"Daxili siyasəti Bakını Rusiyanın şikarına çevirir"
Amerikalı ekspert: "Avropaya inteqrasiyanın arxa qapısı yoxdur, yeganə yol daxili siyasətdə dəyişikliklər etməkdən keçir"
Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı, Dövlət Departamentinin keçmiş məsləhətçisi doktor Jeffrey Mankoff "Azadlıq" radiosuna Cənubi Qafqaz ölkələrinin siyasi orientasiyaları mövzusunda fikirlərini açıqlayıb.
Təhlilçi deyib ki, bir vaxtlar vahid ideoloji məkanda birləşən digər sosialist ölkələr kimi, qafqazlılar da uzun müddət özlərini "post-sovetçi” kimi təqdim edirdilər. Xüsusilə bu, Sovet "şineli”ndən çıxmış və yeni siyasi arenada mövcudiyyətlərini qoruyan siyasətçilər üçün yaxşı kara gələn özünətəsəlli termini idi. İdeyanın orijinal müəllifləri isə əslində Kremldə otururdu, belə ki, post-sovetizm – vaxtı ilə Rusiyanın arxa bağçası hesab etdiyi regionu nə olur olsun eyni dəhlizdə saxlayıb, mümkün qədər təsir göstərmək arzusunu izhar etdirirdi. İllər ötdükcə, köhnələn termin yerini tədricən Qafqaz, Mərkəzi Asiya, Şərqi Avropa və sair regionlar ilə əvəzlədi.
Mankoffa görə, bu gün "post-sovetizm”dən əsər-əlamət qalmayıb. ”Hətta axtarsan, təkcə Qafqaz regionunun özündə vəhdət əlamətlərinə günün günorta çağı çıraqla rast gəlmək mümkündür", - deyə o bildirib.
Mankoff deyib ki, Vilnüs sammiti ərəfəsində regionun siyasi mənzərəsi kənar müşahidəçilər üçün asanlaşıb:
"Gürcüstan, indi regionda Kremlin təsirlərindən ən uzaq düşmüş ölkədir. Sonuncu president seçkiləri ölkənin siyasi gələcəyi ilə bağlı tədüdüdlər yaratsa da, bir şey aydındır ki, Tbilisi bir daha heç vaxt Moskvanın ayağına düşməyəcək.
Ermənistanın iqtisadi cəhətdən Rusiyadan asılılığı bu ölkənin Kremlin çətiri altında yaradılan Gömrük İttifaqına qoşulacağına az şübhə yaratsa da, siyasi baxımdan Yerevanın davranışları müəyyən ziqzaqlardan xəbər verir.
Azərbaycan isə tam əksinə, iqtisadi baxımdan -- neft və qaz boruları sayəsində -- yolunu Avropa ilə müəyyən dərəcədə birləşdirməyə müvəffəq olsa da, siyasətdə özünü Avropa dəyərlərindən hər vəchlə uzaq tutmağa çalışır".
Təhlilçiyə görə, Gömrük İttifaqının məqsədi region ölkələrinin iqtisadi reinteqrasiyasına nail olmaqdırsa, Şərq Tərəşdaşlığı Avropa dəyərlərinin ixracını hədəf alıb.
"Avropanın mühüm enerji təchizatçısı olan Azərbaycan isə Vilnüsə də qazla getməyə çalışır, guya ki, "Rusiya planı"nı seçməməsi Bakını o saat qərbləşdirir. Hərçənd, qərbdə Azərbaycanı yaxşı başa düşürlər, yetər ki, əməkdaşlığa və özünə əl gəzdirməyə açıq olsun.
Əgər biz Gürcüstanla Azərbaycanın regionda və beynəlxalq səhnədə oynadığı rollara baxsaq, mübaliğəsiz deyə bilərik ki, onların heç biri Rusiyadan asılı deyil. Ancaq sual budur: Gürcüstan üzü Avropaya getdiyi halda, Azərbaycanın səmti haradır? Bu təzadın cavabını Bakının daxildən gələn səslərə verdiyi reaksiyada, məsələn, seçkiyə münasibətində axtarmaq lazımdır”, - deyə təhlilçi vurğulayıb.
Amerikalı ekspert deyib ki, Avropaya inteqrasiyanın arxa qapısı yoxdur, yeganə yol daxili siyasətdə dəyişikliklər etməkdən və iqtisadi islahatlardan keçir, Bakı isə görünür, özünü buna hazır hiss etmir.
Bəs Azərbaycan üçün qarşıda başqa hansı istiqamətlər mövcuddur?
Bu suala cavabda təhlilçi deyib ki, daxili siyasət Bakının təkcə Avropaya yolunu çətinə salmır, həm də "Rusiyanın şikarına çevirir”. "Götürək Orxan Zeynalov məsələsini… Baş verənlər əslində Rusiyanın daxili siyasəti üçün idi. Amma əlbəttə ki, burada həm də Azərbaycana təsir elementi hiss olunurdu”, - deyə Mankoff qeyd edib.
Təhlilçiyə görə, başqa bir problem də Azərbaycan və Türkiyə arasında son illər yaşanan çətinlikləridir. "Çoxları şübhə etmir ki, son illər Bakı ilə Ankara arasında inamsızlıq mövcuddur və Rusiya bundan əlbəttə, istifadə etmək istəyir. Düzdür, Türkiyə regionda tədricən daha böyük oyunçuya çevrilir, amma Rusiyanın maraqlarına NATO-nun digər üzvlərinin əksəriyyətindən daha həssasdır. Avropalılar üçün isə region Xəzər enerji resurslarının təchizatçısı, həmçinin Şərq Tərəfdaşlığı layihəsinin ölkələri olaraq əhəmiyyət daşıyır", - deyə ekspert bildirib.
Дайджест
Maybe you are interested in:
Ekspert: “Maliyyə nazirinin barəsində kompromat Moskvanın sifarişidir”