Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Qaçaq neftin arxasından kimin adı çıxacaq?

Xəzər dəniz gəmiçiliyinin keçmiş rəhbərinin oğlunun müəmmalar dolu biznesi

"İslam Səfərli”, "Mühəndis Mustafa Əli”, "Naftalan”... Bu adlar yəqin Azərbaycan gündəmini izləyən oxuculara çox söz deyir. Təkcə bu il ərzində mətbuata məlum olan (məlum olmayanların da olması ehtimalı böyükdür) neft qaçaqmalçılığına görə saxlanılan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Idarəsinə (AXDGI) məxsus gəmilərdir. Gəmilərin adı rəsmi Dövlət Gəmi reyestrindən dəqiqləşdirilib.
Onlar öz sularımızda və Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən Rusiya sularında (dəqiq desək, Mahaçqalada) saxlanılıblar. Azərbaycan tərəfi müxtəlif vaxtlarda saxlanılan gəmilərin qaçaqmalçılıqla məşğul olması barədə israrla susmağa davam edir.
Bəzi səlahiyyətli şəxslər Azərbaycan tərəfdə sənədləşmənin qaydasında olduğunu, düzgün aparıldığını, problemin Dağıstanda olduğunu, bəziləri AXDGI-nin sadəcə daşıyıcı, yükün sifarişçilərə məxsus olduğunu bildirirlər.
Saxlanılan qaçaqmala hələ ki, heç bir sifarişçı sahib çıxmır. Mal qalıb ortada... Bəs "düzgün” aparılan sənədləşmədə sifarişçinin adı göstərilməli deyilmi? Məsələdə suallar çoxdur. Azərbaycan rəsmiləri suallarımıza cavab vermədikləri üçün mən "Naftalan” tankerinin saxlanıldığı Dağıstan Respublikasının Federal Təhqiqat Xidmətinə(FTX) müraciət etdim. Təəssüf ki, ordan da suallarımızı Azərbaycan tərəfinə yönəltməyi xahiş etdilər. Dağıstan FTX-nin gəmilərin həbsindən sonra RIA NOVOSTI-yə verdiyi açıqlamadansa bəlli olur ki, gəmilər Mahaçqaladan Səngəçal limanına gəlirmiş. Sənədləşməyə əsasən gəmidə 4,5 min ton mazut olmalıymış. Amma tankerdən götürülən mayenin laboratoriya təhlili göstərib ki, tanker xam neftlə yüklənib. Ehtimal olunur ki, daşınan neft Xəzərin Həştərxan şelfində çıxarılıb və Bakı-Novorossiysk kəmərinə vurulmaq üçün nəzərdə tutulubmuş. 
FTX-nin məlumatına görə, məhsul saxlanılan anda Rusiyada neftin bir tonunun qiyməti 10218 rus rublu (424 AZN), ümumi tankerdə müsadirə olunan neftin məbləği isə 45 milyondur (təxminən 19 milyon AZN). Bu fakt üzrə Rusiya Cinayət Məcəlləsinin 226.1 maddəsinin 1-ci bəndinə - "Strateji ehtiyatların qaçaqmalçılığı” - əsasən cinayət işi başlayıb. 
Bəzi mənbələrin verdiyi məlumata əsasən, "Naftalan” tankeri Mahaçqala limanında saxlanılır və onun buraxılması üçün Aydın Bəşirovdan 5 milyon manat rüşvət istənilir. Amma bu məlumatı dəqiqləşdirmək mümkün olmadığı üçün biz dəqiqləşdirdiyimiz faktlarla davam edək.
Aydın Bəşirovun "gül” balası

Mənbələr neft qaçaqmalçılığının arxasında AXDGI-nin keçmiş rəisi Aydın Bəşirovun oğlu Ilqar Bəşirovun dayandığını deyirlər. Ilqar Bəşirovun qaçaqmalçılıqda iştirakını təsdiqləyən faktlar hələ ortalıqda yoxdur. 
Araşdırma zamanı əldə etdiyimiz faktlar hələ ki, yalnız onu təsdiqləyir ki, Ilqar Bəşirov atasının rəhbərlik etdiyi sahəyə aid biznes qurub və bu biznesi silah, narkotik qaçaqmalçılığı qalmaqallarında adı hallanan qaranlıq keçmişli ortaqlarla işlədir. 
Ilqar Bəşirovun biznesinin coğrafiyası Türkiyə, Rusiya və Böyük Britaniyanı əhatə edir. Tikinti, turizm kimi sahələrdə fəaliyyət göstərən şirkətləri olsa da, Ilqar Bəşirovun əsas fəaliyyət sahəsi dənizçilik və gəmiçilikdir. 
Ilqar Bəşirovun Facebook səhifəsi və mətbuatda yazılanlar onun özünün Istanbulda lüks həyat yaşadığını göstərir. Beləliklə,
Şirkətlər və ortaqlar
"Sail Trading Denizçilik ve Ticaret Limited” Rusiyada və Türkiyədə fəaliyyət göstərir. Şirkət hazırda 12 yük və sərnişin daşıyan gəmiyə sahibdir ki, gəmilərin qiyməti 5-15 milyon dollar arasındadır. Gəmilərin hər birinin sadəcə bir gün üçün icarə haqqı 5-10 min dollar dəyərində hesablanır. Adi riyazi hesablama göstərir ki, təkcə "Sail Trading” şirkətindəki gəmilərə Ilqar Bəşirov 100 milyon dollardan çox vəsait yatırıb. Bu vəsaitin mənbəyi naməlumdur.
Ilqar Bəşirovun biznesi artıq bir çox beynəlxalq gəmiçilik sərgilərində, forumlarında təmsil olunur. 
Ilqar Bəşirovun şirkətlərinin bəziləri dənizdə qazmaçılıq, təmir-tikinti, gəmi təmiri işini də əsas fəalliyyət sahəsi kimi göstərib. Aydın Bəşirovun AXDGI-nin rəisi vəzifəsindən azad edilən kimi əməkdaşların mətbuata verdiyi açıqlamalardan görünür ki, Idarə əsas təmir-tikinti işlərinin sifarişini Ilqar Bəşirovun şirkətlərinə verirmiş. Eyni zamanda verilən məlumata görə, tamamilə yararsız 30 tankerin də təmiri sifariş olunubmuş ki, yeni rəis təyin olunan kimi onların doğranıb metalloma verilməsi göstərişini verib. Bu faktlar mətbuatda müxtəlif şəxslərin adından verilən müsahibələrdə öz əksini tapıb. 
Türkiyədə "TAILA Ithalat Ihracat Limited” şirkəti vasitəsilə restoran biznesi ilə də məşğul olan Ilqar Bəşirovun burdakı ortağı Nigar Bəşirovadır. Amma başqa şirkətlərdəki ortaqlarını araşdırarkən çox maraqlı faktlar da qarşımıza çıxdı.
İlqar Bəşirovun sirli ortağı
Ilqar Bəşirovun ortaqlarından birinin adı həm də silah və narkotik qaçaqmalçılığında hallanır. Daha ətraflı desək, "Kent Dənizçilik Limited” və "Sail Traide Denizçilik və Ticaret Limited” şirkətlərindəki pay ortağı Sabahattin Su adlı bir türkdür. Adı çəkilən şəxsin offşor zonalarda şirkətləri də var. Əvvəl ortaq olduğu şirkətlərdən biri və o şirkətdəki ortağı olan Bəkir Çələng narkotik və silah qaçaqmalçılığında ittiham olunub, hətta həmin şəxs bu ittihamla həbs olunub, saxlanıldığı həbsxanada vəfat edib.
Sabahattin Sunun adının hallandığı başqa bir narkotik və silah qaçarmalçılığı qalmaqalı da var. Su Türkiyə kriminal dairələrində "Ince Mehmet” kimi tanınan Məhmət Cantaşaməxsus "Sutas Shipping Services LTD” şirkətinin baş direktoru olub və Cantaş narkotik və silah qaçaqmalçılığına görə ittiham olunanda "mənim xəbərim olmayıb” deyib, məsuliyyətdən yayınıb. Su, Türkiyənin məşhur araşdırmaçı jurnalisti Uğur Mumcuya verdiyi müsahibəsində də "xəbərim olmayıb, şirkətdən ayrılıram” deyib. Mumcunun 1983-cü ilin fevral-mart aylarında "Cümhuriyyət” qəzetində dərc olunan araşdırması bir ucu məşhur terrorçu Mehmet Ali Ağcaya gedib çıxan silah və narkotik qaçaqmalçılığı barədə idi.   
Həmin Sabahattin Su Ilqar Bəşirovun rəhbəri və təsisçisi olduğu "Kent Shipping” şirkətinin Böyük Britaniyada ilk qurucusu olub və hazırda iki şirkətdə - "Kent Dənizçilik Limited” və "Sail Trading Denizçilik ve Ticaret Limited” - şirkətlərində onun ortağıdır.
Offşorlardan Sinaqoqa qədər
Böyük Britaniyada qeydiyyatdan keçən başqa bir şirkət "Eurocaspian construction&Traiding LTD”dir. Bu şirkətdə də Bəşirovun maraqlı bir ortağı var. 
Əfrayım Kəbudi məşhur offşor şirkətlərin qurucusu kimi tanınır. Türkiyədə saysız şirkətlərə sahib olan Kəbudi həmçinin Neve Şalom sinaqoqu fondunun IH üzvlərindən biri olub və bu gün də həmin fondun əsas ianəçilərindən biridir. Fonda göstərdiyi maliyyə dəstəyinə görə dəfələrlə mükafata layiq görülən Kəbudi Türkiyənin yəhudi icmasının onurğa sütunlarından biri sayılır.
2001-ci ildə Böyük Britaniyada Aydın Bəşirovun oğlu Ilqar Bəşirovla "Euro-Caspian Construction&Trading LTD” şirkətini quran Kəbudi ofşor şirkətlərə xarakterik özəlliklə bir neçə böyük layihə həyata keçirəndən sonra şirkəti bağlayıb. Amma eyni sahədə fəaliyyətini başqa şirkətlər açaraq davam etdirib. Bu yəhudi fondlarının milyonçu ianəçisini azərbaycanlı Ilqar Bəşirovla nə birləşdirir? Sual açıq qalır.
Bu dəyirmanın suyu hardandır?
Sual yarana bilər ki, bu boyda neft ölkəsinə qaçaq neft nəyə lazımdır? Iqtisadçı ekspertlər Bakı-Novorossiysk kəmərində neft çatışmazlığına görə gətirilməsi ehtimalını çox da ağlabatan hesab etmədilər. Onların fikrincə, əsas səbəb "Azerilayt” markalı neftin gətirilən xam neftlə müqayisədə 8-10 dollar bahalı olmasıdır. Ehtimal budur ki, qaçaqmalçılıqla gətirilib, müəyyən qatqılar ediləndən sonra "Azərilayt” adı ilə satılan neftdən qalan fərq milyardlarla manat dəyərində ölçülür. Prosesdə iştirak edən tərəflərin ən böyük uduşu burdandır. Iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycan gətirilib, satışı SOCAR vasitəsilə reallaşan neftin gəliri və mənbəyi şübhə altına alınmır və belə yollarla da çirkli pulların yuyulması həyata keçirilir. Amma bir daha vurğulamaq istəyirik ki, bütün bunlar Azərbaycana qaçaq neft niyə gətirilir sualına cavab axtarılarkən ehtimal olunan variantlardır. Ümid edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti ən azı "Naftalan”la bağlı cinayət işini başa çatdıraraq bütün bu suallara da aydınlıq gətirəcək. 
Mövzu açıq suallarla doludur. Sualları hər kəsdən öncə Ilqar Bəşirov cavablaya bilərdi. Buna görə də sorğunu ona ünvanladıq. Cavab gəlmədi. Bəşirova Facebook səhifəsi vasitəsilə ünvanladığımız sualları bir daha burada yayımlayırıq. 
1.Dağıstanda saxlanılan "Naftalan” tankerində olan qaçaqmal neftin sizə məxsus olduğu söylənilir, bununla bağlı nə deyə bilərsiz? 
2.Rusiyada, Ukraynada, Türkiyədə, Böyük Britaniyada şirkətləriniz olub və var. Həmçinin sizi oliqarxlar sırasına aid edirlər. Şəffalıq üçün mümkünsə deyin, varidatınızın mənbəyi hardandır? Imkanlarınız ilk dövrdə hardan qaynaqlanıb?
3.Bəzi şirkətlərinizdə sizin ortağınız olan Sabahattin Sunun adı başqa ortaq olduğu şirkətlərdə silah və narkotika qaçaqmalçılığında hallanıb. Hətta ortaqları həbs də olunub. Sizin də bu işlərlə əlaqəniz varmı?
4.Atanızın Xəzər Dəniz Gəmiçilik Idarəsinin rəisi olması faktının sizin şirkətlərinizin böyüməsində nə kimi rolu var? 
5.Sizin biznesinizin onun işdən azad olunmasında nə kimi rolu var?

.

azadliq.info

.

Maybe you are interested in:

Tehran Xəzərdə neft-qaz yataqlarının birgə işlənməsini təklif edir

Bakı Rusiya və Türkiyə arasında barışıq üçün vasitəçi olmağı təklif edib

Ekspertlər Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi haqqında

Xəzərdə İran-Rusiya təlimatları

Söyün Sadıqovdan Qabil Hüseynliyə SƏRT SÖZLƏR

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz