Avropa Şurası jurnalistlərin təhlükəsizliyi mövzusunda “dəyirmi masa” keçirir
Bu gün Bakıda "İfadə azadlığı: jurnalistlərin təhlükəsizliyi, gender bərabərliyi və media” mövzusunda "dəyirmi masa” açılıb. Avropa Şurasının təşkil etdiyi tədbir AŞ və Aİ-nin ifadə və media azadlığının dəstəklənməsi üzrə birgə layihəsi çərçivəsində keçirilir.
Dövlət qurumlarının nümayəndələri, jurnalistlər və vətəndaş cəmiyyətinin təmsilçiləri təhlükəsizlik və gender bərabərliyi kontekstində ifadə azadlığı məsələlərini müzakirə edəcəklər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, 2002-ci ildə Azərbaycan Avropa İnsan Haqları Konveniyasına qoşulub. Bu, ifadə azadlığı sahəsində öhdəlikləri nəzərdə tutur.
Bundan öncə ölkədə senzura ləğv edilib. O, təhlükəsizliyin təmin olunmasına nümunə kimi Mətbuat Şurasının "mətbuata fiziki təzyiqlərin qarşısının alınması” üçün mitinqlərin monitorinqinin keçirməsini göstərib.
Prezident Administrasiyasının nümayəndəsi Vüqar Səlimov bildirib ki, hökumət söz azadlığını təmin etmək və müstəqil KİV-in azad fəaliyyəti üçün şərait yaratmaq üçün siyasət yürüdür.
AŞ ofisinin rəhbərinin müavini Teymur Məlikaslanov qeyd edib ki, layihədə məqsəd Azərbaycan qanunvericiliyinin AŞ standartlarına uyğunlaşdırılmasına, həmçinin ictimai nəzarət funksiyasını yerinə yetirən mətbuatın azadlığının təminatına yardım etməkdir.
İkigünlük tədbir zamanı AŞ ekspertləri Bisera Zankova və Leyla Marşaniya çıxış edəcəklər. Onlar ifadə azadlığı, jurnalistlərin təhlükəsizliyi və gender bərabərliyi məsələlərinin AŞ orqanlarının qərarlarında necə oz əksini tapması, eləcə də bu sahədə beynəlxalq praktika haqda danışacaqlar.
.
Maybe you are interested in:
Avropa Şurasının İnternet azadlığına dair konfransı