Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Sabotajla məşğul olan şəxslər ciddi cəzalanacaq


 

Azərbaycan prezidenti İlham Əliyev ölkədə qeyri-neft sektorunun inkişafına mane olan səbəblərin aradan qaldırılacağı və günahkarlar barədə ciddi ölçü götürüləcəyi barədə fikirləri cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Dövlət başçısının apardığı təhlil, sahibkarların fəaliyyətinə süni maneə yaradan dövlət qurumları və onların rəhbərləri haqqında sərt tədbirlər görüləcəyini təxmin etməyə əsas verirdi. Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasını bu kontekstdə dəyərləndirmək daha məntiqli olardı.

 

Heç kəsə sirr deyil ki, ölkədə qeyri-neft sektorunun inkişafına mane olan əsas məqamlardan biri sahibkarların müxtəlif dövlət qurumları tərəfindən əsassız olaraq incidilməsidir. Prezident özü də keçirdiyi son müşavirələrdə bu faktı dəfələrlə açıq formada səsləndirib. Bu destruktiv fəaliyyətlə məşğul olan qurumların sırasında Milli Təhlükəsizlik Nazirliyinin ilk yerlərdən birini tutduğu da sirr deyil. Sahibkarların qanunsuz dinlənilməsi, iş adamlarına qanunsuz "haqq qoymaq”, sahibkarların mütəmadi olaraq MTN-ə çağırılıb dindirilməsi, hətta bahalı maşınların sahibləri olan iş adamlarından aylıq pul tələb etmək barədə iddialar var. Sahibkarları narahat edən əsas məqamlardan biri onların tələbləri yerinə yetirmədikləri təqdirdə narkotiklə bağlı cinayətlərdə suçlandırılaraq həbs olunmasıdır. Təbii ki, bu kimi iddiaları araşdırmaq istintaq orqanlarının işidir, lakin bu tipli məlumatların mütəmadi xarakter alması iddiaların heç də əsassız olmadığını göstərir. 

 

Milli təhlükəsizlik nazirinin işdən çıxarılmasının Beynəlxalq Bank işi ilə əlaqədar olduğu da istisna deyil. Eldar Mahmudovun Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə qohumluq əlaqələri bu ehtimalı daha da artırır. Dövlət başçısı hələ fevral ayında bəzi qüvvələrin bazarda süni ajiotaj yaratdığını, bu ajiotajı yatırmaq və bazarda durumu nizamlamaq üçün dövlət ehtiyatlarında külli miqdarda valyuta intervensiya edildiyini demişdi. Sonradan Beynəlxalq Bank işi ilə əlaqədar aparılan araşdırmalarda bu fikirlər öz təsdiqini tapmışdı. Bu cür genişmiqyaslı işdən MTN-nin xəbərdar olmaması inandırıcı görünmür.

 

Beynəlxalq Bank işi ilə bağlı araşdırmanın Milli Təhlükəsizlik Nazirliyinə deyil, Daxili İşlər Nazirliyinə tapşırılması (halbuki, məsələ ölkənin birbaşa təhlükəsizlik maraqları ilə bağlı olduğu üçün əksinə olmalı idi) göstərir ki, prezident bu məsələdə MTN-ə etibar etməyib və etmir. Mətbuatda Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli əməkdaşlarının xidməti səlahiyyətlərindən sui-istifadə etdiyi, bəzi məsələlərdən şəxsi məqsədlər üçün istifadə etdiyi, əllərdə olan manat kütləsinin Beynəlxalq Bank vasitəsilə valyutaya çevirərək ölkədən çıxardığı barədə iddialar və ehtimallar var ki, bunları araşdırmaq da birbaşa istintaq orqanlarının vəzifə səlahiyyətlərinə daxil məsələlərdir. Maraqlıdır ki, hökumətə yaxınlığı şübhə doğurmayan şəxslər, millət vəkilləri və QHT rəhbərləri də Eldar Mahmudovun vəzifədən çıxarılmasını şərh edərkən məhz bu məqama diqqət çəkiblər.

 

Prezidentin sərəncamı ilə Eldar Mahmudovun vəzifədən azad olunmasından sonra müxtəlif media orqanlarında Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxslərinin həbs olunması barədə məlumatlar yer alır. Həbs olunanlar arasında nazirliyin bir qrup yüksək rütbəli əməkdaşlarının, o cümlədən general-mayor Teymur Quliyevin,  Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin, MTN-in Monitorinq Mərkəzinin rəhbəri Natəvan Mirvətovanın və digər şəxslərin adları çəkilir. Eyni zamanda nazir müavini, general-leytenant Hilal Əsədovun və general-mayor Akif Çovdarovun fəaliyyətinin araşdırılmasına başlanıldığı bildirilir. Hələlik bu məlumatlar rəsmi olaraq təsdiqini tapmayıb.

 

Dünyanın istənilən ölkəsində, o cümlədən Azərbaycanda hansısa nazirin işdən çıxarılması adi kadr dəyişikliyi əhəmiyyəti daşıyır. Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi ətrafında yaranan ajiotajın səbəbi məlumatsızlıqdır. Yaranmış boşluq rəsmi qurumların, rəsmi şəxslərin yaydığı açıqlamalarla dolmuş olacaq, bu, şəksizdir. Lakin imzalanan sərəncam başqa bir mühüm məqamdan xəbər verir. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün maneə yaradan, sahibkarları əsassız yerə incidən və faktiki olaraq sabotajla məşğul olan şəxslər ciddi cəzalanacaq. Bununla bağlı ortada ciddi siyasi iradə var və prezident İlham Əliyev istər açıqlamaları, istərsə atdığı addımlarla sübut etdi ki, o, sahibkarların yanındadır. Müxtəlif nazirliklərin səlahiyyətlərinin azaldılması, bölüşdürülməsi, sahibkarlığın inkişafına mane olan problemlərin prezident səviyyəsində qabardılması, o cümlədən lisenziyalaşdırma, qanunsuz reketirlik kimi halların önə çıxarılması göstərir ki, tezliklə bu sahədə ciddi dönüş yaranacağı labüddür.

.

http://news.lent.az/

.

Maybe you are interested in:

GFI: Azərbaycandan hər il qeyri-leqal olaraq 9,5 mlrd. dollar çıxarılır

Milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib

Nazirliyin Monitorinq Mərkəzinin rəisi və Antiterror Mərkəzinin rəis müavini xüsusi əməliyyatla saxlanılıb

«The Washington Post» Azərbaycan hakimiyyətini vurdu

Hakimiyyətdə yeni dəyişikliklər gözlənilir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz