Ərdoğan məhkəməyə verildi
“Rüşvət əməliyyatı”nın keçmiş prokurorlarından şok qərar
Gül dialoq üçün müxalifəti iqamətgahına çağırdı
Türkiyədəki "böyük rüşvət əməliyyatının” araşdırılmasından uzaqlaşdırılan hər iki prokuror - Zəkəriyyə Öz və Müəmmər Akkaş son qərarları ilə dünən yerli mətbuatın əsas müzakirə mövzusu olublar. Hakim və Prokurorlar Ali Şurasının qərarı ilə Istanbul baş prokurorunun birinci müavini vəzifəsindən kənarlaşdırılaraq, Bakırköy prokurorluğuna təyin edilən Zəkəriyyə Öz baş nazir Rəcəb Tayyib Ərdoğana qarşı iddia qaldırdığını bəyan edib. Prokuror bildirib ki, baş nazir onu əsassız olaraq hədəfə alıb.
Qeyd edək ki, Istanbul baş prokurorunun birinci müavini vəzifəsindən uzaqlaşdırılandan sonra Zəkəriyyə Öz Ərdoğanla bağlı şok açıqlama vermişdi. Öz bildirmişdi ki, baş nazir iki adamını göndərərək, ondan hökumət əleyhinə araşdırmaları dərhal dayandırmağı, həmçinin yazılı şəkildə üzr istəməyi tələb edib. Əks halda, vəzifəsindən uzaqlaşdırılacağı və zərər görəcəyi barədə də xəbərdarlıq edib. Bu tələb və xəbərdarlığa əməl etmədiyi üçün də Ərdoğanın qəzəbinə tuş gəlib.
Prokuror işə başlamadan məzuniyyətə çıxdı
Dünən o da məlum olub ki, Zəkəriyyə Öz yeni iş yerində fəaliyyətə başlamadan məzuniyyətə çıxıb. O, məzuniyyətə anasının səhhətindəki problemlərlə əlaqədar çıxdığını bildirsə də, əslində, bunun belə olmadığı hər kəsə bəllidir. Zəkəriyyə Öz Bakırköy prokurorluğunda ona ayrılmış otağa addımını belə atmamış, otağın içini qapıdan seyr etməklə kifayətlənmiş, sonra da qapını açarla bağlayaraq binadan uzaqlaşmışdı. Prokurorun yeni iş otağının balaca və olduqca sadə olduğu, Özün gəlişindən bir gün əvvəl boyanaraq təmizləndiyi bildirilir. Son olaylardan sonra Zəkəriyyə Özün xidməti avtomobilinin əlindən alındığı və mühafizəçilərinin sayının yeddidən üçə endirildiyi də qeyd olunur.
Qeyd edək ki, Zəkəriyyə Özü "böyük rüşvət əməliyyatı”nın araşdırılmasından prinsipial mövqeyinə, istintaq müddətində Istanbul Polis Idarəsinə gedərək həbs olunan nazir oğlanları və digər tanınmış şəxslərin ifadələrinin, həmçinin onlara veriləcək sualların dəyişdirilməsinə imkan vermədiyinə görə kənarlaşdırılıb. Hakim və Prokurorlar Ali Şurası bu qərarı Zəkəriyyə Öz barəsində ortaya atılan, lakin hələ də təsdiqini tapmayan rüşvət iddialarına görə vermişdi.
"Rüşvət əməliyyatı”nın araşdırılmasından uzaqlaşdırılan digər prokuror Müəmmər Akkaş isə Istanbul valisi Hüseyn Avni Mutluya, şəhərin yeni polis rəisi Selami Altınoka, polis idarəsinin şöbə müdirinə və bir neçə ədliyyə əməkdaşına qarşı iddia qaldırıb. Prokuror bildirir ki, işi araşdırarkən bu şəxslər məhkəmənin çıxardığı, axtarış aparma, müsadirə etmə və saxlanılma qərarlarını icra etməkdən boyun qaçırıblar.
Qeyd edək ki, Müəmmər Akkaş bir müddət əvvəl istintaq sirrini yaymaq ittihamı ilə işin təhqiqatından kənarlaşdırılmışdı. Əslində isə səbəb Akkaşın "rüşvət əməliyyatı” çərçivəsində "ikinci həbs dalğasına” qərar verməsi və baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğanı da istintaqa dəvət etməsi idi.
Prezident 3 müxalifət lideri ilə görüşdü
Bir neçə gündür ki, Türkiyə parlamentində gərgin anlar yaşanır. Belə ki, Hakimlər və Prokurorlar Ali Şurasının quruluşunu köklü şəkildə dəyişməyi təklif edən qanun layihəsinin parlamentə təqdim olunması müxalifətin etirazı ilə qarşılanıb. Məsələ parlamentin Ədalət Komissiyasının iclasında müzakirə olunarkən Hakimlər Ittifaqının keçmiş başqanı Ömər Faruk Eminağaoğlu vətəndaş cəmiyyətinin təmsilçisi qismində söz istəyib. Ona söz verilməməsi CHP-çilərin etirazı ilə qarşılanıb və nəticədə müxalifətlə iqtidar deputatları arasında mübahisə başlayıb. Tərəflər bir-birinə noutbuk, çanta atıblar. Eminağaoğlu da Z.Aslan tərəfindən yumruqlanıb. CHP də parlament rəhbərliyinə müraciət edərək Eminağaoğluna hücum edən AKP-çi deputatın cəzalandırılmasını tələb edib.
Məsələyə hökumətdən ilk olaraq baş nazir Ərdoğan reaksiya verib. Ömər Faruk Eminağaoğluna sərt təpki verərək onu "təxribatçı” adlandıran baş nazir müxalifətə də etirazını bildirib. O, qeyd edib ki, Hakimlər və Prokurorlar Ali Şurası ilə bağlı qanun layihəsində Konstitusiyaya zidd heç nə yoxdur.
"Prezidentimiz nə deyəcək bilmirəm, amma müxalifətin edə biləcəyi şey Konstitusiya Məhkməsinə müraciət etməkdir” deyən Ərdoğanın bu sözlərindən bir gün sonra, yəni, dünən prezident Abdulla Güldən reaksiya gəlib. Amma Ərdoğandan fərqli olaraq, Gül müxalifət liderlərini - CHP başqanı Kamal Kılıçdaroğlunu, MHP başqanı Dövlət Baxçalını və BDP başqanı Səlahəddin Dəmirtaşı müzakirəyə çağırıb. Çankaya iqamətgahında baş tutan görüşdə prezident partiya sədrləri ilə tək-tək söhbət aparıb. 35 dəqiqə davam edən ilk görüşdən sonra CHP başqanı mətbuata açıqlama verərək 17 dekabr "rüşvət əməliyyatı”nı "dövlət böhranı” adlandırıb: "17 dekabr Türkiyə üçün çox böyük hadisə oldu. Məhkəməyə müdaxilə edilməsi, istintaqa maneə yaradılması Türkiyənin gündəminə ciddi problem kimi daxil oldu”.
"Cümhuriyyətin 90 illik demokratiya qazancı zibilə atıldı”
Hakimlər və Prokurorlar Ali Şurası ilə bağlı qanun layihəsinə gəlincə, müxalifət lideri irəli sürülən dəyişiklik təklifini Türkiyə Cümhuriyyətinin 90 illik demokratiya qazancının zibilə atılması kimi qiymətləndirib. O, bu istiqamətdə narahatlıqlarını prezident Güllə də bölüşdüyünü bildirib.
Ərdoğan 5 illik aradan sonra Brüsselə gedir
Baş nazir Rəcəb Tayyib Ərdoğan yanvarın 21-də 5 illik fasilədən sonra Brüsselə səfərə edəcək. Baş nazirin orada Avropa Birliyinin rəhbər şəxslərilə görüşü nəzərdə tutulub. Türkiyə mətbuatı isə son yaşananlara görə Ərdoğanın bu səfərinin kritik dönəmə təsadüf etdiyini, Türkiyə-Avropa Birliyi əlaqələri baxımdan da xüsusi əhəmiyyət daşıdığını yazıb.
Qeyd edək ki, rüşvət əməliyyatı ilə bağlı bir çox polislərin işdən çıxarılması, ümumiyyətlə, hökumətin işin araşdırılmasında tutduğu mövqe son günlər Avropanın demək olar ki, bütün ali qurumları tərəfindən tənqid olunub.
Дайджест
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Elnur Aslanov çıxarıldı, növbədə olanlar var
Ərdoğanın oğlu Azərbaycandadır?
Şərh əlavə edin