Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Tələbər Təhsil Nazirliyini "topa tutdular"

Təhsil məmurları Facebook-da hansı sualları cavabsız qoydular?

Nazirliyin qarşısında kifayət qədər problemlər qaldırılsa da, onlara cavab gəlmədi
Bir neçə gün öncə Təhsil Nazirliyi "facebook" istifadəçilərinə müraciət etdi ki, nazirliyin sosial şəbəkədəki səhifəsində ali təhsillə bağlı suallar cavablandırılacaq:

"Hörmətli Facebook istifadəçiləri!
24-28 fevral 2014-cü il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Facebook səhifəsində ali təhsillə bağlı Sizi maraqlandıran suallara cavab veriləcək. Suallar operativ şəkildə şərhlər vasitəsilə cavablandırılacaq. İstifadəçilərdən xahiş olunur ki, təkrarlanan suallarla müraciət etməsinlər".

Bizimyol.info oxuculara həmin sual-cavabları təqdim edir. Təhsil Nazirliyinin facebook səhifəsinə kim nə yazdı? Kimi hansı sual maraqlandırır? Cavablar nə oldu?
Müvahid İsmayıl Əhmədov yazır ki, universitetdə 2007-2013 - cü illərdə təhsil alıb. Bilmək istəyir ki, magistraturaya nə zaman sənəd verə bilər? Və ən əsası, diplomu neçə il istifadə etməsə onun etibarlılığı bitə bilər? 

Təhsil Nazirliyinin cavabı: "Hörmətli Müvahid İsmayıl Əhmədov - Diplomun hüquqi qüvvəsi müddətsizdir. Magistraturaya sənəd qəbulu 21 fevral 2014-cü ildə başa çatıb. Artıq 2 mart 2014-cü ildə magistraturaya qəbul üzrə imtahanın birinci turu keçiriləcək".

Nurka RE niki ilə yazan istifadəçi onun sualının mövzudan kənar olduğunu deyir: "Buna görə üzr istəyirəm, ancaq bilmək istəyirəm ki, quduran və özbaşına direktorlarla necə işləyirsiniz? Elə bil məktəb və məktəblilər onların nökəridir. Siz necə rəhbərliksinizki bunlarla bir maraqlanmırsınız? Rüşvət də ki, dəhşətdir. Ancaq sizin adınızdan pul yığılır". 

Təhsil Nazirliyi bu sualı cavabsız qoyub. 
Şəbnəm Əhmədzadə adlı istifadəçini maraqlandıran isə qiyabi təhsilin niyə ləğv edilməsidir: "Bəs işləyərək oxumaq istəyənlər üçün nə düşünürsünüz?"
Təhsil Nazirliyinin cavabı: "Hörmətli Şəbnəm Ələkbərzadə - Qiyabi təhsil heç də ləğv edilmir. Təhsilin keyfiyyətini yüksəltmək məqsədilə bəzi ixtisaslar üzrə qiyabi şöbələrə tələbə qəbulu planı məhdudlaşdırılmışdır".

Ulli C-va adlı istifadəçi soruşur: "Əgər Boloniya sisteminin şərtlərinə görə alt qrupda oturanda pul ödəyiriksə, onda mühazirəyə girmək də məcburi olmasın. Bu da Boloniya sisteminin qaydalarıdır. Ya hamısına düzgün riayət edilsin, ya da özünüzə sərf edən tərəflərini qanuna qoyub Boloniya sisteminə daxil etməyin".

Təhsil Nazirliyinin cavabı: "Hörmətli Ulli C-va Avropa ali təhsil müəssisələrinin təcrübəsi göstərir ki, əksər universitetlərdə dərsə davamiyyət məcburidir".
Lalə İsmayılova isə yazır: "Müəllimlik imtahanında Bakı şəhərində olan vakant yerlər niyə az olur? Yaşlı müəllimlər ixtisar olunub təqaüdə göndərilirsə bəlkə gənclər üçün imkan yaranar? Xahiş edirəm müəllimlərin işə qəbulu üzrə şərtləri yenidən nəzərdən keçirəsiniz. İnsanı bəzi bu kimi məsələlər həvəsdən salır". 

Təhsil Nazirliyi bu sualı da cavabsız qoyub. 
Niku Simpson adlı istifadəçi isə yazır: "Mən Azərbaycan Texnologiya Universitetinin tələbəsiyəm. Bakıda yerləşən universitetlərin birinə köçürülmək istəyirəm. Bunun üçün tutarlı səbəblərim də var. Sizin qaynar xəttə zəng etdim mənə rektorun adına ərizə yazmağımı istədilər. Ərizə yazdım, amma kimsə götürmədi. Dedilər "köçürmə yoxdur". Belə olan halda, mən nə edə bilərəm?".

Təhsil Nazirliyinin cavabı: "Hörmətli Niku Simpson - Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.02.2014-cü il tarixli 194 nömrəli əmri ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ına görə ali təhsilin bakalavriat səviyyəsində tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir". 

Fərrux Kərimov yazır ki, hal-hazırda kəndlərin birində informatika müəllimi işləyir. Ancaq nə məktəbdə kompüter var, nə də internet. Deyir heç bu ikisinin heç biri (kompüter və internetdən söhbət gedir) kənddə də yoxdur. Mən nə etməliyəm?".

Təhsil Nazirliyinin cavabı: "Hörmətli Fərrux Kərimov - Yardımçı olmaq üçün konkret ünvanı göndərin".
Hüseyn Yunisov adlı istifadəçi isə yazır ki, alt qrupda oxumaq üçün niyə pul ödəməlidir? "Təhsilin inkişafı bunun harasıdır? Əgər pulum olsaydı niyə dövlət sifarişi ilə oxuyurdum ki? Elə gedib çox üstünlük verdiyim ixtisasda və universitetdə təhsil alardım də".

Təhsil Nazirliyinin cavabı: "Hörmətli Hüseyn Yunisov - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarına müvafiq olaraq: ""Təhsil aldığı dörd il ərzində bir tələbəyə hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilib. Əgər akademik borclar olan fənlərin krediti ilə semestrdə proqram üzrə nəzərdə tutulan prerekvizit fənlərin kreditlərinin ümumi sayı 30-dan çox deyilsə, tələbə bu halda akademik borcun ləğvinə görə əlavə təhsil haqqı ödəmir. Tələbə yalnız bu kreditlərin ümumi sayı bir semestrdə 30-dan çox olarsa, mövcud tədris planlarının təhlili isə göstərir ki, bu çox nadir hallarda ola bilər, (bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 olan tələbələr istisna olmaqla) əlavə təhsil haqqı ödəyir"".

Lalə Mirzəyeva adlı istifadəçi isə yazır ki, BDU-da imtahan keçid balı 25-dir. Niyə digər universitetlərdən fərqlidir? Yazdığınız kimi BDU bu göstərişə əməl etmir. Təhsil Nazirliyi bunu bilmir? Bilmirsə necə fəaliyyət göstərir? Bilirsə nədən əmrlərini, qaydalarını heçə sayan BDU rəhbərliyini cəzalandırmır?".
Təhsil Nazirliyi hələlik bu suala da cavab verməyib.

Oktay Qocəliyev isə yazır: "Siz deyirsiniz 30 krediti aşmayana qədər kəsrə pul verilməməlidir. Bizim universitet qanunu nə üçün tətbiq etmir? Maraqlanmısınızmı? Bir də deyirsiniz ki, imtahanda toplanan bal 17, ümumilikdə toplanan bal isə 51 olmalıdır. Bəs, bizim universitetdə niyə 61-dir? Xəbəriniz varmı? Onu da deyim ki, bu bal neçə ildir ki, aşağı salınmır. 
Təhsil Nazirliyi bu sualı da cavabsız qoyub. 

Əfsanə Əhmədova isə yazır: "Mən ADPU-nun tarix fakültəsinin 4-cü kurs tələbəsiyəm. Qiyabi, ödənişli əsaslarla təhsil alıram. Eyni zamanda, işləyirəm. Gələcək karyeram üçün mən hüquqşünaslıq fakültəsi olan istənilən universitetə köçürülmək istəyirəm. Bununla bağlı cənab nazirin imzaladığı müvəqqəti qaydalarla tanış oldum. Həmin qaydalarda 2.3-cü maddənin izahını xahiş edirəm".

Təhsil Nazirliyinin cavabı: "Hörmətli Əfsanə Əhmədova - Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Müvəqqəti Qaydalara əsasən: 2.3. Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi o şərtlə aparıla bilər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - TQDK) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır".

Dinar Kərimov adlı facebook istifadəçisi isə yazır: "Mən Slavyan Dövlət Universitetinin 4-cü kurs tələbəsiyəm. Keçən kursdan 3 fənnən kəsrim olub. Toplam 11 kredit edir. Mənə deyirlər ki, sən ancaq 8 kredit götürə bilərsən. Qalan 3 krediti get əsgərliyə gəl sonra götür. Buna bir aydınlıq gətirməyinizi xahiş edirəm. Mən qalan 3 krediti də bu il götürsəm olmazmı? 

Təhsil Nazirliyinin cavabı: "Hörmətli Dinar Kərimov - Əgər ixtisasın tədris planında həmin semestrdə nəzərdə tutulan kreditlərin sayı 27-dən çox deyilsə, siz bütün fənləri götürə bilərsiniz".

Bəturə Rzazadə isə belə sual verib: "Mən ADMİU-də ödənişsiz təhsil alıram. 2011-ci ildə başıma gələn bir hadis səbəbiylə universitetə gedə bilmədim və akademik məzuniyyət götürmək istədim. Lakin rəhbərlik mənə güzəşt etmədi və davamsızlıqdan məni universitetdən xaric etdilər. İndi yenidən universitetə bərpa olmaq, təhsilimi davam etdirmək istəyirəm. Ancaq mənim imkanım çatmır illik təhsil haqqını ödəməyə. Bilmək istəyirəm ki, məni yenidən ödənişsiz fakültəyə bərpa etmək mümkündürmü?"

Təhsil Nazirliyinin cavabı: "Hörmətli Bəturə Rzazadə - Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Siz ali təhsil müəssisəninə bərpa oluna bilərsiniz. Lakin təhsilinizi ödənişli əsaslarla davam etdirəcəksiniz".

.

bizimyol.info

.

Maybe you are interested in:

Azərbaycan nümayəndə heyəti BMT-də 90 suala cavab verəcək

Yanğınsöndürənlər poliuretanı tez alışan material hesab etmirlər?

ABŞ səfiri təhsil naziri ilə görüşüb

Arzu Abdullayeva: Siyasi məhbuslar artır – kim durub bunun arxasında?

Şahdağın da hakim ailəyə məxsus olduğu üzə çıxdı

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz