Hakimiyyətin “jurnalistlər üzərinə amansız hücumları” pislənir
Human Rights Watch beynəlxalq insan haqları təşkilatı sentybarın 16-da Bakıda həbs olunmuş jurnalist Şirin Abbasov barədə ciddi narahatlıq ifadə edən bəyanatla çıxış edib.
Həbsdə saxlanan jurnalistə nə vəkili ilə görüşmək imkanı verilir, nə də o, məhkəmə qarşısına gətirilir
Bəyanatda deyilir ki, artıq bir neçə gündür, həbsdə saxlanan jurnalistə nə vəkili ilə görüşmək imkanı verilir, nə də o, məhkəmə qarşısına gətirilir.
Human Rights Watch təşkilatı, müntəzəm olaraq Meydan TV internet portalı üçün materiallar hazırlayan Şirin Abbasovun dərhal azadlığa buraxılmasını, onun azadlıq və təhlükəsizlik hüquqlarını pozanların məsuliyyətə cəlb olunmalarını tələb edir.
İnsan haqları təşkilatı bildirir ki, Şirin Abbasovun bu sayaq həbsdə saxlanması onun salamatlığı barədə ciddi narahatlıq doğurur.
Öz qanunlarını pozan ölkə
"Şirin Abbasovun saxlanması hiddət doğurur və onunla pis rəftar edilə biləcəyi barədə nigarançılıq yaradır – deyib Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Jane Buchanan, - Bu Azərbaycan hökumətinin müstəqil medianı susdurmaq üçün apardığı kampaniyanın eskalasiyası deməkdir”.
Bəyanatda deyilir ki, bu həbsdə əli olan rəsmilər səlahiyyətlərindən sui-istifadəyə, qanunsuz hərəkətə və potensial olaraq cinayət əməlinə görə məsuliyyətə cəlb edilməlidirlər.
Human Rights Watch bildirir ki, onda olan məlumata görə Abbasov hazırda "Bandotdel” kimi tanınan Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanır və Azərbaycan qanunlarına görə şəxs heç bir ittiham irəli sürülmədən polis məntəqəsində 72 saatdan çox saxlana bilməz.
Bəyanatda qeyd olunur ki, vəkilinin dəfələrlə müraciətinə baxmayaraq rəsmilər onun yanına heç kimi buraxmırlar. O sentyabrın 17-də yalnız anası ilə qısa müddətdə görüşə bilib.
Meydan TV-nin əməkdaşı təşkilata bildirib ki, 19 yaşlı Abbasov sentyabrın 16-da universitetdən evə gedərkən həbs olunub və onun həbsi barədə ailəsinə gecə yarısından keçənədək məlumat verilməyib.
Jurnalistin gizlədilməsi narahatlıq yaradır
Daxili İşlər Nazirliyi Abbasovun ailə üzvlərinə verdiyi vədə baxmayaraq, həbsin səbəbləri onunailəsinə izah edilməyib və bildirilib ki, guya o, hazırda heç kimi görmək istəmir.
Rəsmilər Abbasovun vəkilinə deyiblər ki, guya o, vəkilin xidmətindən imtina edib.
Bəyanatda bildirilir ki, Azərbaycan qanununa görə saxlanan şəxs vəkildən yalnız yazılı qaydada imtina edə bilər.
Meydan TV əməkdaşlarının dediyinə görə, isə Şirin Abbasov sentyabrın 17-də Nərimanov məhkəməsinə aparılıb və orada onun barəsində polisə müqavimət ittihamı ilə 30 sutkalıq həbs hökmü çıxarılıb.
Bununla belə, məhkəmə vəkilin prosedur və hökmə dair sənədləri tələb etməsinə cavab olaraq belə bir işə baxılmadığını bildirib.
Vəkil narahatdır ki, hakimiyyət Abbasovun təcridxanada saxlanmasından ona qarşı qondarma ittihamların irəli sürülməsi üçün istifadə edə bilər.
Azərbaycan İnsan Haqqı Konvensiyasını tanımır
Human Rights Watch təşkilatı bildirir ki, bütün bunlar Azərbaycanın da imzaladığı Avropa İnsan Haqları Konvensiyası ilə ziddiyyət təşkil edir.
"Şirin Abbasova vəkili ilə görüş verilməməsinə və ya onun qanunda nəzərədə tutulduğundan daha uzun müddətdə polisdə saxlanmasına heç cür haqq qazandırla bilməz”, - deyib Jane Buchanan.
Təşkilatın bəyanatında bildirilir ki, Abbasovun həbsi, Meydan TV-nin əməkdaşları və ştatdandankənar işçiləri üzərinə son günlərdə baş verən hücumların davamıdır.
Bəyanatda deyilir ki, Abbasov sentyabrın əvvəllərində Mingəçevir şəhərində polis məntəqəsində olarkən ölmüş bir nəfərin işi barədə prokurorluq tərəfindən dindirilib. Bu dindirmə zamanı Abbasova həmçinin Meydan TV-nin fəaliyyəti barədə suallar da verilib.
Hələ iyun ayında hakimiyyət orqanları Şirin Abbasovun beynəlxalq tədbirdə iştirak etmək üçün ölkəni tərk etməsinə icazə verməmişdilər. Ona bildirilimişdi ki, adı ölkədən çıxışına qadağan qoyulmuş şəxslərin siyahısındadır. Lakin sonradan ona, belə bir qadağanın olmadığı və inzibati yanlışlıq baş verdiyini bildirmişdilər.
Hakimiyyəti burda da pul maraqlandırır
Ötən həftə hakimiyyət orqanları Meydan TV-nin jurnalistləri Aytən Fərhadovanı, İzolda Ağayevanı və Sevinc Vaqifqızını iki dəfə (sentyabrın 20-də və 22-də) saxlamış və dindirdikdən sonra buraxmışdı.
Jurnalistlər Meydan TV-yə bildirmişdilər ki, dindirmə zamanı onlara Meydan TV-nin işi, menecmenti, maaş strukturu və Mingəçevirdə polislə etirazçılar arasında toqquşmaların neçə işıqlandırıldığı barədə suallar veriblər.
Bəyanatda bildirilir ki, bu dindirmə zamanı da qanunlar pozulmuş və saxlananlar üç saatdan da artıq polis idarəsində olmalarına baxmayaraq, onlara yaxınlarına zəng etmək icazəsi verilməyib.
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi sentyabrın 18-də bildirib ki, polis başqa bir Meydan TV müxbirinin – Cavid Abdullayevin evində axtarış aparıb, kompüterləri və kameraları müsadirə edib.
Abbasovun həbs olunduğu gün, sentyabrın 16-da müstəqil jurnalist və Meydan TV üçün materiallar hazırlayan Aytac Əhmədova da beş saat müddətinə polisdə saxlanıb və ona da Meydan TV-nin fəaliyyəti, rəhbərliyi və maaşları barədə suallar verilib.
Human Rights Watch təşkilatının bəyanatında deyilir ki, bu hadisələr Azərbaycan hökumətinin fərqli düşüncə üzərinə amansız hücumlarını göstərir.
Olub-qalan səslərin boğulması
Bu da qeyd olunur ki, sentybarın 1-də Bakı məhkəməsi Human Rights Watch təşkilatının Alison Des Forges mükafatının laureatı – təhqiqat jurnalisti Xədicə İsmayılovanı qanunsuz olaraq 7 il yarım müddətinə azadlıqdan məhrum edib.
Human Rights Watch bildirib ki, bu hökmü onun jurnalist fəaliyyətinə görə qisas kimi qəbul edir.
Bəyanatda deyilir ki, hökumət qanunsuz olaraq həbs edilmiş bütün jurnalistləri dərhal azad etməli və söz azadlığına qarşı hücumlarını dayandırmalıdır.
"Azərbaycan haqqında müstəqil xəbərlər yayan ən son mənbələrdən biri – Meydan TV-nin jurnalistləri üzərinə hücumlar Azərbaycan hökumətinin olub-qalan hər hansı tənqidi səsləri boğmaq üçün nələrə əl atdığını göstərir” - deyib Buchanan.
Xanım Buchanan deyib ki,Avropa İttifaqı və Azərbaycanın başqa beynəlxalq partnyorları Abbasovun dərhal azad edilməsinə çağırmalı və rəsmi Bakıya fundamental azadlıqların əzilməsinin bədəli olduğu barədə aydın şəkildə xəbərdarlıq etməlidirlər.
.
Maybe you are interested in:
Xədicə İsmayılova beynəlxalq mükafata layiq görülüb
Human Rights Watch: Leyla Yunusun həbs müddəti uzadıla bilər