HRW: Hökumətin hüquq müdafiəçilərinə qarşı misli görünməmiş repressiyaları
Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə və KİV-ə qarşı amansız repressiyaları 2015-ci ilin əsas yekunlarından biridir, bu barədə Human Rights Watch-un ötən illə bağlı hesabatında deyilir.
Belə ki, məhkəmələr aparıcı hüquq müdafiəçilərini, siyasi fəalları və jurnalistləri siyasi xarakterli, ədalətsiz məhkəmə işləri ilə uzun müddətə azadlıqdan məhrum ediblər. Onların çoxu hələ də hədə-qorxularla üzləşir, mühakimə olunur. Bir çoxları ölkəni tərk etməli olub, bir çoxlarına isə ölkədən çıxış qadağası qoyulub. İnsan hüquqları üzrə beynəlxalq müşahidəçilərin və xarici jurnalistlərin ölkəyə girişinə icazə verilməyib.
"Azərbaycanda hökumətin repressiyaları ölkənin müstəqillik tarixi ərzində misli görünməmiş həddə olub”, deyə Human Rights Watch-un Cənubi Qafqaz üzrə direktoru Georgi Qogiya bildirib.
2015-ci ildə dünyada insan hüquqları haqqında 659 səhifəlik məruzəsinin 90 səhifədən çox hissəsində HRW insan hüquqları sahəsində vəziyyəti qiymətləndirib.
Hesabatda çıxarılan hökmlər arasında hüquqşünas İntiqam Əliyevin, hüquq müdafiəçiləri Leyla və Arif Yunusun, jurnalist Xədicə İsmayılovanın, hüquq müdafiəçisi Rəsul Cəfərovun, "Azadlıq” qəzetinin icmalçısı Seymur Həzinin, müxalif fəallar Sirac və Fərəc Kərimlinin, Murad Ədilovun, Taleh Xasməmmədovun, ReAl hərəkatının lideri İlqar Məmmədovun, fəal Tofiq Yaqublunun, Anar Məmmədlinin və s. işləri xatırladılır.
Vətəndaş cəmiyyətinə qarşı qadağa və repressiyalarla yanaşı, hakimiyyət ATƏT-in Bakı ofisini bağlayıb.
Avropa Şurası hakimiyyəti hüquq və azadlıqların pozulmasına görə sərt tənqid edib və dekabrda AŞ Baş Katibi Yaqland Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasını yerinə yetirməsinin yoxlanılmasını istəyib. Bu, Bakının Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən imtina etməsindən sonra baş verib.
"Azərbaycanda şiddətli repressiyalara ciddi beynəlxalq cavabın olmaması insan hüquqları sahəsində Avropa standartlarını sarsıdır”, deyə Qogiya bildirib.
"Beynəlxalq qurumlar, xüsusən AŞ və onun üzvləri Azərbaycan hökumətinin insan hüquqları sahəsində öhdəliklərini yerinə yetirməsinə nail olmaq üçün ardıcıl strategiya işləyib hazırlamalıdırlar”, deyə o qeyd edib.
.
Maybe you are interested in:
Xədicə İsmayılova beynəlxalq mükafata layiq görülüb
Human Rights Watch-un əməkdaşı Bakıdan deportasiya olunub