Pənah Hüseyn: “Dialoq üçün ilk öncə siyasi məhbuslar azad edilməlidir”
Keçmiş baş nazir Pənah Hüseynin "Amerikanın səsi”nə müsahibəsi
Azərbaycanın keçmiş baş naziri, Xalq Partiyasının lideri Pənah Hüseyn "Amerikanın Səsi” radiosuna müsahibəsində iqtidar-müxalifət dialoqu, onun formatı, gündəliyi və nəticələrindən danışıb.
Sual: İqtidarla müxalifətin dialoq təşəbbüskarlarından biri də siz idiniz. Amma ilk görüşə qatılmadınız. Səbəbi nədir?
Cavab: Həm iqtidar, həm də müxalifət tərəfindən olan iştirakçılar bunu iqtidar-müxalifət dialoqu yox, Prezident Administrasiyasının şöbə müdiri ilə bir qrup siyasi partiyanın görüşü adlandırıb. Doğru olan da budur. Amma indi ekspertlər, jurnalistlər bunu iqtidar-müxalifət dialoqu kimi qələmə verirsə buna da bir qadağa qoymaq olmaz.
O ki qaldı mənim bu məsələdə iştirak etməməyimə, bu, açığı son bir ayda - bu görüş təşəbbüsündən keçən bir ayda ümumi siyasi vəziyyətlə bağlı oldu. Çünki çox təəssüf ki, daxili siyasi vəziyyət çox sürətlə gərginləşdi, pisləşdi. Xədicə İsmayılova həbs olundu, bir qrup siyasi məhbus qapalı həbsxanaya göndərildi, Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovun çox mürtəce bir çıxışı oldu. Bundan əvvəl isə Prezident Administrasiyasının digər şöbə müdiri Əli Həsənovun təkzibedici açıqlaması oldu. Sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məlum məqaləsi meydana çıxdı. Bu, həm daxili siyasi qüvvələrə, vətəndaş cəmiyyətinə, həm də beynəlxalq demokratiyaya faktiki bir müharibə kimi ortaya çıxdı. Bununla bağlı belə bir görüşün -əgər dialıoq olardısa, onun səmərəliliyinə və nəticə ilə bitməsinə, ictimaiyyət tərəfindən də doğru-düzgün qavranılmasına bir şübhə yarandı.
Bu məsələdə əvvəldən bizim iki yanaşmamız var. Bir tərəfdən Azərbaycandakı bu vəziyyətdən çıxış olaraq siyasi partiyaların rolunun artırılması konsepsiyasını həyata keçirməyə çalışırıq. Digər tərəfdən də ölkədə islahatların həyata keçirilməsinı irəli sürürük. Bunun da bir mexanizmi kimi iqtidar-müxalifət dialoqunun həyata keçirilməsinə nail oluruq. Biri var görüş baş tutdu, yəni siyasi partiyalatr bu görüş nəticəsində həqiqətən gündəliyə gəldi. Eyni zamanda Müsavat və Xalq Cəbhəsi partiyalarının iştirak etmədiyi hansısa bir tədbiri də iqtidar-müxalifət dialoqu adlandırmaq çox ciddi idi. Mən bir məsələni də açıq deyim. Mənim iştirak etməməyimin bir çox səbəbləri olub. Biri də ondan ibarətdir ki, mənim orada iştirakım dolayısı ilə Müsavat Partiyasının iştirakı təəssüratı yarada bilərdi. Bu da əslində baş tuta biləcək iqtidar-müxalifət dialoquna fayda yox, mane ola bilərdi. Bütün bu dediyim və demədiyim səbəblərə görə iştirak etmədim.
Sual: Bu görüşün dialoqa çevrilməsi üçün nə edilməlidir? Formatı necə olmalıdır?
Cavab: Bunun iqtidar-müxalifət dialoqu olması üçün əvvəla siyasi partiyalarla, minimum Müsavat və Xalq Cəbhəsi partiyalarından ən azı biri, yaxşı olar ki, yetərli dialoq olması üçün hər ikisi iştirak etsin. Bundan əlavə, vətəndaş cəmiyyətinin nüfuzlu nümayəndələri (düzdür, onlar siyasi müxalifət deyil, amma ölkədəki proseslər elədir ki, onlar da müstəqil yer tuturlar) iştirak etməlidir. Bundan əlavə, son prezident seçkilərində iştirak etmiş müxalifətin nümayəndəsi Cəmil Həsənlinin iştirakını faydalı hesab edirəm. Əgər belə bir format alınarsa, buna yaxın bir format olarsa, əvvəlcədən müzakirə ediləcək mövzuların gündəmi müəyyən olunarsa, hazırlıq işləri gedərsə, konkret əldə ediləcək nəticələr ətrafında fikrilər cəmlənərsə, bunu iqtidar-müxalifət dialoqu hesab etmək olar.
Sual: Dialoqun gündəliyinə hansı məsələlər daxil edilməlidir? Nəticələrin olacağına inanırsınızmı?
Cavab: Ən doğrusu dialoqa qədərki müddətdə atılacan addımlardır. Buna şərt də demək olar. Biz şərt dili ilə danışmağın tərəfdarı deyilik. Amma hadisələrin şərti demək olar. Bu, birinci növbədə siyasi məhbuslar məsələsinin həllidir. Ümumiyyətlə, özü-özlüyündə bu, Azərbaycanda fəqrli bir siyasi situasiya yaradar. Bu, dialoq, qarşılıqlı münasibətlər, gərginliyin azalması üçün fövqəladə bir əhəmiyyətli rol oynaya bilər. Yəni, bütövlükdə fundamental köklü islahatlar və onların yol xəritəsi müxalifət tərəfindən işlənib hazırlanıb. Biz bütöv bir paket təklif edə bilərik. Əlbəttə, Qarabağ məsələsi də gündəmə gələ bilər. Biz çoxdandır təklif edirik ki, Qarabağ məsələsi ətrafında Azərbaycan cəmiyyətinin ortaq mövqeyinin nümayiş olunması üçün bir ümumxalq Qarabağ toplantısı keçirilsin. Vaxtı ilə olub, 90-cı illərdə bu tipli tədbirlər olub. Bu müharibə şəraitindən çıxış yollarını iqtidarlı müxalifətli, vətəndaş cəmiyyəti, nüfuzlu şəxslərlə axtarıb tapmaq olar. Prinsip etibarilə, əlbəttə, istər-istəməz 2015-cü il parlament seçkiləridir. Bu seçkilərin azad və ədalətli şəkildə keçirilməsi üçün də real addımlar atılmalıdır. Burada seçki islahatının aparılması, Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi, komissiyaların tərkibinin dəyişdirilməsi, ümumiyyətlə, mümkün olan dərəcədə bəzi addımların atılmasına ehtiyac var. Yəni, prinsip etibarilə bu məsələləri müəyyən sövdələşmə, bazarlıq kimi qələmə vermək doğru olmazdı. Amma açığı müəyyən irəliləyişlərin olması üçün bəzi razılıqlar, kompromislər də mümkündür. Bunun üçün proses getməlidir. Mən sizə açıq deyim, biz sadəlövh deyilik Sizə səmimi deyim ki, bu prosesin doğru-düzgün bir istiqamətdə gedəcəyi xeyli dərəcədə iqtidardan asılıdır. İnam hələlik o qədər də böyük deyil. Lakin iqtidardan da, müxalifətdən də asılı olmayan proseslər, şərtlər var. Dünyada, ölkə daxilində gedən proseslər, sosial-iqtisadi məsələlər, dünyada iqtisadi böhranın meydana gəlməsi və s. Biz hesab edirik ki, bütün bunlar vadar edəcək ki, iqtidar da müxalifət də bu istiqamətdə müəyyən addımlar atmağa meyllənsinlər.
Sual: Ölkədə dialoq üçün mühit varmı?
Cavab: Sentyabrda İnsan Haqları və Demokratiya Mərkəzində birləşən partiyaların bir ümumrespublika müşavirəsi olmuşdu. Orada dialoq mühitinin yaradılması haqqında bir tapşırıq verilmişdi. Hesab edirəm ki, nə qədər qəribə görünsə də, iqtidar nə qədər "möhtəşəm, güclü, sabit, özündən arxayın” görünsə də, müharibə elanları təkcə xarici güclərə deyil, özlərinin daxili opponentlərinə qarşı səslənsə də, iqtidar ya müəyyən kompromislərə, islahatlara getməlidir (bu da müxalifətə qarşı münasibətin dəyişməsini və dialoq məsələsini də labüd edir). Yoxsa ölkədə ciddi sarsıntılar meydana gələ bilər ki, bundan itirən birinci növbədə iqtidar olacaq. Amma təəssüf ki, cəmiyyət də itirə bilər. Ona görə də bir yol tapıb vəziyyətdən çıxmağa cəhd etmək lazımdır.
.
Maybe you are interested in:
Milli Şura hakimiyyətlə siyasi partiyalar arasında “dialoq” barədə