Uorlik gərginliyin artmasından narahatdır
Yerevan/18.02.15/Turan-Armİnfo: Qarabağda təmas xətti boyunca və Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması təkcə həmsədrlərin səylərini deyil, həm də iki ölkə prezidentinin münaqişənin dinc yolla həlli üzrə öhdəliklərini təhlükə altına atır. Bu barədə Qarabağda jurnalistlərə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
"Münaqişə zonasında qeyri-ixtiyari insidentlər ehtimalını azaltmaq iqtidarında olan mexanizmlər mövcuddur və biz vəziyyətin sabitləşməsi məqsədilə onların tətbiqinə yardım edirik. Həmsədrlər tərəflərə bir sıra təkliflər təqdim ediblər, indi bu təkliflər regiona səfərimiz çərçivəsində müzakirə olunur”, deyə o qeyd edib.
Eyni zamanda, o qeyd edib ki, həmsədrlər tərəflərlə bu yaxınlarda gərginliyin və zorakılığın artmasını müzakirə edirlər. Bu, region üçün təhlükəlidir. Onun fikrincə, davam edən zorakılıq şəraitində diplomatik səhnədə irəliləyiş qeydə almaq qeyri-mümkündür.
"Biz həmçinin sülh açarı əllərində olan prezidentlərin görüşlərinin bərpası zərurətinə toxunuruq. Bundan başqa, biz uzunmüddətli həll üzrə hərtərəfli danışıqların başlanmasına əhəmiyyət veririk. Sülh sazişinin imzalanmasına gətirib çıxara biləcək sabit danışıqlar prosesinin mövcudluğu çox vacibdir”, deyə o qeyd edib.
Uorlik həmçinin hesab edir ki, iki keçmiş Kəlbəcər sakininin Azərbaycana qaytarılması jumanitar addım ola bilər, gərginliyin azalmasına və tərəflər arasında etimadın bərpasına şərait yaradar.
"Bir müddət əvvəl tərəflər əsasən humanitar addım kimi məhbusların qaytarılması yolunu tapırdılar. Hazırda gərginliyin artması şəraitində belə bir humanitar addım danışıqlar üçün daha əlverişli mühitin yaradılmasına şərait yarada bilər”, deyə o qeyd edib.
Qarabağın nizamlanma üzrə danışıqlarda iştirakının mümkünlüyü haqqında suala cavabda Uorlikin sözlərindən aydın olub ki, buna Azərbaycan razılıq verməlidir. "Tərəflər üçün ilk addım bu danışıqlara başlamağa hazırlığın ifadə edilməsidir”, deyə vasitəçi qeyd edib.
.
Maybe you are interested in:
Robert Sekuta: “Bu, dondurulmuş münaqişə deyil”
ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı