Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Opponentlərin ailələrinin təqib edilməsi Azərbaycana beynəlxalq tənqiddən daha çox ziyan vurur

 

ABŞ-ın Kennan İnstitutunun əməkdaşı Odri L.Altştadt Turan-a müsahibəsində Azərbaycandakı vəziyyəti və onun Qərblə münasibətlərini şərh edib.

Altştadt Massaçusets ştatının universitetində tarix professorudur, o, həmçinin Azərbaycan tarixi, siyasəti və mədəniyyəti üzrə onlarla araşdırmanın müəllifidir. Hazırda o, Azərbaycanın İkinci Dünya Müharibəsinə qədər (1920-1940-cı illər) sovet dövrü haqqında kitab üzərində işləyir.

Sual: Bu yaxınlarda Konqresdə Azərbaycanla bağlı dinləmələrdə iştirak edərkən siz vətəndaş cəmiyyəti üzvlərinin və jurnalistlərin təqibi faktını ətraflı işıqlandırdınız. Lakin bir məsələ aydın olmur: niyə bütün bunlar baş verir və niyə məhz indi?

Cavab: Azərbaycanda bu vəziyyət son bir neçə il ərzində yavaş-yavaş yaranıb. Düşünürəm ki, rejim Ukrayna Maydanı və ya Ərəb Baharı kimi bir şey olacağından qorxur. Bunun qarşısını almaq üçün bir sıra ciddi tədbirlər görüb.

Xüsusən, gənclər rejim üçün təhlükə yarada bilməyəcəkləri və müxalifət düşərgəsinə qoşula bilməyəcəkləri dövlət qulluğu və ya nüfuzlu işə cəlb edilir. Bütün bunların öz rəyi olması üçün deyil, siyasi loyallıq müqabilində edildiyini başa düşməyənlər aradan qaldırılır.

Bu oyun qaydalarını qəbul etməyən gənclər ciddi təqib riskinə məruz qalır: hədələr, təzyiq, narkotik və ya silah saxlamaq ittihamı, məhkəməöncəsi həbslər, saxtalaşdırılmış məhkəmələr və həbsxana. İstifadə olunan tədbirlər prosesi bundan ibarətdir.

Lakin 20-30 yaşlı gəncləri istədikləri kimi düşünməməyə məcbur etmək çətindir, rejimlə razı olmayanların sayı isə artır. Belə bir şəraitdə siyasətə müdaxilə etməyi qərara alanlar çox cəsurdurlar, onlar üzərinə böyük risk götürür və bunun nə ilə nəticələnə biləcəyini görür.

Hazırki rejim hakimiyyətin onlara verdiyi imtiyazları itirməkdən qorxduğu üçün də qismən hakimiyyəti itirməkdən qorxur. Onlar imtiyazlara və zənginliklərə malik olmaqdan xoşbəxtdirlər və bu, müəyyən dairələr üçün ən dəyərli şeydir. Onlar üçün hakimiyyət bu israfçı həyat tərzinə çatmaq üçün bir vasitədir.

Və jurnalistlər, xüsusən Xədicə İsmayılova hakim dairələrin korrupsiyasını araşdırdıqda onlar hədə obyekti olurlar.

Sual: Azərbaycan hakimiyyəti çoxdan demokrat olduğunu iddia edir. Konqresdə dinləmələr zamanı siz dediniz ki, Azərbaycan artıq demokratik ölkə deyil...

Cavab: Mən 40 ildir ki, Azərbaycanla məşğul oluram. İlk dəfə Bakıya 35 il əvvəl, 1980-ci ilin payızında gəlmişdim və Azərbaycan tarixi, dili, mədəniyyəti və s. üzrə çox şey öyrənmişəm.

1991-1992-ci illərdə bir çox insanlar irəliyə nikbinliklə baxırdılar, bunun, demokratikləşmə, açıq vətəndaş cəmiyyəti, ciddi iqtisadi və digər islahatlar yolunun başlanğıcı olduğunu hesab edirdilər... Bu, baş vermədiyinə görə çox kədərlənirəm.

Xüsusən, 1918-1920-ci illərdə ilk demokratik respublikanın da belə olması kədərlidir. Həmin vaxt da respublika, demokratiya idealları və böyük imkanlar var idi...

Sual: Bakının, demək olar ki, bütün Amerika QHT-lərini qovmasından sonra, tezliklə Amerika-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıqdan çıxacağı ilə bağlı ehtiyatlanmalar var. Bu barədə nə düşünürsünüz?

Cavab: Azərbaycan nöqteyi-nəzərdən, Birləşmiş Ştatlar ona dəyər vermir və ya başa düşmür və pis tanıyır. Sıravi amerikalıların əksəriyyəti üçün bu, qismən doğrudur. Amma bütün vaxtını və resurslarını Konqres üzvlərinin müəyyən şəkildə səs verməsi, bu və ya digər ölkə ilə siyasi və ya iqtisadi əlaqələri təmin etmək üçün onlara təsir etməyə həsr edən lobbiçi qruplar var. Əslində bütün bunlar həmişə işləmir və məhdud miqyasda təsir edir.

Bu yaxınlarda Konqresdə Azərbaycanla bağlı dinləmələr zamanı görünürdü ki, hətta xarici əlaqələr üzrə alt komitədə işləyən konqresmenlər belə Qafqaz məsələlərindən çox da yaxşı anlamır. Və onların özlərinin nə bildiyi və onların fikrini nə dərəcədə lobbiçilərin formalaşdırdığı aydın deyil.

Bu səbəbdən belə məsələlərdə ekspertlərin rolu çox böyük ola bilər. Biz daha fəal olmalıyıq, regiondakı vəziyyətin dəqiq təhlili və başa düşülməsi lazımdır.

Sual: Rəsmi Bakı Konqresdə dinləmələri Azərbaycana qarşı aksiya kimi qiymətləndirib. Bu, belədirmi?

Cavab: Mən Azərbaycan mətbuatında bəzi şərhləri oxudum. Birincisi, demək istərdim ki, Xarici İşlər Komitəsi həmişə bütün dünyadakı ölkələr haqqında dinləmələr keçirir, xüsusən, həmin ölkədə faciəvi hadisələr baş verirsə. Son dinləmələrdə biz konqresmenlərə məsləhətlər verdik. Başqalarından fərqli olaraq, biz şəffaflıq tələbinə riayət edirik, buna görə bütün ictimaiyyət orada nədən danışıldığını bilir.

Amerika diplomatları işlədikləri ölkələrdə müxtəlif problemlərin geniş spektri ilə işləməlidirlər.

Azərbaycanda ABŞ-ın istənilən səfiri hərbi əməkdaşlıq, energetika təhlükəsizliyi, terrorizmə qarşı mübarizə məsələləri ilə məşğul olur. Eyni zamanda, bu, demokratiya və insan hüquqlarının müdafiəsi məsələlərinə aiddir.

Sirr deyil ki, Amerika-Azərbaycan münasibətlərində energetika məsələləri çox əhəmiyyətlidir, baxmayaraq ki, biz Azərbaycandan neft və qaz almırıq. Amma ABŞ üçün onun Avropadakı tərəfdaşlarının alternativ neft və qaz mənbələri olması əhəmiyyətlidir.

Eyni zamanda, biz həqiqətən demokratiyanın və insan hüquqlarının inkişafını istəyirik. ABŞ-ın Azərbaycandakı bir çox səfirləri bu istiqamətdə çox şey ediblər. Lakin onların səyləri həmişə uğurlu omayıb. Bu, səfirlərin pis işinin deyil, insan hüquqları sahəsində vəziyyətin kəskin pisləşməsinin nəticəsidir.

Sual: Bildiyiniz kimi, Bakıda yeni səfirimiz var. O, bu yaxınlarda ölkədə ilk səfəri üçün tövsiyə vermək xahişi ilə yerli sakinlərə müraciət edib. Bəzi facebook fəalları onu onlarla jurnalist və fəalın saxlanıldığı Kürdəxanıya getməyə çağırıblar. Bu vəziyyətdə siz səfirə nə təklif edərdiniz?

Cavab: Mən səfirə tövsiyə verə bilmərəm, mənim bir dəfə getməzdən əvvəl onunla danışmaq imkanım olub. Biz Azərbaycandakı vəziyyət haqqında fikirlərimizi bölüşdük. Düşünürəm ki, o, bu çağırışlara diqqət yetirəcək. Nəzərə almaq lazımdır ki, səfirlərin edə bilmədiyi şeylər var.

Sual: Bakıda bəzi emissarlar son illər ölkənin özünü Rusiya və İran arasında sendviç kimi hiss etməsindən şikayətlənir, beləliklə milli təhlükəsizlik barədə narahatlıqlarını ifadə edir və köməyə çağırır. Eyni zamanda, Bakıda məmurlar Qərb instututları ilə hesablaşmaları da milli təhlükəsizliyin müdafiəsi alətləri adlandırır. Burada paradoks yoxdur?

Cavab: Doğrudur ki, Azərbaycan İran və Rusiya arasında çətin vəziyyətdə yerləşir. Onun həmçinin böyük bir ərazisi işğal altındadır və qonşu dövlətlə müharibə vəziyyətindədir.

Bundan başqa, İŞİD tərəfindən işğal edilmiş Mosul şəhəri Bakıya Krımdan daha yaxındır. Odur ki, Azərbaycanın birbaşa sərhədlərində çox təhlükələr olduğu doğrudur və onları kiçik görmək olmaz. Lakin söz azadlığının, jurnalistlərin və fəalların geniş təqibini təhlükəsizlik maraqları ilə izah etmək olmaz.

Bir tarixçi kimi deyə bilərəm ki, həmişə milli təhlükəsizlik mövzusundan öz tənqidçilərini susdurmaq üçün bəhanə kimi istifadə etməyə çalışan müəyyən siyasi rejimlər var.

Başa düşmürəm, həbsxanada məhbusların döyülməsi Azərbaycanın milli təhlükəsizliyinə necə kömək edir? Başa düşmürəm nümayişlərdə iştiraka görə cərimənin 10 dəfə artırılması və ya fəalların üzərinə narkotik atılması, onlarla siyasi fəalın həbslə hədələnməsi – bütün bunlar Azərbaycanın milli təhlükəsizliyinə necə şərait yaradır?

Əslində, mən əksini deyərdim: rejim Ukraynadakı hadisələr, ərəb baharı və ya qızılgül inqilabı kimi bir şey görmək istəmirsə, belə sosial partlayışlara səbəb olan şeylərin əksini etməlidir.

Hökumət üçün zəif tənqid üçün məkan yaratmaq daha təhlükəsiz olardı. Bu halda siz insanlara radikalizmə ehtiyac olmadan fikir bildirmək imkanı verirsiniz. İnsanların öz problemləri haqqında danışmaq üçün qanuni yolları olur və iradi və ya qeyri-iradi olaraq radikal təşkilata düşmüş olmur.

İctimai müzakirələr hamı üçün çox ağrılı ola bilər, amma bir çox faydalı ideyalar məhz bu müzakirələr zamanı yaranır. Odur ki, açıq müzakirədən təkcə əhali deyil, hakimiyyət də qazanır.

Daha bir mühüm amil polis aparatında, məhkəmə sistemində və qanunlarda islahatlardır. Düşünürəm ki, Azərbaycan hökumətində bunun zəruriliyini, bu dəyişikliklərin Azərbaycan hökuməti və xalqı üçün faydalı olacağını, həmçinin Avropalı tərəfdaşlar və ABŞ-la münasibətlərə müsbət təsir göstərəcəyini başa düşən insanlar var.

Sual: Azərbaycan bu il parlament seçkiləri keçirir, hakimiyyət və müxalifət üçün hansı addımları üstün hesab edirsiniz?

Cavab: Əminəm ki, onların hamısında Avropa Şurasının bəyanatlarının köhnə surətləri var, onlarda bir neçə konkret addım göstərilib: Mərkəzi Seçki Komissiyası yenidən formalaşdırılmalı və müstəqil olmalıdır, hakim Yeni Azərbaycan Partiyasının üstünlük təşkil etdiyi hazırki şəkildə deyil.

İkinci addım – ölkəni beynəlxalq müşahidəçilər üçün açmaqdır: təkcə hökumət tərəfindən cəlb edilənlər üçün deyil, beynəlxalq təşkilatların real müşahidəçiləri üçün də. Bu, o demək olacaq ki, hamı, o cümlədən seçki məntəqələri qaydalara uyğun oynamalıdır.

Namizədin rahatca qeydiyaytdan keçdiyi, müxalifətçinin isə efir vaxtı aldığı azad seçkiqabağı mühit olmadan, ədalətli seçkilər ola bilməz.

İnsanların əksəriyyəti xəbərləri tamamilə dövlətin nəzarəti altında olan televiziyadan öyrənir. Açıq müzakirə o demək deyil ki, dəyirmi masa arxasında toplaşmış namizədlər ölkənin problemləri haqqında danışmaq və onların həlli yollarını təklif etmək yerinə, bir müxalifətçiyə hücum edir və onu təhqir edir, butılka və stəkanları fırladır.

2013-cü ildə prezident seçkilərində biz belə biabırçı hallar gördük. Kimsə düşünürsə ki, bu biabırçılıq ölkənin imicini artırır, o, çox yanılır.

Sual: Dövlət katibinin köməkçisi Viktoriya Nuland bu yaxınlarda Bakıda insan hüquqları və demokratiya üzrə birgə Amerika-Azərbaycan qurumu yaradıldığını bəyan edib. Bundan nə gözləyirsiniz?

Cavab: Dialoqun olması olmamasından daha yaxşıdır, amma Azərbaycan və Avropa Şurası arasında belə dialoqların uzun tarixi, çoxsaylı komissiyalar, müzakirələr və hesabatlar, yaxşılaşma üzrə tövsiyələr heç nə verməyib.

Çox bədbin olmaq istəməzdim, amma həqiqətən hazırki vəziyyətdə konkret bir şey gözləmirəm. Dialoq nə isə etmək, nəyisə dəyişmək üçün siyasi iradə olduqda faydalı ola bilər.

Diplomatlarla bu haqda danışarkən çox vaxt onlar deyirlər ki, şəxsi söhbətlər zamanı nəyisə həll etmək olar.

Sual: Azərbaycanda hüquqları pozanlara qarşı sanksiyalar tətbiq edilməsi haqqında təkliflər səslənir..

Cavab: Bu haqda eşitmişəm. Düşünürəm ki, bütünlükdə ölkəyə qarşı geniş sanksiyalardansa, konkret şəxslərə qarşı məqsədyönlü sanksiyalar daha yaxşı fikirdir. Amma sanksiyaların nə dərəcədə uğurlu olacağını bilmirəm.

Britaniya hökuməti nədəsə əli olan konkret şəxslərin ölkəyə girişinə qadağa qoyacağını deyirsə, bu, ABŞ-a istənilən halda gəlməyəcək şəslər üçün qadağadan daha vacibdir. Buna görə, kəskin addımlar atılacaqsa, onlar səmərəli olmalıdır.

Biz çoxumuz, məsələn, Günel Həsənliyə sadəcə müxalifətçinin qızı olduğuna görə əziyyət verildiyini gördükdə, narahat oluruq. Belə şeylər amerikalılarda Azərbaycan haqqında müsbət fikir yarada bilməz. Məhz belə faktlar beynəlxalq təşkilatların tənqidinin əsas mənbəyidir.

Sual: Azərbaycanın imici haqqında danışarkən görürük ki, Azərbaycan hökuməti burada, Vaşinqtonda imici yaxşılaşdırmaq üçün milyonlarla dollar xərcləyir. Bu, işə yarayır?

Cavab: Bu səylər maraqlı effekt verir. Lobbiçilər üçün əsas pul almaq və hesabat verməkdir, buna görə onlar istənilən hiylələrə əl atırlar. Son yarım ildə daha çox insan israrçı tərif və ya reklamın onları qıcıq etdiyini deyir. Bu günlərdə mənə belə bir hadisə danışdılar ki, lobbiçi şirkətin əməkdaşı Azərbaycanda demokratiya pozuntuları ilə bağlı dinləmələrə düşə bilmək üçün özünü elmi işçi kimi təqdim edib. Tədbirdə iştirak edən bu əməkdaş ifşa edilib və iştirakçılar bunu başa düşüblər. Lobbiçi firma belə metodlardan istifadə etdikdə və eyni zamanda Azərbaycanı mədh etdikdə, bu səylər nəticə vermir. Mən Konqresdə dəfələrlə şikayət eşitmişəm ki, bütün bunları eşitmək artıq bezdirib...

Əvvəllər bu təbliğatın müəyyən müsbət nəticəsi var idisə, indi bu, Azərbaycanın əleyhinə işləyir.

Ümumi amerikalı xarakteri haqqında danışmaq çox çətindir. Amma amerikalılar üçün ortaq olan bir şey varsa da, bu, onları aldatmaq istədiklərini gördükdə onların dözə bilməməsidir. Mən özüm burada Vaşinqtonda bu reaksiyanı görürəm və bunu bütün bu lobbi cəfəngiyatlarını eşitmək məcburiyyətində olan insanlardan eşidirəm.

.

contact.az

.

Maybe you are interested in:

Odri Altştadt: AXC-dən fərqli olaraq, postsovet Azərbaycanı demokratiya qura bilməyib

Devid Kramer: “Azərbaycanın ABŞ-a daha çox ehtiyacı var, nəinki bizim Azərbaycana”

Amerikalı analitik Azərbaycana real tolerantlığa doğru addımları təklif edir

Razi Nurullayev: Dialoq üçün ilk öncə günahsız həbsə atılmış insanlar azad edilməlidir

Arzu Abdullayeva: Siyasi məhbuslar artır – kim durub bunun arxasında?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz