ATƏT Azərbaycan hakimiyyətindən AzadlıqRadiosunun işini davam etdirməsinə imkan verilməsini istəyir
ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Dunja Mijatović AzadlıqRadiosuna olan hücumları pisləyərək Azərbaycan hakimiyyətini ölkədə media azadlığına basqıları dayandırmağı çağırıb: "AzadlıqRadiosunun ofisində axtarış və ardınca da ofisin bağlanması Azərbaycanda azad media və ifadə azadlığına növbəti kəskin hücum dalğasıdır” – deyə dekabrın 29-da yayılan bəyanatda bildirilir.
Bəyanatda qeyd edilir ki, dekabrın 26-da prokurorluq əməkdaşları radionun ofisində axtarış aparıb, sənədləri, avadanlıqları götürüb, ofisin qapılarını isə möhürləyib. Bunun ardınca radionun əməkdaşları saxlanaraq ifadə vermək üçün istintaqa aparılıb. Onlar dindirildikdən sonra azad ediliblər:
"AzadlıqRadiosunda aparılan bu axtarış son aylar ölkədə azad mediaya qarşı olduqca narahatlıq doğuran basqılardan sonra baş verir. Bundan əvvəl Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, Media Azadlığı İnstitutu, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının (İREX) ofisi bağlanıb, dekabrın əvvəlində isə AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl istintaq dövrü üçün həbs edilib.
2014-cü ildə Azərbaycanda media azadlığı kəskin pisləşib. Ondan çox media təmsilçisi hazırda həbsdədir.
Azərbaycan hakimiyyəti AzadlıqRadiosunun fəaliyyətini davam etdirməsinə imkan verməli, ölkədə tənqidi səslərin də mövcudluğunu təmin etməlidir.”
.
Maybe you are interested in:
Dunya Miyatoviç Azərbaycan hökuməti ilə dialoqa tərəfdardır
16 senator Əliyevə məktub yazdı: "Siyasi motivli həbslər..."