Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Odri Altştadt: AXC-dən fərqli olaraq, postsovet Azərbaycanı demokratiya qura bilməyib

 

Bakıda və Qərbdə çoxları özlərini inandırıblar ki, hazırki Azərbaycan və onun hökuməti ölkənin postsovet reallığında malik ola biləcəyi yeganə variantdır.

Bu barədə Turan-ın Vaşinqton müxbirinə müsahibəsində Massaçusets Universitetinin tarix professoru Odri Altştadt bildirib. O qeyd edib ki, bu fikrin tərəfdarları hazırda Azərbaycanın təhlükəli yolla aşağıya doğru hərəkət etdiyini unudurlar.

Azərbaycan tarixi üzrə onlarla məqalənin və "1920-1940-cı illərdə Sovet Azərbaycanında mədəniyyət müharibələri” haqqında gələcək kitabın müəllifi olan xanım Altştadt 1980-ci ildən Azərbaycanın arxivlərində işləyib və ABŞ-ın, ATƏT-in diplomatik xidmətlərinə, Freedom House-a və digər beynəlxalq təşkilatlara məsləhətlər verib.

Sual: Bir çox müşahidəçilər iddia edirlər ki, Azərbaycan Şərqdə ilk demokratik respublikadan (AXC) demokratik ənənələri miras almaq üçün tarixi şansını əldən qaçırıb. Bu, belədirmi?

 Cavab: 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti tarixi həqiqətən yaxşı nümunədir. Bu, dünyanın Birinci Dünya Müharibəsindən çıxdığı həmin dövr üçün misal ola biləcək çox qeyri-adi hadisədir.

Birinci Respublika Rusiya imperiyasının dağılması ilə əlaqədar yarana bilib. Bu dövlətin başında duran insanların Qərb demokratiyası haqqında real təsəvvürü var idi, onlar geniş təhsilə malik idilər.

Əli Hüseynzadə, Əhməd Ağaoğlu, Ceyhun Hacıbəyli – onlar hamısı Qərbdə və ya İstanbulda təhsil almışdılar. Və onlar Azərbaycana qayıtdıqda Avropanın və müsəlman dünyasının modernist hərəkatlarından ilham almışdılar və bu ideyaları birinci Respublikaya tətbiq etmək iqtidarında idilər.

Həmin vaxt plüralizm mövcud idi, parlamentdə müxtəlif partiyalar təmsil olunmuşdu və açıq müzakirələr var idi.

Sual: 1991-ci ildə müstəqilliyin bərpasından sonra ölkə sanki AXC-nin bütün bu rəmzlərini və ənənələrini qəbul etdi, amma bu dəfə demokratiyanın bərpa edilməsi mümkün olmadı. Niyə?

Cavab: Burada Birinci Respublikadan sonra 10-20 ərzində AXC tərəfindən əsası qoyulmuş və yaradılmış bütün pozitiv şeyləri məhv edən sovet irsini yada salmaq lazımdır.

1992-93-cü illərdə bütün bu şeyləri qaytarmaq və sovet dövründə onların saxtalaşdırılmasına səbəb olan üsulları tədqiq etmək olardı.

Sovet dövrünün tarixini tədqiq edərkən mən gördüm ki, 1970-ci illərdə rəssamlar, yazıçılar, alimlər repressiyalara məruz qalmağı riskə alaraq, çox ehtiyatla AXC və sovet hakimiyyətinin erkən dövrü haqqında informasiyanı bərpa etməyə çalışıblar.

Müasir Azərbaycanda gənclər – Azərbaycanın müstəqil olduğu zaman dünyaya gələnlər – sovet dövrünü və həmin dövrlə bağlı riskləri bilmirlər.

1992-93-cü illərdə insanlar azadlıq əldə ediblər və yaxşı kök salmış struktura və sovet rejiminin varisi olan, əvvəlcədən mövcud olan sistemə heç kimin müdaxilə edib onu dağıda bilməyəcəyini hesab edən insanlara qarşı mübarizəyə başlayıblar. Və baxmayaraq ki, açıq cəmiyyət qurulub, getdikcə debatlar sıfıra enib, etiraz etmək və tələb etmək getdikcə daha çox çətinləşib.

