Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Razi Nurullayev: Dialoq üçün ilk öncə günahsız həbsə atılmış insanlar azad edilməlidir

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev "Amerikanın Səsi”nə müsahibəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Bakıda insan haqları, demokratiya ilə bağlı dialoq aparmaq üçün Amerika-Azərbaycan qrupunun yaradılması barədə razılığa gəlməsi, dialoq mühiti, qrupun tərkibinin necə olması ilə bağlı danışıb.

Sual: Amerika dövlət katibinin köməkçisinin Azərbaycana səfəri ölkədə müxalifətlə iqtidar arasında dialoq mühitinin yaranmasına təkan verə bilərmi?

Cavab: Təbii ki, mən bunun bir ciddi dialoq yaradacağı inancında deyiləm. Amma belə bir imitasiyanın yaradılması üçün cəhdlər ola bilər. Çünki, bu onu deməyə əsas verir ki, Azərbaycan hakimiyyətinin son zamanlar atdığı addımlar bir az da aqressivləşib. Onlar vətəndaş cəmiyyəti və siyasətçiləri təqib etməyə başlayıblar. Bundan öncə də təbii ki, bu cür cəhdlər olmuşdu.

İndi də, demək olar ki, iqtidar-müxalifət dialoqu adı altında bir fəaliyyət var. Amma Azərbaycanın aparıcı qüvvələri kənarda qalıb. Buna görə dialoqun ciddi nəticə verəcəyi inancında deyiləm. Amma indi söhbətlərin nə qədər gərgin keçdiyindən və nə qədər ciddi razılıq əldə olunduğundan xəbərsiz olduğuma görə, hazırkı vəziyyətə uyğun olaraq ciddi gözlənti gözləmirəm.  

Sual: Viktoriya Nuland dialoq mühitinin yaradılması üçün ikitətəfli formatda Amerika-Azərbaycan strukturunun yaradılması və Avropa Şurası ilə koordinasiya edilməsi ilə bağlı bəyanat verib. Fikrinizcə, bu, ölkədə dialoq mühitinin dərinləşməsinə necə təkan verə bilər?

Cavab: Biz bundan öncə Avropa Şurasının baş katibi Yanqlandın təşəbbüsü ilə yaradılan işçi qrupundan ciddi nəticələr görə bilmədik. Mən bunu hətta bir iflas kimi də dəyərləndirə bilərəm. Daha çox insanlar azadlığa çıxmadı, bu, bir imitasiya rolu yaratdı. Həmin qrupda arzu olunan şəxslər də təmsil olunmadı. Bu gün onunla paralel olacaq bir qurum yaradılırsa - təbii ki, biz bunu alqışlayırıq və ABŞ-ın Azərbaycanda insan haqlarına, demokratiyaya verdiyi bir dəyər kimi qiymətləndiririk. Amma bunun üzərində ciddi iş aparılmalı və nəticəsi cəmiyyətə açıqlanmalıdır. Onun qurulması üçün burada real insanlardan, real müxalifətdən ibarət bir qurum və real dialoq mühiti yaradıla bilər. Bu da ilk öncə günahsız həbsə atılmış insanların azad edilməsidir. İkincisi isə, bu gün Viktoriya Nuland vətəndaş cəmiyyəti ilə bağlı çox fikirlər səsləndirib. Vətəndaş cəmiyyəti olmazsa, demokratiya da olmaz kimi fikrilər səsləndirdi. Buna görə də vətəndaş cəmiyyəti ilə bağlı qəbul edilmiş repressiv və məhdudlaşdırıcı qanunlar geri oxunmalıdır. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün şəriat yaradılmalıdır. Təbii ki, vətəndaş cəmiyyətlərinin xaricdən müəyyən maliyyə vəsaiti almasına da şərait yaradılmalıdır. Bundan əlavə olaraq ABŞ-ın özünün beynəlxalq təşkilatlarının Azərbaycanda fəaliyyəti var idi. İREX, NDİ, Peace Korpus, bu təşkilatlar demək olar ki, bağlanıb. Bu da vətəndaş cəmiyyətinin fəaliyyətinin çox ciddi məhdudlaşdırılması baxımından bir çağırışdır. Onların fəaliyyəti, o cümlədən Azadlıq Radiosunun fəaliyyəti bərpa olunarsa, dialoqun bir predmeti kimi və ya dialoq istiqamətində bir addım kimi dəyərləndirə bilərəm.

Təbii ki, yaradılacaq qurumun tərkibində real müxalifətdən nümayəndələr də ola bilər. Əgər bu real və ABŞ-ın iştirakı ilə  birgə olacaqsa yəqin ki, biz də bununla bağlı bir düşüncəyə sahib ola bilərik.

Sual: Belə olan halda Amerika-Azərbaycan münasibətlərinin gələcək perspektivlərini necə görürsünüz?

Cavab: ABŞ hal-hazırda Azərbaycanla enerji sahəsində heç bir fikir ayrılığına malik deyil, çox ciddi inkişaf var. Bu inkişafın perspektivi də var. Burada bir problem görmürəm. Təhlükəsizlik sahəsində də Azərbaycanla ABŞ arasında bir problem yoxdur. Dövlət katibinin köməkçisi də vurğulayıb ki, Kosovo və Əfqanıstanda ciddi əməkdaşlıqları var və bunun daha da gücləndirilməsi barədə də razılıq əldə edilib. Qalır demokratiya məsələsi, məhz demokratiya məsələsində Azərbaycanla ABŞ arasında fikir ayrılıqları var. Bu sahədə ciddi irəliləyiş olmasa, hesab edirəm ki, ABŞ digər sahələrdə də Azərbaycanla əməkdaşlığına yenidən baxmalıdır. Bu məsələləri məhz demokratiya məsələləri ilə bağlamalıdır. Bu olmasa hesab etmirəm ki, perspektivdə nə isə görə bilərik. Eyni zamanda Azərbaycan cəmiyyəti və müxalifəti də ABŞ-ın bu sahəyə önəm verməyəcəyi, digər iki sahəni bununla bağlamayacağı təqdirdə  ciddi perspektiv olacağından nagümandır. Bu da ABŞ-ın Azərbaycanda nüfuzunun azalmasına səbəb ola bilər.

Sual: Hazırda ölkədə dialoq mühiti varmı və ya dialoq mühiti yaradılması üçün nə edilməlidir? 

Cavab: Biz mühitin yaradılmasını görməliyik, hiss etməliyik. Hal-hazırda cəmiyyətdə dialoq mühitinin olduğu düşüncəsində deyiləm. Dialoqun predmeti olmalıdır. Hakimiyyət dialoq istəyirsə kifayət qədər ciddi addımlar atmaldır. Biz görməliyik ki, artıq müsbət addımlar atıldı və bunun inkişaf etdirilməsi lazımdır. Predmetsiz və mövzusuz iclaslarda oturmaq və ordan-burdan danışmaq heç də müxalifət tərəfindən, Azərbaycanın demokratik cəmiyyətinə bir şey qazandırmır. Bu, hakimiyyətə imkan verir ki, dialoq mühiti üçün imitasiya yaratsın. Bunu da beynəlxalq təşkilatlara Azərbaycan müxalifəti ilə dialoqu kimi təqdim edir. Biz bununla razı deyilik. O cəhətdən predmeti olan, sonradan nəticəsini bir neçə gün ərzində görə biləcəyimiz dialoqun tərəfdarıyıq.

.

contact.az

.

Maybe you are interested in:

R.Sekuta: ABŞ və Azərbaycan arasında dialoq 4 istiqamət üzrə aparılır

Ərəstun Oruclu: Amerika-Azərbaycan işçi qrupunun təşkilində təkcə Azərbaycan hakimiyyətinin rəyi nəzərə alınmamalıdır

Amerika-Azərbaycan işçi qrupu nəylə məşğul olacaq?

Viktoriya Nuland: “ABŞ və Azərbaycan demokratiya və insan hüquqları üzrə birgə struktur yaradacaqlar”

Pənah Hüseyn: “Dialoq üçün ilk öncə siyasi məhbuslar azad edilməlidir”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz