Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Əvəz Həsənov: “Dövlət kameral yoxlamaları ləğv edirsə QHT-ləri niyə məhdudlaşdırmalıdır?”

 

Avropa Ittifaqının "Şərq Tərəfdaşlığı” proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə  koordinatoru Əvəz Həsənov "Amerikanın səsi”nə müsahibəsində ölkədə vətəndaş cəmiyyətinin durumu, qarşılaşdığı çətinliklər, xarici QHT-lərin Azərbaycanda fəaliyyəti və vəziyyətdən çıxış yollarından danışıb.

Sual: Azərbaycanda xarici qeyri- hökumət təşkilatlarının (QHT) sərbəst fəaliyyəti üçün şərait varmı? QHT-lərin fəaliyyəti ilə bağlı yerli qanunvericilik beynəlxalq təcrübəyə uyğundurmu?

Cavab: Azərbaycanda 2014-cü ilin fevralın 4-dək beynəlxalq təşkilatların fəaliyyəti üçün bütün şərait var idi. Yəni, onlar öz layihələrini sərbəst icra edə  bilirdilər, Azərbaycanda olan beynəlxalq təşkilatların tərəfdaşları o layihələrə qoşula bilirdi, eyni zamanda onlar dövlət ilə görüşə bilirdi. 2014-cü ilin fevralından sonra artıq Azərbaycanda vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar üçün bir dönüş oldu. Həmin beynəlxalq təşkilatlar dövlətin layihə qeydiyyatı qadağasından sonra demək olar ki, Azərbaycanda iş imkanını itirdilər. Bütün layihələr, həmin təşkilatların təşəbbüsləri Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməli idi. Qeydiyyat məsələsi əvvəllər də var idi, sadəcə dövlət onun üzərində o qədər də durmurdu. 2004-cü ildən həmin qeydiyyat prosesi var idi, sadəcə həmin qeydiyyat bir az xəbərdarlıq xarakteri daşıyırdı. Ancaq 2014-cü ilin fevralından sonra bu qətiləşdi.

Qaldı qanunvericilik məsələsinə, indiki son qanunvericiliyə birbaşa yox, qaydalar vasitəsi ilə edilmiş dəyişikliklər nəzərə alınmasa idi, normal bir qanunvericilik idi. Yəni, 2013-cü ildə Venesiya Komissiyasının nümayəndələri Azərbaycana gəlmişdi, onlar vətəndaş cəmiyyətinin üzvləri ilə görüşürdülər, bizim cidddi iradlarımız olanda bildirirdilər ki,  sizin qanunvericiliyin bəzi maddələri Şərqi Avropa ölkələrinin qanunvericiliyindən götürülmüş maddələrdir. Ciddi bir iradlar yox idi. Yəni, qanunvericilik QHT-lərin qeydiyyatı üçün bütün şəraiti yaratmışdı. Ancaq, sadəcə, bu son qaydalar onu bir az məhdudlaşdırdı. 

Sual: Hazırda ölkədə xarici QHT-lərin əsas fəaliyyət istiqamətləri necədir? İnsan hüquqları, demokratiya, media azadlığı və  digər fundamental azadlıqlar sahəsində fəaliyyət göstərən beynəlxalq QHT-lər ölkədə monitorinqlər apara bilirmi, layihələr həyata keçirirmi? 

Cavab:  Vaxtilə insan hüquqları, demokratiya, seçki məsələləri və tutaq ki, konfliktlərlə məşğul olan təşkilatlar  son iki ildə Azərbaycanda öz fəaliyyətlərini nəinki məhdudlaşdırıblar, hətta Azərbaycanda olan bütün ofislərini və proqramlarını bağlayıblar. Həmin təşkilatların Azərbaycanda insan hüquqları və  yaxud seçkilərlə bağlı tədbir keçirmək şansları yoxdur. Çünki layihə yoxdur. Yerli QHT-lər həmin təşkilatların işində yalnız layihələr vasitəsi ilə iştirak edirdi. Çünki beynəlxalq təşkilatların özləri də Azərbaycanda yalnız layihələr vasitəsi ilə fəaliyyət göstərə bilirdilər. O olmayandan sonra demək olar ki, real fəaliyyət yoxdur. Sadəcə individual şəkildə, hansısa bir eksperti cəlb etmək yolu ilə onlar Azərbaycanda monitorinq keçirə bilirlər. İnsan hüquqları, iqtisadiyyatla bağlı, ola bilsin ki, sərbəst toplaşmaq azadlığı, media ilə bağlı monitorinqlər keçirilir. Ancaq bu o demək deyil ki, bu monitorinqlərin arxasında geniş əhali kütləsini və yaxud da Azərbaycanın regionlarını nəzərdə tutan fəaliyyət var. Yəni, ekspertlər çərçivəsində qısa monitorinqlər keçirilir. 2014-cü ildən sonra ciddi bir fəaliyyət görməmişəm. 

Sual: Son illər çoxsaylı beynəlxalq QHT və ya xarici ölkələrin QHT-ləri Azərbaycandakı ofislərini bağlayıb. Buna səbəb nədir?

Cavab: Bu daha çox dövlətin beynəlxalq təşkilatların keçirdiyi layihələrə və maliyyələşdirdiyi tərəfdaşlara inamının azalması ilə bağlıdır. Nəzərə alaq ki, daha çox seçkilərin və insan hüquqları ilə bağlı proseslərin monitorinqini keçirən təşkilatlar və onların amerikalı tərəfdaşları bu cür qadağalarla rastlaşdılar. Demək olar ki, 2014-cü ilin əvvəlindən ofisi bağlanan əsas təşkilatlar məhz Amerika təşkilatlarıdır. Onlara, beynəlxalq QHT-lərə, donorlara qarşı olan cinayət işinə həmin təşkilatların, onların tərəfdaşlarının cəlb olunması onları qorxutdu. Çünki beynəlxalq təşkilatlarla, xüsusən amerikalı donorlarla işləyən elə bir Azərbaycan təşkilatı yoxdur ki, istintaq prosesindaə ifadə verməsin. Ona görə də onlar ofislərini bağladı. Mən hesab edirəm ki, Azərbaycanda QHT-lərin fəaliyyətini dəstəkləyə biləcək beynəlxalq donorların əsas istiqamətləri, məhz elə sizin dediyiniz insan hüquqları, demokratiya, azadlıq, sərbəst toplaşmaq azadlığı, seçkilər idi. Qalan məsələləri də Azərbaycan hökuməti özü maliyyələşdirirdi. Yəni, Azərbaycan hökuməti özü qalan bütün humanitar, sosial, iqtisadi layihələri maliyyələşdirirdi. İndi o beynəlxalq təşkilatlar gedəndən sonra qeyd olunan insan hüquqları, demokratiyaya bağlı məsələlərin layihələşdirilməsi, maliyyələşdirilməsi çox çətinləşib.

Sual: Hazırda çox sayda qeyri -hökumət təşkilatının liderləri həbsdədir. Vəziyyətdən çıxışı nədə görürsünüz, problem necə həll olunmalıdır?

Cavab: Onlar Azərbaycan vətəndaş cəmiyyətinin özəyində duran insanlar idi. Yəni, demək olmaz ki, vətəndaş cəmiyyəti yalnız onların üzərində dururdu. Ancaq onlarsız vətəndaş cəmiyyətinin inkişafını təsəvvür etmək çətindir. Onların azad edilməsi üçün əlimizdən gələni edirik. Dövlət görüşlərində, insan hüquqları təşkilatları adından dövlətə müraciətlər edəndə də onların azad edilməsi üçün çalışırıq.  Hesab edirik ki, onların azad olunması, onların, eləcə  də bizlərin fəaliyyət göstərməsi  üçün şərait yaradılması yeganə çıxış yoludur. Dövlət bunu etməlidir, dövlət beynəlxalq təşkilatları Azərbaycana buraxmalıdır ki, vətəndaş cəmiyyəti beynəlxalq təşkilatlarla öz münasibətlərini qura bilsin. Mən başa düşürəm ki, indi bizim dövlətimiz minimal imkanlar şəraitində beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək istəyir. Ancaq gəlin görək, hansı beynəlxalq təşkilat öz layihəsinə, qeydiyyatına, tərəfdaşının qeydiyyatına bugünki maneələrin müqabilində Azərbaycana gəlib, Azərbaycanda yenidən işləmək istəyəcək. Eyni zamanda dünyada artıq fəaliyyətin foksu da dəyişib. Əvvəl Azərbaycan, ümumiyyətlə Cənubi Qafqaz beynəlxalq təşkilatların foksunda idisə, indi beynəlxalq təşkilatların əsas foksu Suriya, Ukrayna, Moldova və digər ölkələrdir. Yəni, dövlət çalışmalıdır ki, beynəlxalq təşkilatlar Azərbaycana qayıtsın, onların fəaliyyətinə şərait yaradılsın, onların qeydiyyatı ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılsın. Eyni zamanda yaxşı olardı ki, dövlət onların özləri ilə ikitərəfli müqavilələr imzalasın. Dünyanın hər yerində beynəlxalq təşkilatlarla dövlətlərin ikitərəfli müqavilələri var. Dövlət beynəlxalq təşkilatların qeydiyyatında olan bütün maneələri ləğv etməlidir. Əgər dövlət sahibkarların inkişafı ilə bağlı üçillik, dördillik kameral yoxlamaları ləğv edirsə QHT-ləri niyə məhdudlaşdırmalıdır? Məncə,  dövlət bunu başa düşməlidir və vətəndaş cəmiyyətinə normal münasibətin yaradılması üçün əlindən gələni etməlidir.   

.

www.contact.az

.

Maybe you are interested in:

Anar Məmmədli: “QHT-lərin fəaliyyəti ilə bağlı acınacaqlı bir durum var”

Leyla Yunusun vəkili: “Biz Fransua Ollanddan, Angele Merkeldən, ABŞ-dan dəstək gözləyirik”

Razi Nurullayev: Dialoq üçün ilk öncə günahsız həbsə atılmış insanlar azad edilməlidir

Əli Həsənov: “Qərbdən qorxmuruq”

Əli Həsənov: “Qərbdən qorxmuruq”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz