Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Beynəlxalq təşkilatlar Xədicə İsmayılın müdafiəsinə qalxdı

 

Hakimiyyətdən araşdırmaçı jurnalistə qarşı təzyiqləri dayandırmaq tələb olunur

 

Bakıda isə jurnalistin məhkəməsi davam edir

Beynəlxalq hüquq-müdafiə təşkilatları koalisyası (IGPA) "Azadlıq” radiosunun Azərbaycan xidmətinin şərhçisi, araşdırmaçı jurnalist Xədicə İsmayılın müdafiəsilə bağlı bəyanat yayıb.

"Azərbaycan hakimiyyəti onun xarici səfərlərinə qoyulan qadağanı dərhal aradan qaldırmalı, ona qarşı məhkəmə çəkişmələrinə son qoymalıdır. Vətəndaş cəmiyyətinə qarşı görünməmiş hücumların  fonunda Xədicə İsmayılovanın həbsi qaçılmaz görünür və hakimiyyətin ölkədəki bütün tənqidi səsləri susdurmaq niyyətini təsdiqləyir”, - bəyanatda deyilir.

Sənədi ARTICLE 19, Jurnalistləri Müdafiə Komitəsi, Senzura İndeksi, Avropa Jurnalistlər Federasiyası, Freedom House, Freedom Now, İnsan Haqları Evi Fondu, Mediaya Beynəlxalq Dəstək, KİV Müxtəlifliyi İnstitutu, Beynəlxalq PEN-klub və Sərhədsiz Reportyorlar kimi təşkilatlar imzalayıblar.

"Beynəlxalq birliyi, əsasən Avropa Şurasını və üzv dövlətləri Xədicə İsmayılovaya qarşı siyasi motivli cinayət işini pisləməyə çağırırıq”, - sənəddə vurğulanır.

IPGA üzvləri hesab edirlər ki, X.İsmayılın Avropa Şurası Parlament Assambleyasının son sessiyasına səfəri ona təzyiqlərə səbəb olub. Bu təzyiqlərə hava limanında beş saat saxlanma və axtarış, böhtan ittihamı ilə cinayət təqibinə məruz qalma, xarici səfərlərə qadağa daxildir.

"Azərbaycanda siyasi məhbuslar məsələsini qaldıranların özləri hakimiyyətin hədəfinə çevrilirlər. Lakin bu cür repressiyalar guya Azərbaycan hakimiyyəti tərəfindən dəstəklənən beynəlxalq insan hüquqları standartları ilə bir araya sığmır”, - deyə ARTICLE 19 təşkilatının proqram direktoru David Dias Joqeyz bildirib.

"Hakimiyyəti tənqid edənlərə qarşı təqiblərin davam  etməsi cəsarətli  hüquq müdafiəçiləri, vətəndaş fəalları və jurnalistlərin görünməmiş həbs dalğasının mərhələsidir. AŞPA-da siyasi məhbuslar problemini qaldıranlar hakimiyyətin əsas hədəfləri arasındadır”, - İnsan Haqları Evi Fondunun eksperti Florian İrminger vurğulayıb.

"Biz Azərbaycanda hüquq müdafiəçilərinə qarşı təqiblərin artmasından, Xədicə İsmayılova və Arzu Qeybulla kimi jurnalistlərin  qorxudulması cəhdlərindən çox narahatıq. Beynəlxalq birlik, əsasən də Azərbaycanın da üzvü olduğu Avropa Şurası ölkədə repressiyalara qarşı qətiyyətlə səsini ucaltmalıdır”, - Senzura İndeksi-nin baş direktoru Codi Qinsberq bildirib.

"Xədicə İsmayılova Azərbaycanda ən çox təqiblərə məruz qalan jurnalistlərdən biridir. O, müntəzəm olaraq qorxudulur, eyni zamanda onun həmkarlarına siqnallar ötürülür”, - Sərhədsiz Reportyorlar təşkilatının nümayəndəsi Virjin Danqle qeyd edib.

 "IPGA Azərbaycan hakimiyyətini Xədicə İsmayılovaya qarşı təqiblərə son qoyulmasına və siyasi motivli məhkəmə iddialarının aradan qaldırılmasına çağırır. Avropa Şurası ölkələri Azərbaycanı insan hüquqlarına dair öhdəliklərini yerinə yetirməməsi ilə bağlı məsuliyyətə çağırmalıdır. AŞ Nazirlər Komitəsinin sədri kimi Azərbaycanın reputasiyası təhlükə altındadır”, - sənəddə vurğulanır (contact.az).

***

Amnesty İnternational təşkilatı da Azərbaycan hakimiyyətini Xədicə İsmayıla qarşı təzyiq və təqiblərə son qoymağa çağırıb. 

"Hakimiyyət onun ölkədən  çıxması barədə qadağanı ləğv etməli, onun insan hüquqlarının müdafiəsi sahəsində normal fəaliyyəti üçün şərait yaratmalıdır. Xədicə İsmayılovanı siyasi motivli ittihamlar əsasında həbs təhlükəsi gözləyir”, - deyə sənəddə vurğulanır.

***

Bu arada Bakıda Xədicə İsmayılın məhkəməsi davam edib. Bundan əvvəlki iclasda dövlət ittihamçısı iddiaçı Elman Həsənovun lehinə sənədlər təqdim edib. Xədicə İsmayılın vəkili Elton Quliyev həmin sənədlərin mənşəyinin bəlli olmadığını və məhkəmədə sübut kimi istifadə edilməsinin mümkünsüzlüyünü bildirib.

Vəkil sənədlərin işdən çıxarılması ilə bağlı vəsatət hazırlayacağını söyləyib. Məhkəmə yazılı vəsatətin hazırlanması üçün oktyabrın 23-dək təxirə salınıb.

«Baş bayraqdar» ayamalı Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin böhtan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Elman Həsənov jurnalistin öz «facebook» hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edir.

Xədicə İsmayıl Azadlıq Radiosuna insanların şəxsi həyatlarına hörmət etdiyini və kiminsə şəxsi həyatı ilə bağlı heç vaxt məlumat yaymadığını vurğulayıb. Jurnalist MTN-nin müxalifətin idarə olunması üçün bəzi şəxslərin ələ alınması haqda olan məlumatı paylaşmadan öncə oradakı bütün adları və şəxsi məlumatları sildiyini bildirir. Xədicə İsmayıl əlavə edir ki, «facebook»da paylaşdığı məlumatın sənəd olduğunu heç vaxt iddia etməyib.

.

azadliq.info

.

Maybe you are interested in:

Hüquq-müdafiə təşkilatları Avropa məhkəməsini Xədicə İsmayılovanın işinə baxmağa çağırıblar

Jurnalistləri Müdafiə Komitəsi Xədicə İsmayılovanın azad edilməsini tələb edie

Beynəlxalq təşkilatlar Xədicə İsmayılovanın həbsini kəskin şəkildə pisləyiblər

IGPA: Xədicə İsmayılovaya qarşı təqiblərə son qoyulsun

RATİ Xədicə İsmayılovaya qarşı təzyiqi pisləyib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz