Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Viktoriya Nuland: “ABŞ və Azərbaycan demokratiya və insan hüquqları üzrə birgə struktur yaradacaqlar”

 

ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nuland çərşənbə axşamı səhər Bakıda Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və dövlət başçısı İlham Əliyevlə görüşlər keçirib.

"Prezident Əliyev və nazir Məmmədyarovla çox yaxşı, məzmunlu və səmimi görüşlərimiz oldu. Bu görüşlərdə mənim əsas mesayım o oldu ki, biz Azərbaycanla 20 illik əməkdaşlığı yüksək qiymətləndiririk. Biz onu daha da güclü, daha demokratik və müstıqil görmək istəyirik, təhlükəsizlik, iqtisadiyyat, energetika sahəsində əməkdaşlığı davam etdirmək istəyirik, demokratiya sahəsini mümkün qədər daha da gücləndirmək istəyirik”, - Nuland danışıqların yekunları ilə bağlı ABŞ səfirliyində keçirilən brifinqdə bildirib.

O, əməkdaşlığın digər prioritetləri arasında ekstremizmə və terrorizmə qarşı mübarizəni göstərib. Bu çərçivədə ABŞ Azərbaycanın güc strukturlarına dəstəyini davam etdirəcək.

Təhlükəsizlik məsələsi energetika, əsasən neft və boru kəmərlərinin təhlükəsizlyinin təminatı ilə əlaqəlidir. Bu mövzu "Cənub” qaz dəhlizi layihəsi baxımından aktuallaşır. ABŞ və Avropa İttifaqı bu layihəni fəal şəkildə dəstəkləyir.

"Biz həmçinin qeyri-neft sektorunun və iqtisadi əlaqələrin inkişafı məqsədilə Azərbaycan iqtisadiyyatının diversifikasiyasından danışdıq. Bu gün prezident korrupsiyaya qarşı mübarizədə qətiyyətli olduğunu bildirdi. Çünki korrupsiya demokratiyanın qatilidir və xarici investisiyaların qarşısını alır. Biz bu istiqamətdə birgə səyləri davam etdirməyə razılıq verdik”, - Nuland qeyd edib.

Qarabağ nizamlanması məsələsinə də toxunulub.

"Biz münaqişə zonasında zorakılığın artmasından çox narahatıq və mən bu mövzunu Ermənistanda da davam etdirəcəm. Çünki vəziyyətə görə hər iki tərəf məsuliyyət daşıyır”, - Nuland vurğulayıb.

"Biz, əlbəttə, demokratiya və insan hüquqlarından da danışdıq. Hökumətlə vətəndaş cəmiyyəti arasında açıq, yaxşı əlaqələr ölkənin gələcəyi üçün çox vacibdir və ABŞ bunu dəstəkləyir.

Bu gün biz ABŞ-ın bu məsələ ilə bağlı narahatlığından, insan haqlarının vəziyyəti və KİV problemlərindən də danışdıq. Bu mövzuda məsləhətləşmələri davam etdirmək,  vətəndaş cəmiyyəti və demokratiya mövzusunda Amerika-Azərbaycan dialoqunu gücləndirmək barədə razılığa gəldik. Söhbət Avropa Şurası strukturları ilə paralel işləyəcək ikitərəfli qurumun yaradılmasından gedir”, - dövlət katibinin köməkçisi bildirib.

O əlavə edib ki, Fulbrayt, Ayreks, Fleks proqramları çərçivəsində şagird mübadiləsinin gücləndirilməsi barədə razılıq var.

Turan-ın "Azərbaycanda "rəngli inqilab”ların hazırlanması ilə bağlı Vaşinqtonun ünvanına səslənən ittihamları ABŞ necə qiymətləndirir” sualının cavabında Nuland deyib ki, inqilab o zaman mümkündür ki,  hökumət, vətəndaş cəmiyyəti və sadə insanlar arasında dialoq olmasın. Qapılar bağlıdır və hakimiyyət problemləri eşitmir,  onları müzakirə etmək istəmir. "Məhz bundan ötrü biz hakimiyyətlə vətəndaş cəmiyyəti arasında güclü dialoqa tərəfdarıq  ki, mövcud problemlər həllini tapsın”, - Nuland bildirib.

Cəbhə xəttində gərginliklə bağlı sualın cavabında dövlət katibinin köməkçisi deyib ki, o, Bakıda atəşkəsə əməl olunmasının vacibliyi barədə öz fikrini bildirib və bu fikri Ermənistanda da bildirəcək. Azərbaycanlı girovlara gəlincə, Nuland deyib ki, onlar humanitar baxımdan qaytarılmalıdır və bu məsələni sabah Yerevanda qaldıracaq.

.

contact.az

.

Maybe you are interested in:

Bricet Brink: ABŞ Azərbaycana çox böyük önəm veirir

Amerika-Azərbaycan İnsan Hüquqları Komissiyası ilə bağlı vəziyyət aydın deyil

Nuland Cənubi Qafqaz ölkələri hökumətlərini dialoqa çağırdı

Razi Nurullayev: Dialoq üçün ilk öncə günahsız həbsə atılmış insanlar azad edilməlidir

Viktoriya Nuland vətəndaş cəmiyyəti nümayəndələri ilə söhbət edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz