60 yaşını həbsdə qarşılayan alim, ziyalı və vətəndaş
Yanvarın 12-i siyasi məhbus Arif Yunusun 60 yaşı tamam olur. O, altımış illik yubleyini Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında qarşılayır. Onlar ailəvi məhbus həyatı yaşayırlar. Lap 37-ci ildə olduğu kimi. Azərbaycan çoxdan belə həbs ənənəsini unutmuşdu. Gənc nəsil belə şeyləri dərsliklərdən öyrənirdi. Ailəvi həbslərdən söhbət gedəndə nümunə kimi 37-nin yaddaşından Ayna və Həmid Sultanovların istintaq tərəfindən çəkilmiş solğun şəkilləri tarixdən bizə boylanırdı. İndi o şəkil köhnəlib. XXI əsrdə təzə nümunələr var, təzə şəkillər var: Leyla və Arif Yunusların nümunəsi, Arif və Leylanın şəkilləri. İndi repressiya deyəndə gənclərin tarixin 77 illik zaman fasiləsinə səyahət etmələrinə elə bir zərurət yoxdur. Bir ailənin, Yunusların faciəsi 37-nin XXI əsrə transferinin canlı nümunəsidir. Əlbəttə, lap bu günlərdə cəzaçəkmə yerində dövlət məmurları tərəfindən döyülərək öldürülən 31 yaşlı Elşən Babayevlə müqayisədə bəlkə də Yunuslar "xoşbəxt” bir həyat sürürlər və bu gəncin ölümünə etiraz etmiş yüzlərlə məhbus gecə saat 5-də yerdə uzadılıb dubinka ilə döyüləndə, söyülüb təhqir ediləndə, qaranlıqda itlərin hücumuna məruz qalanda, əsgər qışqırtısı, məhbus iniltisi və it ulaşmasının Qobustan qayalarındakı əks-sədası fonunda Yunusların "xoşbəxt” məhbus həyatına həsəd apara bilərlər. Faciə yalnız ondan ibarət diyildir ki, 30-ci illərə aid çəkilmiş filmlərdə rastlaşdığımız bu səhnələr XXI əsrdə bizim ölkəmizdə baş verir, faciə həm də ondadır ki, bütün bu cinayətlər dövlət adından, dövlət qurumları və rəsmi dövlət məmurları tərəfindən rəsmi dövlət siyasəti olaraq törədilir. Hətta, kimisə cəzaçəkmə yerində hansısa qaydanı pozursa bu o demək deyildir ki, o, həbsxana rəhbərliyi tərəfindən döyülüb öldürülməlidir. Bunun üçün müvafiq qanunvericilik və hüquqi prosedurlar var. Hüquqi dövlətin qurulduğunu bəyan edib hüquqa belə hörmətsizlik ancaq avtoritar ölkələrdə mümkündür. Məhbuslara qarşı törədilən məhz, belə qanunsuz əməllərə görə 1789-cu ilin iyul ayının 14-də Paris əhli mütləqiyyət həbsxanası statusu almış Bastiliyanı dağıtdı . Bu bir tarix hadisəsidir, 60 illik yubileyini həbsxanada keçirməli olan tarixçi dostumuzun doğum günündə zikr etdiyimiz tarix hadisəsi.
Əlbəttə, Arif Yunusu mən ilk növbədə istedadlı bir tarixçi kimi tanımışam. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda işləyərkən 1986-cı ildə maraqlı bir mövzuda namizədlik dissertasiyası müdafiə etmişdi: "Orta əsrlərdə Azərbaycanda hərb sənəti”. Həmin dövrdə orta əsrlər tarixi üzrə araşdırma aparmaq xüsusi hazırlıq tələb edirdi. Yeri gəlmişkən Leyla xanım XVIII əsr tarixi üzrə namizədlik müdafiəsi etmişdi. Onun da «İngiltərənin Xəzər hövzəsinə ticarət ekspansiyası” adlı dissertasiya işi öz elmi yeniliyi ilə seçilirdi. Onların hər ikisinin ingilis dilini yaxşı bilmələri elmi işlərini xeyli zəngin və maraqlı etmişdi. Arifin işi isə uzun müddət diqqətdən kənarda qalmış hərb tarixindən idi. Sovet ideologiyası zəminində ucqarlarda yaşayan xalqların hərb tarixini öyrənmək elə də arzuolunan mövzu sayılmırdı. İlk dəfə 50-ci illərdə buna cəhd edilsə də, Moskva yerli müəlliflər tərəfindən orta məktəblər üçün yazılmış "Azərbaycan tarixi”ni kəskin tənqid etmişdi. Səbəb isə cəngavər və ordu başçılarının bir qayda olaraq hakim siniflərin içərisindən çıxması, siniflər mübarizəsinin arxa plana keçirilməsi və tarixi keçmişin hakim siniflərin tarixi kimi yozulmasına aludəçiliklə izah edilmişdi. Aruf bəy bu araşdırma ilə sözün tam mənasında Azərbaycan tarixini zənginləşdirdi. Onun hərbi məsələlərdən bəhs edən dissertasiya işi yalnız tarix elmi üçün deyil, tarixi tərbiyə üçün də əhəmiyyətli idi. O, orta əsr Azərbaycanı və Şərq ölkələrinin hərb tarixinə aid 40-dan çox məqalənin müəllifidir.
Aruf Yunus Qarabağ tarixi üzrə Azərbaycanın ən yaxşı tarixçisi və eksperti sayıla bilər. Təsadüfü deyildir ki, Dağlıq Qarabağda erməni separatizmi başlayanda və Azərbaycan Ermənistanın təcavüzünə məruz qaldığı 1988-ci ildən başlayaraq o, tarixçi ekspert kimi Azərbaycanı beynəlxalq danışıqlarda təmsil edirdi. Arif zəhmətkeş bir mütəxəssis kimi məşğul olduğu sahəni yaxşı öyrənməyə çalışırdı. Onun Qarabağın keçmişi və münaqişənin müasir mərhələsini əhatə edən maraqlı araşdırması ötən əsrin 90-cı illərdə əvvəlcə məqalə kimi, 2005-ci ildə isə "Turan” agentliyi tərəfindən kitab kimi nəşr olundu. Həcm etibarı ilə böyük olmasa da, tarixi həqiqətin təqdimatı baxımından bu əsər son dərəcə əhəmiyyətlidir. Əgər biz Qarabağ münaqişənin tarixi ilə bağlı xarici nəşrlərə diqqət yetirsək azərbaycanlıların mövqeyi kimi xarici müəlliflər bir qayda olaraq Arif Yunusun "Qarabağ: keçmişi və bu günü” əsərinə istinad edirlər. Bu araşdırmanın Qrabağın qədim və orta əsrlər dövrünü əhatə edən ilk fəsilləri çox maraqlıdır. Arif Yunus öz araşdırması ilə tarixi mübahisələrdə daha çox keçmişə aludə olan erməniləri bir növ tərksilah etdi, məcazi mənada desək Qarabağın keçmişini erməni təcavüzündən xilas etdi. Kitabın qədim və orta əsrlərlə bağlı hissəsi öz orijinallığı ilə seçilir. O, yazır ki, Səfəvi hökmdarları inzibatı baxımdan dövləti bir sıra vilayətlərə və ya bəylərbəyliklərə böldü, bunlardan bir də Qarabağ bəylərbəyliyi idi. Onun fikrincə, bu bəylərbəyliyin əsasını 32 türk tayfaları təşkil edirdi. Araşdırmanın ən maraqlı hissələrindən biri Rus imperiyası və Qarabağ bölməsidir. Arif bəy tarixi mənbələrə istinad edərək yazır ki, məhz, rusların qərarı ilə 5 min erməni ailəsi İrandan Qarabağa köçürüldü və bununla da əyalətdə ənənəvi etnik mənzərə süni şəkildə dəyişdirildi. Əslində, mən deyərdim bu araşdırmanın "Bolşeviklər, Stalin və Qarabağ məsələsi” adlı bölməsi özlərini Stalin siyasətinin qurbanı kimi təqdim edən ermənilərin istinad nöqtəsini zərərsizləşdirmiş oldu. Beynəlxalq təbliğatda bir qayda olaraq erməni tarixçiləri məsələni belə qoyurlar ki, sən demə 1921-ci ilə qədər Dağlıq Qarabağ Ermənistanın tərkibində olub və guya Stalin həmin ilin iyul ayında onu ermənilərdən alıb Azərbaycana qaytarıb. Arif bəy rus və ingilis dillərində nəşr olunmuş bu araşdırmasında erməni müəlliflərinin bu fikrini alt-üst etdi. Əsərin sonrakı bölmələri də eyni dərəcədə maraqlıdır. O, müxtəlif dillərdə nəşr olunan 200-dən çox məqalənin müəllifidir və bu araşdırmaların böyük bir hissəsi Qarabağın keçmiş tarixi və konfliktin müasir mərhələsi haqqındadır. Mən nə üçün Arif bəy haqqında yazdığım yubiley yazısında onun bu araşdırmasına belə geniş yer verirəm. Sadəcə olaraq qoy oxucu bu gün saxta vətənə xəyanət ittihamı həbs edilmiş vətənpərvər bir alimin, ziyalının və vətəndaşın bu vətən üçün nələr etdiyinin fərqində olsun.
Əlbəttə, Qarabağ tədqiqatları bir araşdırmaçı kimi onun yaradıcılığının bir hissəsidir. 2000-ci ildə Arif bəyin "Məshəti türkləri”, 2002-ci ildə "Dünya mədəniyyəti”, 2004cü ildə "Azərbaycanda İslam”, 2009-cu ildə "Azərbaycanda miqrasiya prosesləri”, 2012-ci ildə "Azərbaycanın islam palitrası”, 2013-cü ildə «Azərbaycanda islam amili” kitabları nəşr olunmuşdur. Həbsindən bir müddət əvvəl yeni kitabının təqdimatını keçirmişdi. Son illərdə azərbaycanlıların demoqrafiyası, xüsusilə Rusiya Federasiyasında iş, çörək, dolanışıq axtaran azərbaycanlıların taleyi ilə bağlı maraqlı mülahizələrlə zəngindir Arif bəyin araşdırması.
Elmi araşdırmalar onun fəaliyyətinin aparıcı istiqaməti olsa da, Arif Yunus mövqeyi olan vətəndaş, ictimai proseslərdə öz sözü olan bir ziyalıdır. O, dərin intellektual potensiala, yüksək diskussiya mədəniyyətinə malik bir alimdir. Dəfələrlə mən onun beynəlxalq tədbirlərdə yüksək səviyyəli, obyektiv, Azərbaycanın haqlı mövqeyini müdafiə edən çıxışlarının şahidi olmuşam. Öz opponentlərini elmi dəlilləri ilə inandırmaq keyfiyyəti onu çoxlarından fərqləndirir. Təbiət etibarı ilə sakit olsa da, söhbət Azərbaycanın maraqlarından gedəndə bir qayda olaraq heç nədən çəkinmədən öz mövqeyini ortaya qoyub. Bu gün belə bir alim, belə bir ziyalı, belə bir vətəndaş öz 60 yaşını həbs yerində qarşılayır. Bu Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti, elə Azərbaycan cəmiyyəti üçün utanc verici bir hadisədir. Amma nə etmək olar, avtoritar rejimlərdə həyatın bütün gözlənilməz hadisələrinə hazır olmaq lazımdır. Rejimin olmasa da, Yunuslar ailəsinin tarixin bəraətini alacaqlarına əminəm. Arif Yunusun 60 yaşı tamam olur. O, bu 60 ili şərəf və ləyaqətlə yaşamışdır. Belə yaşayış insan ləyaqətinin alçaldıldığı müasir zəmanəmizdə hər adama nəsib olmur.
Cəmil Həsənli
.
Maybe you are interested in: