabitlik varsa, bu qədər polis saxlamaq və digər sahələrlə müqayisədə qat-qat çox büdcə vəsaiti xərcləmək nəyə lazımdır?
Sosial-iqtisadi sabitliyə "neft zərbəsi”
Sosial-iqtisadi sabitliyin kövrəkliyini isə neft hasilatının azalmasından sonra aydın şəkildə gördük. Büdcə kəsiri qəfildən 2,4 dəfə artdı, hökumət artıq yanacağın, sərnişindaşıma və kommunal xidmətlərin bahalaşdırılması, vergi və gömrük rüsumlarının artırılması kimi variantları gözdən keçirir. Bu variantların hər biri əhalinin gəlirlərinin bir hissəsini dövlət büdcəsinə cəlb etməyi nəzərdə tutur. Yəni sadəcə, neft hasilatının azalması ölkə əhalisinin sosial vəziyytinin ağırlaşmasını şərtləndirirsə, deməli, ölkədə sosial-iqtisadi sabitlik möhkəm deyil.
Sabitliyi pozmaq hüququ
Azərbaycanda mütəşəkkil cinayətkarlığın qarşısının alınması hökumətin qürurla xatırlatdığı bir haldır. Bəlkə də həqiqətən də belədir: Biz öz evimizə hər hansı mütəşəkkil silahlı dəstənin basqınını gözləmirik. Amma evimizə hər an basqın gözləyirik: Hər gecə Dövlət Neft Şirkətinin buldozerlərinin basqınına məruz qalmaq qorxusu altında yuxuya gedənlər azdırmı? İstənilən an evinizə və ya iş yerinizə silah və ya narkotik maddə atılaraq həbs olunmaq təhlükəsi altındasınızsa, o zaman kriminogen durumun sabitliyi sizin üçün heç bir anlam daşımır. Yaxud hansısa həbsxanada işgəncə altında öldürülən məhbusun qohumlarını sabitliyin mövcudlğuna necə inandırmaq olar? Belə çıxır ki, Azərbaycanda kriminogen sabitliyi istədiyi vaxtda, məkanda və miqyasda pozmaq hüququna malik olan dövlət orqanları var və mahiyyət etibarilə bunun mütəşəkkil cinayətkarlıqdan fərqi o qədər də böyük deyil…Sabitlik həm də sabahı görmək imkanı deməkdir
Amma sabitlik heç də bu günümüzün faktlarından ibarət deyil. Sabitlik həm də cəmiyyətin sabahını proqnoz etmək imkanlarını nəzərdə tutur. Əminliklə deyə bilərik ki, Avropada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət elə 10 ildən sonra da indiki kimi olacaq. Bunu Azərbaycan haqqında da rahatlıqla deyə bilərikmi?..

.

bizimyolinfo.com

.

Maybe you are interested in:

Oruclu: Ermənistan, İran və Rusiya Azərbaycanın xarici kəşfiyyatının əsas prioritetləridir

Mirvari Qəhrəmanlı: Dövlət Neft Şirkəti əlsiz-ayaqsız bir quruma çevrilib

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Bakıya gəlib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz