Çıxış yolu Avropa Birliyi ilə assosiativ üzvlük sazişindədir
Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) çərşənbə günü Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Şərq Tərəfdaşlığı ölkələrinin Riqa sammiti ərəfəsində Azərbaycan-Avropa Birliyi (AB) münasibətləri” mövzusunda dəyirmi masa keçirib.
Dəyirmi masanın əsas məqsədi rəsmi Bakıya AB ilə assosiasiya sazişi imzalamaq çağırışı etmək, bu sazişin ölkəyə gətirəcəyi xeyri və imzalanmadığı halda ölkəni gözləyən təhlükəni təhlil etmək idi. Tədbirin əhəmiyyəti həm də Azərbaycanın da iştirakçı olduğu AB-nin "Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində bu il mayın 21-22-də Latviyanın paytaxtı Riqa şəhərində sammitin keçiriləcəyi ərəfəyə təsadüf etməsində idi.
DQMŞ sədri, tarixçi-professor Cəmil Həsənli AB ilə Azərbaycan arasında münasibətlərin 1996-cı ildə yarandığını deyib. Bu qurumun müxtəlif layihələrində iştirakçı olsa da, Azərbaycanın Avropaya inteqrasiyası baxımından əhəmiyyətli nəticə olmamasına diqqət çəkilib. Rəsmi Bakının AB ilə assosiasiya sazişindən boyun qaçıraraq, mahiyyəti qeyri-müəyyən olan strateji əməkdaşlığa üstünlük verdiyi xatırladılıb. Neftin ucuzlaşması ilə ölkə iqtisadiyyatının kritik duruma düşdüyü, maliyyə ehtiyatlarının tükənmə ərəfəsində olduğu yada salınıb. "Bütün sahələr üzrə vəziyyət pisdir, günbəgün də pisləşməkdə davam edir və bundan çıxış yolu böyük açılım siyasətinə getməkdədir”, - deyə C.Həsənli çıxış yolunun avrointeqrasiyada olduğunu vurğulayıb.
Qurumun beynəlxalq əlaqələr bölməsinin rəhbəri Gültəkin Hacıbəyli ilk olaraq Azərbaycanın Avropaya inteqrasiyadan imtina etmədiyini, amma əhəmiyyətli addım atmadığını da önə çəkib. Onun fikrincə, inteqrasiya ilə bağlı əhəmiyyətli addımların atılmaması rəsmi Bakının korporativ maraqları ilə bağlıdır. G.Hacıbəyli rəsmi Bakının inhisarçılıqdan əl çəkmək, iqtisadi-siyasi islahatlara getmək istəməməsini inteqrasiya yolunda ən böyük maneə adlandırıb. Natiq həm də siyasi məhbus sayına görə Azərbaycanın dünyada lider ölkələrdən biri olmasına diqqət çəkib. AB-yə assosiativ üzvlüyü Azərbaycanın problemlərinin həlli üçün mexanizm sayan G.Hacıbəyli bu üzvlüyü ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı üçün təminat hesab edib. Son olaraq, natiq rəsmi Bakıya praqmatik düşünmə çağırışı edərək, Riqa sammitini assosiativ üzvlük sazişini imzalamaq üçün fürsət kimi qiymətləndirib.
Professor Əli Abbasov isə "Rusiya təhlükəsi”nin qalması, göz önündə Ukrayna təcrübəsi olmasını əsas gətirərək, hakimiyyətin balanslı siyasət yürütməsinin vacibliyini iddia edib. Onun fikrincə, Riqa sammitində Azərbaycan assosiativ üzvlük sazişini imzalamayacaq və ilin sonuna kimi bu məsələ real görünmür.
Bəzi natiqlər Avropaya interqasiya məsələsinin xalq içində piarının aparılmamasını, bunun xalqın ortaq hədəfinə döndərilməməsini vurğulayıblar. Natiqlər "Rusiya təhlkəsi” olmasını inkar etməyərək, Avropaya inteqrasiyanı bu təhlükədən sığortalanmaq sayıblar. Eyni zamanda, bəzi natiqlər beynəlxalq iqtisadi qurumlara isnadən Azərbaycanda başlayan iqtisadi böhranın 2022-ci ilə kimi davam edəcəyini deyiblər.
"Biz siyasi qurumlar, vətəndaş cəmiyyəti üzvləri olaraq hakimiyyətdən Avropaya inteqrasiyanı daim tələb etmişik”, deyə Xalq Cəbhəsi Partiyasının sədri Əi Kərimli bildirib. O, hakimiyyətin saxta seçki, inhisar, korrupsiya "azadlığını” əldən verməməsi üçün AB ilə assosiativ üzvlük sazişini imzalamaq istəmədiyini söyləyib. Ölkənin iqtisadi böhran içində olduğunu deyən partiya sədri bu böhranın ölkəni iqtisadi iflasa apardığını xatırladıb. 6 aylıq maliyyə ehtiyatı qaldığını deyən Ə.Kərimli Neft Fondundakı vəsaitlərin də xərcləndiyini nəzərə çatdırıb. AXCP sədri hakimiyyətə indiki status-kvo-nu saxlamaqla bu durumdan çıxış yolu olmadığı bəyanatı səsləndirib. Ə.Kərimli ölkənin bank sektorunun batmaq təhlükəsi önündə olmasını da xatırladıb. Buradan yeganə çıxış yolu kimi ölkənin "qapılarının” təcili, özü də geniş şəkildə açılması göstərilib. "Ən düzgün çıxış yolu Avropa Birliyi ilə assosiativ üzvlük sazişini imzalamaqdır və buradan hakimiyyətə bu çağırışı edirik”, deyə AXCP sədri mövqeyini bildirib.
Müzakirələrin yekunu olaraq dəyirmi masa iştirakçıları bəhs edilən məsələ ilə bağlı qətnamə qəbul ediblər.
.
Maybe you are interested in:
Avropa İttifaqı Gürcüstana və Ukraynaya vizasız rejim vəd edir
Azərbaycanla Avropa arasında viza rejimi sazişi imzalandı
Viza anlaşmasında qazancımız nə olacaq?