Sual: Bu gün siyasi elita postsovet irsindən demokratiyaya sürətlə keçməyə mane olan "keçid dövrünün” çətinliklərinə istinad etməyi sevir. Lakin bu gün bəziləri ölkənin əks istiqamətə qayıtmasının təzahürlərini görürlər.

Cavab: SSRİ-nin dağılmasından sonra Qərb bütün yeni ölkələrin müstəqilliyini tanıyıb. Siyasi rəhbərlik və bütün Qərb ekspertləri hesab edirdilər ki, demokratiyaya keçid baş verir və "keçid dövrü” termini yaranıb.

Bəli, keçid var və müxtəlif postsovet ölkələrində onun bir neçə fərqli növü var. Bütünlükdə Qafqaza, Mərkəzi Asiyaya baxdıqda görmək olar ki, 20-ci əsrdə müsəlman xalqlarına qarşı repressiyalar xristianlara qarşı olduğundan xeyli çoxdur.

Rusiya imperiyasında "başqa” xalqların və müsəlmanların siyahısı var idi və bütün türk xalqları həmişə müsəlmanlar siyahısında idi və bu, bütünlükdə xalqların inkişafını ləngidirdi.

Azərbaycan, əlbəttə ki, neft və qaz gəlirləri və xarici investisiyalar sayəsində Mərkəzi Asiya respublikalarını geridə qoyur.

Digər tərəfdən, keçid ideyası bir konsepsiyadır, amma bu, bəraət deyil!

"Azad və ədalətli seçkilərin təşkili üzərində işləyirik” ifadəsi kifayət qədər ağıllı ifadədir.

Lakin 1993-cü ildən Azərbaycanda bütün seçkilərin müşahidəsi göstərib ki, ölkədə seçkilər daha yaxşı və ya daha demokratik hal almayıb.

1990-cı illərin əvvəllərində Azərbaycanda olan köhnə problemlər nəinki hələ də mövcuddur, bir çox hallarda onlar daha da pisləşib, o cümlədən səsvermə üçün qutulara kütləvi şəkildə bülletenlər atılması, səslərin hesablanması zamanı saxtalaşdırmalar.

Bu gün hakimiyyət seçkilərin monitorinqi imkanını getdikcə daha da çətinləşdirir və ATƏT DTİHB-nin noyabrın 1-də keçiriləcək seçkilərin müşahidəsində iştirakından imtina bunun daha bir göstəricisidir.

Sual: Demokratik ölkələr və keçid dövrü arasında fundamental ziddiyətlər varmı?

Cavab: Bəzən insanlar belə deyirlər: "ABŞ-ın iki yüz illik demokratiya tarixi var, amma bu demokratik sistemin indiyədək zəif tərəfləri var”.

Bu, əlbəttə ki, doğrudur: heç bir demokratiya ideal deyil, amma ABŞ tarixinə baxsanız, görərsiniz ki, bu sistem necə inkişaf edib və təkmilləşib, kağızda deyil, təcrübədə problemlər necə həll olunub. Amerika məhkəmələrinin tarixinə və təcrübəsinə nəzər salmaq kifayətdir.

Beləliklə, siz ABŞ-da nöqsanlar haqqında danışarkən belə, ildən-ilə yaxşılaşma proseslərini də görməlisiniz. Geriləmənin davamını deyil, dəyişikliklər və yaxşılaşma istəyirsinizsə, vəziyyət belədir.

.

www.contact.az

.

Maybe you are interested in:

ATƏT PA nümayəndələri İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıblar

Elmar Məmmədyarov ATƏT DTİHB-dən şikayət edib

Opponentlərin ailələrinin təqib edilməsi Azərbaycana beynəlxalq tənqiddən daha çox ziyan vurur

Bakı ABŞ səfirliyinin yeni binasının tikintisinə dair müqaviləni pozub

Vaşinqton Azərbaycanda müstəqil səsləri dəstəkləməyə davam edəcək

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz