Kredit bürosunun bəxti nə vaxt açılacaq?
Sahibkarların fəaliyyətində əsas problemlərdən biri də kreditə əlçatanlıqla bağlıdır. Banklardan kredit götürmək istəyən sahibkarın təqdim etdiyi sənədlərin araşdırılması əlavə vaxt sərf etməsinə səbəb olur. Prezidentin 2014-cü il martın 3-də sahibkarlıqla bağlı imzaladığı fərman da bu sahədə islahatlara ehtiyac olduğunu göstərir. Fərmanda qeyd edilir ki, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlanmalıdır.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin "Azərbaycan” qəzetinə müsahibəsindən aydın olur ki, bu sahədə atılacaq əsas addım kredit bürolarının yaradılmasıdır. Nazir deyib: "Özəl kredit büroları haqqında” və "Təminatlı əqdlər haqqında” qanun layihələri hazırlanır. Hər iki qanun layihəsi kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı olacaq. "Özəl kredit büroları haqqında” qanuna əsasən, hüquqi və fiziki şəxslərin kredit tarixçəsini aparan özəl kredit büroları yaradılacaq.
"Təminatlı əqdlər haqqında” qanunla isə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmayan əmlak və digər hüquqlar üzərində təminat hüquqlarının yaranması, qeydiyyatı, həyata keçirilməsi və sair məsələlərlə bağlı münasibətlər tənzimlənəcək. Qeyd olunan qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaq”.
Beynəlxalq Maliyyə Korporasiyası ekspertlərinin sözlərinə görə, kredit büroları kreditorlar haqqında vaxtında, etibarlı və obyektiv məlumat verməklə xərcləri 25 faiz, defolt hallarını isə 40-80 faiz azaldacaq. Onların sözlərinə görə, əgər banklar, mikromaliyyə təşkilatları və digər qurumlar obyektiv və etibarlı məlumatlara çıxış və onlardan borc götürmək istəyənlər barədə məlumat əldə edə bilərlərsə, onda onların əməliyyat xərcləri azalacaq.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində aparılan tədqiqatda da deyilir ki, bu verilən risklərin azalmasına və kreditlərin həcminin genişlənməsinə gətirib çıxaracaq. Üstəlik, bu halda borcalanın kredit alma şansı yüksəlir. Bütün bunlar əhalinin, eləcə də kiçik və orta sahibkarlıqla məşğul olanların daha çox kredit əldə etməsinə imkan verəcək. Hazırda bazarda kredit təşkilatları mümkün risklərdən tam sığortalanmır. Mərkəzi Bankın kredit reyestrinə yalnız bank və mikromaliyyə institutları müraciət edə bilir. Kreditlə mal satan mağazalar, lizinq şirkətləri və digər təşkilatlar bu imkandan məhrumdur.
Kredit bürosu nədir?
Büro kredit alan və ya almaq üçün müraciət edən müştərilər barədə banklardan məlumatlar toplayır və əldə edilən məlumatları emal edir, ümumiləşdirir və qruplaşdırır; müştərilər barədə kredit hesabatlarını (tarixçəsini) banklara satır. Kredit bürosunun iş prinsiplərini qarşılıqlı əlaqə-məlumat mübadiləsi, məlumatların etibarlılığı və həqiqiliyi, neytrallıq, məlumatların maksimum səviyyədə təhlükəsizliyi təşkil edir.
Kredit bürosu hüquqi və fiziki şəxslərin keçmiş və cari kreditləri barədə bütün məlumatların saxlanıldığı bir təşkilatdır. Kredit bürosu potensial borc götürənlər barədə kredit təşkilatının məlumatlılığını artırır və kreditin qaytarılması barədə daha dəqiq proqnozlar verməyə imkan yaradır.
Bu qurumlar bir növ borc götürənlər üçün nizam-intizam mexanizmi rolunu oynayır və burada yaxşı kredit tarixçəsi nüfuzlu təminat deməkdir. Həmçinin kredit bürosu kredit təşkilatlarının müştərilərin üzərinə qoyduqları informasiya xərclərini azaltmağa kömək edir və müştərilərə göstərilən xidmətin keyfiyyətini artırır və bunun nəticəsində də kredit təşkilatları üçün yeni və pozitiv müştərilər cəlb edir.
Kredit bürosunun potensial xidmətlərinə müştərinin kredit tarixçəsi barədə məlumatın verilməsi, fırıldaqçılığın qarşısının alınması xidmətləri, mümkün fırıldaqçılıq ilə bağlı xəbərdarlıq, kredit üçün müraciət zamanı mümkün yanlış məlumatlar barədə xəbərdarlıq, borc götürənin kredit davranışının izlənilməsi xidməti, əməkdaşlıq strukturunun izlənilməsi, müştəri portfelinin nəzərdən keçirilməsi, müştəri portfelinə dair statistik məlumatların alınması, müştərinin ehtiyacları nəzərə alınmaqla büronun qiymətləndirməsi, zəmanətlər barədə məlumatın verilməsi: zəmanətlərin saxlancı daxildir.
Maliyyə sektorunun genişləndirilməsində kredit bürolarının rolu kreditlərə daha ekstensiv və qərəzsiz çıxış imkanı yaratmaqdır. Bundan başqa kredit təşkilatları ilə borc götürənlər arasında olan məlumat fərqlərini azaldır, kreditlərə çıxış imkanını artırır və etibarlı borc götürənlərə kreditlərin verilməsi ilə bağlı xərcləri aşağı salır.
Büronun təklif etdiyi xidmət sayəsində irihəcmli kreditlərin verilməsinin qarşısı alınır. Belə ki, müştərinin bütün kreditlərini qiymətləndirməkdə kredit təşkilatlarına yardım edir və müvafiq şəxsin kredit götürmə potensialını qiymətləndirir.
Kredit qiymətləndirilməsinin və avtomatlaşdırılmış kreditləşdirmənin tətbiq edilməsi pərakəndə və kiçik və orta sahibkarlara verilən kreditlər zamanı əməliyyat xərclərinin aşağı salınmasını, mənfəətin yüksəlməsini təmin edir.
Kredit risklərinin azalması:
- Kredit tarixçəsinin mövcud olması banklar üçün borc götürənlərin kredit götürmək potensialının qiymətləndirilməsi ilə bağlı xərclərin azaldılması və etibarlı müştərilərə əlverişli şərtlərlə kreditin verilməsi imkanı yaradır.
- Yeni kreditlərin verilməsi ilə bağlı kredit təşkilatlarının əməliyyat xərclərinin azalması:
- Borc götürən barədə məlumatların hüquqiliyinin yoxlanılması ilə bağlı xərclərin azalması.
Problemli kreditlərin həll edilməsi ilə bağlı xərclərin azalması:
- Kredit barədə hesabatların mövcud olması borc götürəni kreditləri vaxtında qaytarmağa sövq edəcək;
- Dünya Bankının həyata keçirdiyi sorğuya əsasən, inkişaf etməkdə olan ölkələrin çoxunda problemli kreditlərin qaytarılması prosesi 1 ildən 2 ilə qədər vaxt aparır, müvafiq xərclər işə kreditin dəyərinin 20-30%-ni əhatə edir.
Mərkəzi Bankda büronun müştərilərə hansı köməkliyi edəcəyini belə şərh edirlər: "Kredit büroları bir qayda olaraq kommersiya şirkəti kimi fəaliyyət göstərir. Onların xidmətlərinin çeşidi isə ən müxtəlif sferaları əhatə edə bilər. Bu əsasən ona üzv olmuş müştərilərin ehtiyaclarından irəli gəlir. Ümumi şəkildə desək, müvafiq ödəniş qarşılığında bürolar istifadəçilərə bir borcalanın öhdəlikləri haqqında müxtəlif mənbələrdən məlumatların toplanmasını, sistemləşdirilməsini, qiymətləndirilməsini və təqdim edilməsi xidmətlərini həyata keçirirlər”.
Dünya Bankının ekspertləri isə hesab edir ki, kredit bürolarının yaradılması kiçik sahibkarlıq sektoru üçün daha vacibdir. Onların qənaətinə görə, kredit büroları kreditorlar haqqında vaxtlı-vaxtında etibarlı və obyektiv məlumat verir. Bu isə kiçik sahibkarlıq fəaliyyəti üçün maliyyə vəsaiti ala bilmək imkanlarını genişləndirir. Ekspertlər belə bir imkanı kiçik sahibkarlar üçün "önəmli və ələdüşməz şans” kimi dəyərləndirirlər.
Ümumiyyətlə, məlumatlar mübadiləsi sisteminin çoxlu üstünlükləri var. Bu imkanlar aşağı faizlərlə kreditə ehtiyacı olanlar üçün əlçatandır. Maliyyə krizisinə qlobal cavab kimi kredit büroları ilə işi genişləndirmək mümkündür. Bu isə kreditorlara müştərilərin hədsiz kredit öhdəliklərini müəyyən etməyə, risklərin qarşısını almağa kömək edir.
Mərkəzi Bankda hesab edirlər ki, kredit bürosunun fəaliyyəti maliyyə infrastrukturunun möhkəmlənməsinə xidmət etməklə yanaşı kreditorlara kredit qərarlarının verilməsinə sərf olunan vaxtı və xərcləri aşağı salmağa və qərar mexanizmlərini avtomatlaşdırmağa imkan verir: "Xərclərin nisbətən aşağı enməsi nəticəsində müsbət təsirlərin faiz dərəcələrində də öz əksini tapmasını gözləmək olar”.
Kredit bürosu nə vaxt yaradılacaq?
Artıq bir neçə ildir ki, büroların yaradılması ilə bağlı müzakirələr gedir. Mərkəzi Bankdan bildirirlər ki, özəl kredit büro institutlarının fəaliyyətinə imkan verən normativ hüquqi bazanın formalaşdırılması məqsədilə layihə paketi hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunub.
Bəkir Nərimanoğlu
Yazı Sahibkarlığın İnkişafı və Bazar İqtisadiyyatına Yardım İctimai Birlyinin USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində yazılıb.
.
Maybe you are interested in:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
FONDUN NÖVBƏTİ İŞGÜZAR FORUMU
Azərbaycan Beynəlxalq Bankı devalvasiyanın ilk qurbanı oldu
“Azərbaycan Ukraynaya 1 milyard dollar verməyəcək”