Fuad bəy, gör, biz nə çəkirik...
25 noyabr 2014-cü il tarixində müdafiə etdiyim Leyla Yunusla işləmək üçün təcridxanaya gedəndə mətbuatdan Rauf Mirqqədirovun müdafiəçisi Fuad Ağayevin qısa müsahibəsi və qanunsuzluqlarla bağlı Fuad bəyin, yumşaq desək, narazılıqları ilə tanış oldum. Məlum oldu ki, onu aldadıb, müdafiə etdiyi şəxsi xəbərsiz məhkəməyə aparıblar...
Bu təəssüratla Bakı İstintaq Təcridxanasına yola düzəldim. Təcridxananın qapısında buraxılış vərəqi alandan sonra nəzarət-buraxılış məntəqəsinə gəldim. Lakin mənə bildirdilər ki, axtarışa məruz qalacağam, bir qədər gözləməliyəm. Artıq neçənci dəfə üstümdə axtarış aparan və buna görə məhkəmə qərarı tələb etdiyim əməliyatçı gələndən sonra eyni tələblə növbəti dəfə ona müraciət etdim. O isə "həmişəki kimi məhkəmə qərarı yoxdur, amma Leyla Yunusun bütün vəkilləri kimi, sən də axtarışa yox, baxışa məruz qalmalısan”, - dedi. Mən, "adını necə qoyursan, bilmirəm, amma hərəkət qanunsuzdur”, dedim və kəsəsi, qanunsuz axtarışa məruz qaldım. Əməliyyatçıdan axtarışla bağlı protokol tələb edəndə bildirdi ki, "üstündən bir şey çıxsa onda protokol tərtib edəcəyəm”. URA!! Üstümdə heç nə yoxdur! Acı-acı düşündüm, nə yaxşı ki bloknotda Leyla Yunusun adını yazmamışam. Ona görə bir dəfə deyil, iki dəfə URA demək lazımdır. Bunu deyib, inzibati əraziyə keçdim.
Leyla Yunus və digər təqsirləndirilən şəxslə görüşmək üçün sənədləri əldə edəndən sonra təcridxananın dəftərxanasına gəldim və 18 noyabrda Leyla Yunusun səhhəti barədə verdiyim, lakin qeydiyyatdan keçirilməsindən qəti imtina edilmiş sorğunun kimə veriləcəyini və mənə nə vaxt cavab veriləcəyini soruşdum. Dəftərxanada mənə bildirdilər ki, yaxın zamanlarda mənə cavab veriləcəkdir. Bu dəqiqləşdirmələri ona görə etdim ki, sonra deməsinlər ki, müdafiə etdiyin şəxslə bağlı bizə müraciət olunmayıb. Mən sorğunu poçtla və digər vasitələrlə də göndərə bilərdim, amma mənə maraqlıdır ki, dəftərxananın təyinatı nə üçündür, orada sənədlər nəyə görə qeydiyyata alınmır. Gələcəkdə mən nə cür hərəkət etməliyəm və s.
İstintaq otağına gəldim, sağ olsunlar, geniş və işıqlı bir otaq ayırmışdılar. İstintaq otağında müdafiə etdiyim birinci şəxslə görüşəndən sonra o, mənə törətmədiyi əmələ görə məsuliyyətə cəlb olunduğunu, cismani cəhətdən polisdə saxlandığı bir halda eyni vaxtda və gündə başqa ünvanda guya üstündə narkotik vasitə aşkar olunduğunu, lakin bununla kifayətlənməyib maşınının da əlindən alındığını dedi. Onun haqlı tələbini müstəntiqə yazılı çatdıracağımı dedim və ayrıldıq. Fikirləşdim ki, müdafiə ziyanlı iş yeri kimidir və buna görə onlara immuniteti gücləndirmək üçün ərzaq məhsulları vermək lazımdır.
Nəhayət Leyla Yunusla görüşdüm. Otağa az qala tanımayacağım bir şəxsi gətirmişdilər. Bu balaca boylu, üç qat isti paltar geyinmiş, başını, boğazını möhkəm sarımış, titrəyən bir qadın idi. Öz-özümə dedim ki, dediklərinə inanmayacağam, çünki Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin nümayəndəsi, Penitensiar Xidmətin məsul şəxsləri, Ombudsman Aparatının nümayəndələri mətbuatda az qala and içirlər ki, Leyla Yunus sağlamdır, xəstə deyil, mütəmadi onu yoxlayırlar, vəkillər yalan danışır və s. İkincilərə üstünlük vermək istəyirdim ki, daxili səsim çığırtı ilə ikincilərə az inan, axı sənin müdafiə etdiyin bir neçə şəxs məhz bu cür and içənlərin nəzarəti altında dünyalarını dəyişiblər, maraqlanan olubmu? Cavab qətidir, oldu, yox!
Və mən bu arıq, balaca boylu, üç qat isti paltar geyinmiş, titrəyən bir qadını dinləməyə başladım...
Sağlamlıq durumu
İsti paltar geyinsə də, daim üşüyür, titrəyir. Leyla çətin yeriyir. Dedi ki, bu, onun müdafiəçilərinin yanına axırıncı gəlişlərindən biridir. Təsəllisi odur ki, çətin olsa da, hələ yeriyə bilir. Ancaq daha dözmək olmur. Şəkəri yüksəkdir, sonuncu dəfə ona təsadüfən məlum olub ki, həkimlər göstəriciləri dəqiq yazmırlar. Fərqi o bilir, ona görə də özünü aldatmaq istəmir. Amma onu aldadırlar, təcridxananın tibbi və sanitariya hissəsində dəfələrlə olub və qan nümunələri verib, lakin qlikometrə baxmağa imkan verməyiblər. Həkim latın dilində qara ciyərin adını çəkib, lakin o başa düşüb. Hepotet C xəstəliyi işini görür, qanını və qara ciyərini sıradan çıxarır... Keçən həftə nisbətən yaxşı olub, bu həftə vəziyyəti davamlı olaraq pisləşir. Çəkisi azalır. Həbsə alınanda 61 kiloqram olduğu halda, indi 47-48 kiloqram olar. Görmə qabiliyyəti sürətlə zəifləyir. Hər iki gözü xəstədir, yeriyəndə gözləri dumanlanır. Rəngi təbii deyil, avazıyıb. Yüksək qan təzyiqi var. Naməlum səbəblərdən qarnında və əvvəllər məruz qaldığı əməliyyat yerlərində güclü ağrılar hiss edir. Qəbizlikdən əziyyət çəkir.
Qidalanmağı
Qidalana bilmir, bütün yediklərini qaytarır. Bu səbədən əsasən az miqdarda çay içir.
Leyla Yunusun keçirdiyi cərrahiyyə əməliyyatları
Leyla Yunus 1980-ci illərin axırlarında, 1990 və 2000-ci illərdə altı dəfə cərrahiyyə əməliyyatlarına məruz qalıb. Müəyyən etik mülahizələrə görə onların hamısının adını çəkmək istəmirəm. Bir onu deyə bilərəm ki, o, iki gözündən əməliyyat olunub. Digər əməliyyatlar müxtəlif qadın xəstəlikləri ilə bağlıdır. Əməliyyatların əksəriyyətinin həyata keçirilməsi təcili xarakterli, şişlərlə bağlı olub. Təcili, təxirəsalınmaz cərrahiyyə əməliyyatlarının aparılması metostazın qarşısını alır. Əməliyyat açıq keçirilib, tikiş və keçmiş yara yerləri ağrı verir, ağrıların əsl səbəbini izah etməyə çətinlik çəkir. Əməliyyat nahiyyələrində yeni fəsadların yaranması istisna olunmur. Bütün cərahiyyə əməliyyatlarının keçirilməsi barədə sənədlər digər müdafiəçilərə təqdim olunub.
