Azərbaycan həbsxanalarında niyə məhbuslar çoxdur?
Yəqin xəbəriniz oldu. Azərbaycan adambaşına düşən məhbusların sayına görə Avropada 4-cü sıradadır. Ölkəmiz bu göstəriciyə həbsxanasında saxladığı 22.579 məhbusla Avropa Şurasına üzv olan 47 ölkə arasında nail olub. Məlumat etibarlılığı şübhə doğurmayan Avropa Şurasının bir neçə gün öncə açıqladığı illik hesabatda qeyd olunub. "Etibarlılığı şübhə doğrumayan mənbə" ifadəsini ona görə işlədirik ki, bu məlumatı Avropa Şurasına Azərbaycan hakimiyyəti təqdim edib. Yeri gəlmişkən qeyd edim ki Penitensiar Xidmət təmsil etdiyim "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansına bu səpkidə olan məlumatları 3 ildir ki, vermir. Hətta adı çəkilən qurumu məhkəməyə versək də qanunvericiliyə zidd olaraq İnformasiya sorğusunu cavablandırmır.
Nəzərə alaq ki, Avropa Şurasının sözü gedən Hesabatı bir müddət öncəni- 2014- cü ili əhatə edir. Son illər isə siyasi məhbuslar daxil olmaqla ölkə həbsxanalarında cəza çəkən məhkumların sayı artıb. Eyni zamanda bir sıra qeyri- rəsmi mənbələr Azərbaycan həbsxanalarında Hesabatda qeyd olunduğundan daha çox məhbusun saxlandığını bildirir.
Bir suala cavab axtarmaq maraqlı olar; niyə Azərbaycan həbsxanalarında bu qədər insan cəza çəkir? Doğurdanmı vətəndaşlarımız həbsxanada olmağa bu qədər can atır? Yoxsa Azərbaycan həbsxanalarında ideal şərait hökm sürür, bizim xəbərimiz yoxdur? Ya insanlarımız qanunları pozmağa çox aludədir? Əslində həbs yerlərində vətəndaşlarımızın çox olmasının səbəblərinin heç biri bu sualların cavabında deyil. Cavab çox sadədir; repressiya və korrupsiya. Ölkədə bütün sahələrdə həbslər, repressiyalar hökm sürür. Hakimiyyət öz vətəndaşlarına qənim kəsilib. İnsanları qorxu xofu altında saxlamaq üçün azacıq öz hüququnu tələb edənləri bu və ya digər şəkildə ilişdirib həbs edirlər. Başqalarına göz dağı verib "gözü çıxan qardaşdan nümunə götürmək” ibrətini göstərirlər. Bu gün ölkə həbsxanalarında cəza çəkən siyasi məhbusların sayı 100- dən çox olsa da, əslində məhkəmələrdə iştirak edib kiçicik monitorinq, araşdırma aparılsa məlum olacaq ki, bu rəqəm reallıqdan dəfələrlə kiçikdir. Yəni ölkə həbsxanasında cəza çəkən xeyli məhkumun həbs olunma səbəbində bu və ya digər formada siyasi motivlər var. Eyni zamanda hüquq mühafizə orqanlarında kök atmış korrupsiya nəticəsində şübhəli, saxlanmış, həbs edilmiş şəxsə bir çox hallarda "kiçik obyekt”- gəlir mənbəyi kimi baxılır. Çünki Azərbaycan reallığında həbsə düşən şəxs ilk gündən azadlığa çıxacaq günə qədər soyulub- talanır, pul paylayır. Polis bölməsindən tutmuş, istintaq təcridxanasına, "zon”- a qədər hamıya "görüm- baxım” etməlidir, rüşvət verməlidir. Yoxsa onun qara olan günləri daha dözülməz olar.
Aparaılan araşdırmalar göstərir ki, Azərbaycanda həbs olunan şəxslərə qanunun humanizm prinsipləri deyil, aşırı, sərt tələbləri tətbiq olunur. Əksər hallarda isə yüngül cinayət törətmiş şəxslərə qanunvericiliyin daha ağır maddələri ilə cinayət işi açılır, özü də bir neçə maddə ilə… Məhkəmədə dövlət ittihamçısı cinayət məcəlləsinin ən yuxarı həddində cəza istəyir.
2012- ci ildə həbsdə olduğum müddətdə mənimlə qonşu kameralarda saxlanılan məhbuslara qarşı irəli sürülən ittihamlarla tanış olanda dəhşətə gəlirdim. İnsanları kiçik və uydurma məsələlər üstündə ağır maddələrlə suçlayıb həbsə atmışdılar. Əksəriyyətinin də vəkili yox idi. Onların bir çoxu 5 manatlıq kontur, qonşunun toyuğunu oğurlamaqdan tutmuş yaşıdları ilə dalaşmağa görə həbsə atılmışdılar. Həbs olunanlar içində dələduzluq (Maddə 178), oğurluq (Maddə 177), Mənimsəmə və ya israf etmə (Maddə 179), Özgə əmlakına ziyan vurma (Maddə 184), Qaçaqmalçılıq (Maddə 206) və s. maddələr üzrə ittiham olunanlar üstünlük təşkil edir ki, bu insanların bir çoxu məhz ölkədə hökm sürən ağır sosial- iqtisadi problemlər və ehtiyac ucabtından bu yola baş vururlar. Eyni zamanda narkotiklə bağlı (Maddə 234) bir çox Avropa ölkələrində insanları həbs etmirlər. Sadəcə aşırı şəkildə narkotik aludəçilərini xüsusi müalicə müəssisəsində müalicəyə göndərirlər. Bizdə isə "milli maddə” deyilən 234- cü maddə ilə bağlı həbsxanada xeyli sayda məhbus cəza çəkir və onlar tibbi, elmi, psixoloji müalicə olunmadan cəzaları bitdikdən sonra azadlığa çıxırlar. Yəni həbsxana onları nakrotikadan istifadə etdikləri üçün cəzalandırır, müalicə, reabiltasiya edib cəmiyyətə qaytarmır.
Göründüyü kimi Azərbaycan həbsxanalarında xeyli növ kateqoriyadan olan məhbuslar var ki, onlar ölkədəki ümumi sosial- iqtisadi vəziyyətin ağırlığından, yanlış idarəetmədən, korrupsiya və repressiya ucbatından azadlığını itirirlər. Ölkəmizdəki həbsxanaların durumu, ordakı vəziyyət isə hamıya bəllidir.
Oqtay GÜLALIYEV,
.
Maybe you are interested in:
A.Rəhimov: Avropa Oyunları 1 mlrd. manata başa gəlib