Viza anlaşması: qazancımız nə olacaq?
Hazırda Vilnüsdə keçirilən "Şərq tərəfdaşlığı" sammitində iştirak edən iqtisadçı Vüqar Bayramov dünən Azərbaycanla AB arasında imzalanmış viza sadələşdirilməsinə dair sazişi şərh edib. Musavat.com iqtisadçının şərhini olduğu kimi təqdim edir.
***
Vilnüsdə Azərbaycan ilə Avropa Birliyi arasında "Viza sadələşdirilməsi və riadmisiya” anlaşması imzalandı. Sənədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, AB tərəfindən isə Litva xarici işlər naziri Linas Linkyaviçyus ilə AB-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imza atdılar. Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan və gələn il qüvvəyə minəcək bu razılıqdan sonra yaranan ilk sual sadədir: bu anlaşma Azərbaycana nə verəcək?
Əvvəla, bu anlaşmaya sadəcə şengen vizasının alınmasının sadələşdirilməsi aspektindən deyil, eyni zamanda Azərbaycanın Avropa Birliyi standartlarına uyğunlaşdırılması konkteksindən yanaşmaq lazımdır. Belə ki, bu anlaşma ölkədə biometrik pasportların dövriyyəyə buraxılmasını təmin etməklə yanaşı, eləcə də bu sahədə sənədlərin təhlükəsizliyini də reallaşdırır. Sənəd riadmisiya və qeyri-leqal miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi, təhlükəsizlik və ədliyyə sahəsində əməkdaşlıq və eləcə də Azərbaycanın xarici əlaqələrinin təkmilləşdirilməsi baxımdan da əhəmiyyətlidir;
İkincisi, bu anlaşma Azərbaycan vətəndaşlarının Avropa Birliyinə səyahət imkanlarının sadələşdirilməsi və innovasiyaların ixracı baxımdan dəyərlidir;
Üçüncüsü, bu anlaşma Azərbaycan ilə birlik arasında aparılan və eləcə də başlamalı olan, o cümlədən Assosiativ Müqavilənin gələcəkdə reallaşdırılması baxımdan pozitiv təsirlərə malikdir;
Nəhayət, bu anlaşma növbəti mərhələdə Azərbaycan vətəndaşlarının Birliyə vizasız səfəri üçün zəmin yaradacaq. Moldova təcrübəsi bu yanaşmanı tam olaraq təsdiq edir.
Bütövlükdə, anlaşma Şengen zonasına səyahət edən Azərbaycan vətəndaşlarına nə vəd edir?
Təbii ki, anlaşmanın əsas məqsədi Azərbaycan ilə Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və qonaq ölkə vətəndaşlarının daha sadə və asan mexanizmlər ilə viza almasını özündə ehtiva edir. Anlaşmada öz əksini tapan konkret məqsədlər isə aşağıdakılardır:
Birincisi, uzun müddətli vizalarda Şengen ölkəsində qalma müddəti 2 dəfə, 90 gündən 180 günədək artırılacaq. Bu o deməkdir ki, əvvəllər uzun müddətli, məsələn, 3 illik multi şengen viza alanlar üçün birlikdə maksimum qalma müddəti 3 ay idisə, bu rəqəm artıq 6 ay olacaq;
İkincisi, uzun müddətli vizaların müddətİ 3 ildən 5 ilədək uzadılacaq. Yəni, əvvəllər səfirliklər şengen vizasını maksimum 3 il müddətinə təqdim edirdilərsə indi bu zaman 5 ilədək uzadılacaq;
Üçüncüsü, şengen vizasının rəsmiləşdirilməsi üçün tələb edilən viza haqqı 60 avrodan 35 avroya endiriləcək;
Dördüncüsü, müəyyən kateqoriya Azərbaycan vətəndaşları üçün şengen vizaları pulsuz təklif olunacaq. Bu kateqoriya kifayət qədər geniş təbəqəni əhatə edir. Bura 12 yaşından kiçik olan uşaqlar, təqaüdçülər, dövlət qulluqçuları, əlil insanlar, şengen ölkəsində yaşayanların yaxın qohumları, jurnalistlər, konfrans və elmi tədbirlərdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri, mübadilə proqramında iştirak edən tələbələr və s. daxildir.
Beşincisi, vizaların verilməsi üçün tələb edilən müddət 2 dəfə azaldılacaq. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşları vizaların alınması üçün heç də günlərlə gözləməyəcəklər. Güzəştli kateqoriyalar üçün bu müddət cəmi 2 gün olacaq;
Altıncısı, viza alınması üçün tələb edilən sənədlərin sayı kəskin azalacaq. Bu isə imkan verəcək ki Azərbaycan vətəndaşları daha az sənəd təqdim etməklə vizanın rəsmiləşdirilməsini həyata keçirə bilsinlər;
Yeddincisi, şengen ölkəsində olan və viza müddəti başa çatan Azərbaycan vətəndaşları texniki baxımdan (məsələn, səhiyyə xidməti alanlar) ölkəyə qayıdaraq səfirliyə müraciət etmək imkanları olmadığı halda Avropa Birliyində həmin vizanın müddətini uzatmaq imkanına malik olacaqlar.
Ümumiyyətlə, bu anlaşma Azərbaycanın Avropaya yaxınlaşması baxımından yeni bir mərhələnin başlanğıcıdır.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Azərbaycanla Avropa arasında viza rejimi sazişi imzalandı
Viza anlaşmasında qazancımız nə olacaq?
Şərh əlavə edin