Onun yanında olublar.
Axırıncı dəfə onun yanında təqribən sentyabr ayında nevropotoloq, terapevt, okulist, endekrinoloq və Sabunçu rayon prokurorluğunun müstəntiqi olub. Baş, boyun nahiyələrini yoxlayıblar. Görünür, bunun əsl səbəbi onu yoxlamaq, müayinə və müalicə etməkdən daha çox, təcridxanada onunla əlaqədar baş vermiş və ictimaiyyətə məlum olan hadisə ilə bağlı olmuşdur.
Onun psixoloji durumu
O, daha dözə bilmir. Psixoloji durumu pisdir, ölməyə üstünlük verir. Daha müqavimət göstəmək istəmir. Onu istintaqın gələcəyi hər-hansı bir nəticə və ya məhkəmə hökmü maraqlandırmır. İttihamın mahiyyəti, həbsin məqsədi ona aydın deyildir. Müxtəlif ölkələrin mükafatlarına layiq görülmüş şəxsin vətəndə "ən böyük mükafatı” özünün və ərinin həbsə alınması, yeganə qızının mühacirətdə yaşamasıdır. Alçalmaqla həyatı bəzəkli etməyə dəyməz, deyir.
Özünün dediyinə görə, fillər ölümün yaxınlaşdığını bilirlər, onda belə bir hiss var. Onu hətta zorla müalicəyə aparsalar belə, bu, gecikmiş bir cəhd olacaq, bunun faydası olmayacaq. Titrəməyə son qoymaq üçün ən böyük arzusu yatmaqdır.
Leyla Yunusun vəsiyyəti
Deyir, mənim anamı babamın qəbrinə basdırıblar. Yer tapa bilməyiblər. Babamın sümüklərini bir tərəfə yığandan sonra anamı orada basdırıblar. İndi isə növbə mənimdir, anamın sümüklərini bir tərəfə yığıb məni həmin qəbirdə basdırsınlar, doğmalarımın yanında olmaq istəyirəm. Bunu dostlarıma çatdırmağı unutma. Qəbrin yerini molla bilir.
Mənim düşdüyüm vəziyyət
Leyla Yunusdan ayrılandan sonra bir şey barədə fikirləşdim, həbsdə olan qadına heç olmasa evində ölməyə icazə verilməsi üçün müstəntiqə bir vəsatət verməliyəm.
Vəsatət! Nə qədər soyuq səsləndi.Yox, lazımdır, sonra deməsinlər ki, bütün mümkün tədbirləri gördük, dərman preparatları təmin etdik, ancaq amansız ölüm onu qəflətən haqladı, bizdən asılı olmayan səbəb və s. və i. a. Axı, təcrübədə insan həyatına bu cür qiymət verilməsini dəfələrlə görmüşəm. Nə isə... Deyəsən gün qurtardı.
Təcridxanadan çıxmaq istəyəndə üstümü axtarmaq istəyən şəxsi qapıda gördüm, qeyri-ixtiyari əllərimi yuxarı qaldırıb dedim. "Qardaş bilirəm məni gözləyirsən, gəl üstümü axtar, Amma bunun üçün gələn dəfə məhkəmə qərarını hökmən gətir...” Və o, ölmək arzusunda olan dustağın dedikləri ilə bağlı qeydlərimin bir neçə cümləsi ilə tanış olmağa başladı...
Yolda düşünürdüm ki, Fuad bəyin düşdüyü vəziyyət mənim düşdüyüm vəziyyətə nisbətən yüngüldür. Rast gəldiyim qanunsuzluqlar lap çoxdur. Və acı-acı güldüm.
Ramiz Məmmədov
.
Maybe you are interested in:
Arif Yunus: “Leylanı ölüm həddinə çatdırmaq istəyirlər”
Leyla Yunusun əl ağacını alıblar
Leyla Yunus karserə salınıb
Leyla Yunus vəkilləri ilə görüşə gələ bilməyib