Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Anar Məmmədli: “QHT-lərin fəaliyyəti ilə bağlı acınacaqlı bir durum var”

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli "Amerikanın səsi”nə müsahibəsində həbsxanalarda məhbuslara münasibət, məhbusların saxlanma şəraiti, QHT-lərin mövcud durumu və problemin həllindən danışıb.

Sual: Siz bu günlərdə həbsdən azadlığa buraxılmısınız. Məhbusların saxlanma şəraiti ilə bağlı nə deyə bilərsiniz?

Cavab: Həbsdə olduğum 2 il 3 ay müddətində, - 1 il qapalı rejimdə Kürdəxanıdakı istintaq təcridxanasında, 1 il 3 ay isə 13 saylı  cəzaçəkmə müəssisəsində yaşadım. Kürdəxanıdakı vəziyyəti nisbətən qənaətbəxş hesab etmək olar. Çünki bu yaxınlarda tikilib, istifadəyə  verilmiş bir binadır. Ancaq orada da infrastrukturla bağlı müəyyən problemlər qalmaqdadır. Xüsusilə də diqqət çəkən əsas çətinlik (bizim kamerada olmasa da başqa kameralarda) sanitariya qaydalarının pozulması halları, bir də dustaqların sayından, yəni yerlərin sayından  dustaqların sayının çox olmasıdır. Məsələn, 4 nəfərlik kameraya bəzən 6-8 nəfər məhkumu yerləşdirirlər. Bu,  əlbəttə, çox ciddi şəkildə problemlər yaradır. 13 saylı cəzaçəkmə müəssisəsində isə ciddi problem infrastrukturla bağlıdır. Demək olar ki, kanalizasiya, elektrik, istilik, suyun verilməsi ilə bağlı çox ciddi problemlər yaşanmaqdadır. Bu da həmin obyektin ərazisinin keçmiş SSRİ dövründə tikilib istifadəyə  verilməsi, çox köhnəlməsi ilə bağlıdır. Demək olar ki, sanitar qovşaqları yoxdur. Təsəvvürünüzə gətirin ki, 250 nəfərlik bir korpusda cəmi dörd sanitar qovşağı (tualet) var. Bu da çox ciddi çətinliklərdən xəbər verir. Yəni bu, bir nümunədir. Ümumilikdə isə problemlər xeyli dərəcədə çoxdur.

Sual: Bəzi media orqanları saxlanma yerlərində məhbusların işgəncələrə və yaxud qeyri- insani münasibətlərə məruz qalması barədə  məlumatlar dərc edir. Rəsmi strukturlar isə bunu inkar edir. Siz necə  düşünürsünüz, saxlandığınız müddətdə belə hallarla rastlaşdınızmı?

Cavab: Konkret olaraq mənə və mənim tanıdığım, ünsiyyətdə olduğum siyasi məhkumlara qarşı belə bir münasibət baş verməyib. Müəyyən hallarda məhkum olaraq hüquqlarımızın pozulması ilə bağlı hallar olanda dərhal reaksiya verirdik və çalışırdıq bunu aradan qaldıraq. Bizim ən ciddi çətinliyimiz mətbuata abunə yazıldıqdan sonra bu abunənin bizə çatdırılması ilə bağlı idi. Yəni, bilmirəm, bunu da informasiyaya ehtiyacı olan bir şəxs üçün işgəncə hesab etmək olar? Çünki təsəvvürünüzə gətirin ki, dəfələrlə olub ki, bizim abunə yazıldığımız qəzetlər ya bizə verilmir, ya da ki, həbsxanaya gətiriləndə oradan bəzi məqalələr kəsilib götürülürdü. Digər dustaqlar isə belə halların olduğunu bildirirdilər. Əfsuslar ki, biz onlara hüquqlarını başa salırdıq, onlara bildirirdik ki, bununla bağlı məhkəməyə müraciət edin, çox böyük əksəriyyət bu kimi hallardan istifadə etmirdi. Amma özümün şəxsən şahidi olduğum belə bir işgəncə görməmişəm.             

Sual: Azərbaycanda Qeyri Hökumət Təşkilatlarının (QHT) azad fəaliyyəti üçün şərait varmı? Bu sahədə hansı islahatlara ehtiyac var?

Cavab: Azəarbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı vəziyyəti sıfır vəziyyəti hesab edirəm. Çünki hazırda Azərbaycanda vətəndaş cəmiyyəti, ümumiyyətlə vətəndaşların birləşmək azadlığına olan münasibət sıfır səviyyəsindədir. Bu, dəyişilməlidir. Biz təxminən SSRİ dövrünün vəziyyətinə gəlib çatmışıq. Bank hesabları bağlanıb, xarici donor təşkilatlarla münasibət demək olar ki, sıfıra endirilib, QHT-nin qeydiyyatdan keçirilməsi müşkülə çevrilib, xeyli sayda QHT fəalının bank hesabı dondurulub və bu günlərədək həbslər, cinayət işləri, bu kimi hallar, əlbəttə, QHT-lərin fəaliyyəti ilə bağlı acınacaqlı bir durumun olduğunu göstərir. Mən hesab edirəm ki, həm qanunvericiliklə bağlı, həm də mövcud ictimai-siyasi praktikanın dəyişdirilməsi ilə bağlı ciddi islahatlara ehtiyac var.

Sual: Sizin rəhbərlik etdiyiniz QHT də daxil olmaqla, bir sıra  QHT-nin bank hesabları dondurulub, rəhbərlərinin xaricə çıxışına qadağa qoyulub. Bundan sonra fəaliyyətinizi necə davam etdirəcəksiniz?

Cavab: Doğrusu, bir təşkilat olaraq fəaliyyət göstərməyimiz hazırda müşkülə çevrilib. Çünki biz xüsusi olaraq xarici donorlardan maliyyələşən təşkilat olmuşuq. Bizim hazırda maliyyə fəaliyyətimizlə bağlı son bir il yarım müddətində ciddi problemlər yaranıb. O problemi aşmaq üçün birinci növbədə qanunvericilik dəyişməlidir. O baxımdan bizim ciddi böyük layihələr həyata keçirməyimiz çətin görünür, perspektivsiz görünür. Yəqin ki, bizim ilk işimiz hazırda mövcud ictimai-siyasi vəziyyətin dəyişilməsi və normativ aktlara islahatların getməsi, təkmilləşdirmənin aparılması ilə bağlı fəaliyyət olacaq. Biz birinci növbədə özümüz üçün fəaliyyət məkanının yaradılmasına çalışmalıyıq. Ondan sonra digər istiqamətlərdə fəaliyyət göstərməyə başlamalıyıq. Ancaq, əlbəttə ki, mən bir fərdəm və fərd kimi öz fəaliyyətimi  göstərəcəm. Hansısa siyasi məhbusun azad olunması, ona müəyyən dəstəyin göstərilməsi  və ya məhkəmə  proseslərinin monitorinqi ilə bağlı fərdi qaydada iş görəcəm. Yəni, öz bilik və bacarığımı bu prosesə sərf etməyə çalışacam.

Sual: Hazırda həbsdə olan siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılması üçün cəmiyyət və  hökumət nə etməlidir? Çıxış yolunu nədə görürsünüz?

Cavab: Hökumət bir şey etməlidir, konkret olaraq siyasi iradə nümayiş etdirməlidir. Hökumət fərqində olmalıdır ki, nə qədər ki Azərbaycanda siyasi məhbus var, Azərbaycan dünya birliyi, üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qınaqlara və təzyiqlərə məruz qalacaq. Bu məsələdə ikinci bir suçlunu axtarmaq, məsuliyyətli cavabdeh şəxs axtarmağa ehtiyac yoxdur. Cəmiyyət isə buna qədər göstərdiyi səyləri daha da artırmalıdır. Çünki hazırda Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında siyasi məhbus sayına görə ilk üçlükdə yerləşir. Bizim üçün utancdır ki, 21-ci əsrin əvvəllərində ölkəmizdə çoxlu sayda insan öz alternativ fikrinə, alternativ siyasi fəaliyyətinə, baxışlarına görə həbsdədir. Ona görə də həm sosial medianın, həm beynəlxalq təşkilatlarla əlaqələrin hesabına ictimai təşkilatlar, siyasi partiyalar öz güclərini, səylərini birləşdirməli və Azərbaycanda axırıncı siyasi məhbus azadlığa çıxanadək bu prosesə töhfə verməlidir. 

.

www.contact.az

.

Maybe you are interested in:

Əvəz Həsənov: “Dövlət kameral yoxlamaları ləğv edirsə QHT-ləri niyə məhdudlaşdırmalıdır?”

Bəşir Süleymanlı: Hökumət vətəndaş cəmiyyətini eşitməlidir

Vəkil: Leyla Yunusun mesajı belədir - mübariz olun!

Avropa məhkəməsi Anar Məmmədlinin işi üzrə kommunikasiyaya başlayıb

Ombudsmanın nümayəndələri siyasi məhbuslarla görüşləri davam etdirirlər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz