Bakı və Paris hökumətlərarası iclasa hazırlaşır
İqtisadi Əməkdaşlıq üzrə Fransa-Azərbaycan hökumətlərarası komissiyasının Paris iclasına hazırlıq gedir. Bu barədə Xarici Ticarət, Turizmin Təşviqi və Xaricdəki Fransa vətəndaşlarının işləri üzrə nazir Matias Fekl (Matthias Fekl) Azərbaycana iki günlük səfəri çərçivəsində bildirib.
Bakıda nazir Azərbaycanın maliyyə naziri Samir Şərifov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, energetika nazirinin müavini Gülməmməd Cavadovla görüşlər keçirib.
Səfərdə naziri Fransanın işgüzar dairələrinin, xüsusən alternativ energetika sahəsində ixtisaslaşan ENGİE və Eiffage şirkətlərinin nümayəndələri müşaiyət ediblər.
Görüşlər zamanı iqtisadiyyat, təhsil sahələrində, xüsusən yüksək texnologiyalar, energetika, kosmos sahəsində ikitərəfli münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olunub.
Fransa tərəfi təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bir müddət əvvəl Bakıda Fransa litseyi açılıb və hazırda pilot Fransa-Azərbaycan Universitetinin yaradılması məsələsi həll olunur.
Lakin görüşlər zamanı Fransa tərəfinə Parisin Dağlıq Qarabağla bağlı mövqeyindən narazılıq ifadə olunub.
Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu qurumun rəhbəri Əli Abbasov üç Fransa şəhərinin Azəbaycanın Dağlıq Qarabağ regionunda üç şəhərin işğalçı erməni administrasiyası ilə dostluq xartiyası imzalamasını qəbulolunmaz adlandırıb.
Turan-da olan məlumata görə, "dostluq xartiyaları” mayın 17-19-da Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın Fransaya səfəri zamanı imzalanıb. Məhz həmin vaxt Drom departamenti və "Artsax”, Valans inzibati mərkəzi və "Stepanakert” arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb.
Saakyana Drom departamentinin fəxri vətəndaşı adı verilib. Bundan başqa, Villerban və Şuşa şəhərləri, habelə Sarsel və Martakert arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb.
Matias Fekl bildirib ki, rəsmi Paris yerli hakimiyyətin bu addımlarını dəstəkləmir və artıq müvafiq reaksiya verib.
Bazar ertəsi Matias Fekl vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir saatlıq görüş keçirib, onların Azərbaycanda insan hüquqları və azadlıqları sahəsində vəziyyətə baxışları ilə tanış olub.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycan və Fransa arasında ticarət dövriyyəsi 1 mlrd. 680 mln. dollar təşkil edib. Ticarət dövriyyəsinin saldosu (1 mlrd. 366 mln.) Azərbaycanın xeyrinə olub.
Ötən il Azərbaycan Fransaya ümumi dəyəri 1 mlrd. 520,9 mln. dollar olan 1 mln. 956 min 381, 8 ton neft, 211,7 ton aviasiya nefti (127,4 min dollar), həmçinin 131,1 ton meyvə şirəsi (152,9 min dollar), 7 min dekalitr şərab (217,3 min dollar) və s. ixrac edib.
Fransadan ümumi dəyəri 157,3 mln. dollar olan 1000 addan çox məhsul ixrac edilib. Bir il ərzində Fransadan Azərbaycana ixrac 63% azalıb.
.
Maybe you are interested in:
Çin səfəri: gələcək üçün dividentlər
Fransa hakimiyyəti “radikal” məscidləri bağlayacaq
İlham Əliyev İtaliyanın iqtisadiyyat nazirini qəbul edib
ABŞ səfiri təhsil naziri ilə görüşüb
Britaniyalı nazir Bakıya səfər edəcək