Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Bakıda Avropa Oyunları üçün qadağalar siyahısı

 

- Toy olmayacaq, yas çadırı quranlar məsuliyyətə cəlb olunacaq;

- Bəzi avtobuslar, köhnə maşınlar, o cümlədən bölgələrdən gələn maşınlar Bakıya buraxılmayacaq;

- İcazəsiz parkinq olmayacaq;

- Spirtli içki satılmayacaq, piyadalar bəzi yollardan keçməyəcək;

- Küçələrdə təmir işləri aparılmayacaq, dilənçilər şəhərdən çıxarılacaq.

İyunun 12-dən 28-ə qədər Bakıda Avropa Oyunları ilə bağlı rəsmi qadağalar və icra qurumlarının tövsiyələri ilə infoqrafikada tanış ol: (Reportaj infoqrafikadan sonra davam edir).

«Onsuz da mayda tək-tük toy olurdu. Həmişə maydan sonranı gözləyirdik. Ancaq təxminən 2 ay olar bizə xəbər çatdırdılar ki, Avropa Oyunlarına görə toy olmayacaq. Neyləyək, ağa deyir sür dərəyə, sür dərəyə. Ancaq gəlirimizdən oluruq...».

Bunu Bakıdakı şadlıq evlərindən birinin adının çəkilməsini istəməyən administratoru deyir. Bu söz-söhbət çıxandan elə müştərilər də çox müraciət etmir. Vəziyyətdən hali olmayanlara isə özləri toy məclisi keçirə bilməyəcəklərini deyirlər.

«Yəqin, «palatka toyları»nın sayı artar. Hər halda camaata evində, həyətində də toy eləməyi qadağan etməzlər», - bir aylıq gəlirinin üstündən xətt çəkilmiş administrator istehza ilə deyir.

TOY OLMAYACAQ, YAS ÇADIRI QURANLAR MƏSULİYYƏTƏ CƏLB OLUNACAQ

Avropa Oyunlarına görə qoyulan rəsmi və qeyri-rəsmi qadağalar haqqında yanvardan danışılmağa başlandı. Elə ilk qadağa da toy və yas mərasimləriylə bağlı oldu. Təzə-təzə eşidəndə çoxları bunu zarafat sayırdı. Ancaq sonra məlum oldu ki, zarafat-filan deyil. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov deyir ki, bütün bunlar şəhərdə tıxacların olmaması üçündür:

«Məsələn, deyək ki, metronun «Koroğlu» stansiyasına yaxın şadlıq sarayında toy keçiriləcək. Bilirik ki, iyunun 1-dən iyulun 1-ə qədər nəzarət gücləndirilir. Məhdudiyyətlər olacaq, istiqamətlər dəyişdiriləcək. Bu, tıxacların yaranma ehtimalının baş verməməsi üçündür. Bir halda ki, Heydər Əliyev prospektində hərəkət nəzarətdə olacaq, həmin prospektdən bəy-gəlin cütlüyü necə keçib «Koroğlu» metrosunun yanından şadlıq sarayına doğru hərəkət edəcək?».

Vaqif Əsədov deyir ki, yas çadırlarına gəldikdə, qanunvericilikdə var ki, avtomobillərin və piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yollar qanunsuz zəbt edilə bilməz. Mərasim çadırları hərəkəti məhdudlaşdırarsa, bunu edənlər məsuliyyətə cəlb olunacaq:

«Təsəvvür edin, ölkəyə qonaqlar, idmançılar gəlib, gəzinti zamanı görəcəklər ki, çadır qurulub. Nə düşünərlər?».

«NECƏ DEMƏK OLAR Kİ, EVLƏNMƏYİN, ÖLMƏYİN. BELƏ ŞEY OLAR?»

Bu qadağalara fikrini soruşduğumuz Bakı sakinlərinin reaksiyası belə oldu:

- «Toyu başa düşmək olar, gözləmək olar. Bəs yas? Axı bu, ağlasığmazdır».

- «Necə demək olar ki, evlənməyin, ölməyin? Belə şey olar?».

- «Düz edirlər, tıxac yaradır».

- «Anormal bir şeydir. Qadağa nə deməkdir? Qanun bilirik ki, qanundur. Qadağan nə deməkdir axı?».

Vaqif Əsədovun verdiyi məlumata görə, iyunun 1-dən yük maşınlarının hərəkətinə də qadağa qoyulacaq. Texniki cəhətdən nasaz, köhnə maşınlar da şəhərə buraxılmayacaq. Yol polisi rəsmisi onu da dedi ki, bəzi müəssisələr öz əməkdaşlarını əvvəlcədən məzuniyyətə buraxsalar, paytaxt ərazisi yükdən azad olar.

AVTOBUSLAR ŞƏHƏRİN MƏRKƏZİNƏ BURAXILMIR, SÜRÜCÜLƏRİN PLANI İSƏ ƏVVƏLKİ KİMİDİR

Qadağalar sırasında bəzi avtobusların şəhərin mərkəzinə buraxılmaması da var. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, artıq 17 sərnişin avtobusunun yolu ya qısaldılıb, ya da ləğv edilib. Bununla bağlı sürücülər planı yerinə yetirə bilmədiklərini deyirlər:

«Plan qoyub, ancaq yolumu qısaldıb. Mən o planı o məsafəyə görə ödəyə bilirdim. Qısaldılmış məsafənin qısaldılmış planı da olmalıdır».

YERALTI KOMMUNİKASİYA XƏTLƏRİ ÇƏKİLMƏYƏCƏK, İCAZƏSİZ PARKİNQ OLMAYACAQ

«Azəryolservis» Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, mayın 15-dən yeraltı kommunikasiya xətlərinin çəkilişi və təmiri işlərinə Avropa Oyunları bitənədək icazə verilməyəcək. Bəs qəza olsa, necə aradan qaldırılacaq? «Azəryolservis» qəza hallarının istisna olduğunu bildirir.

Avropa Oyunları zamanı xüsusi parklanma qaydaları açıqlanıb. Bakı şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı şöbəsinin müdiri Xalid Ələkbərovun verdiyi məlumata görə, yarışın keçirildiyi müddətdə idman obyektlərinin ətrafında yaşayan sakinlər üçün xüsusi buraxılış vəsiqələri veriləcək. Buraxılış vəsiqələri yalnız idman tədbirləri keçirilən ərazilərdə yaşayan vətəndaşlara aid olacaq. Həmin ərazilərdə yaşayan sakinlər maşınlarını icazə verilmiş küçə və prospektlərdə ayrılmış park zolaqları boyu saxlaya bilərlər. İcazə olunmayan yerlərdə avtomobilləri park etmək qadağandır:

«Vətəndaşlar həmin ərazidəki mənzil-istismar sahəsinə müraciət edəcək. Şəxsiyyəti təsdiq edən sənədin surəti, maşının texniki pasportunun surəti, bir də yaşayış yerindən arayışı təqdim edəndən sonra buraxılışları alacaqlar».

Həmin ərazilərdə yerləşən dövlət qurumları və şirkətlərdə çalışan şəxslərə buraxılış vəsiqələri verilməyəcək.

SPİRTLİ İÇKİ SATILMAYACAQ, PİYADALAR BƏZİ YOLLARDAN KEÇMƏYƏCƏK

Dayanacaqlarda və paytaxtın bir sıra hissələrində nəzarət kameraları quraşdırılacaq. Avropa Oyunlarına aid bütün avtobus və maşınların hərəkəti üçün ayrılmış yollardan piyadaların keçməsinə icazə verilməyəcək.

Avropa Oyunları vaxtı spirtli içkilərə də qadağa qoyulacaq. Bu haqda yerli telekanalların birində «Bakı-2015»in səfiri Hacı Nuran məlumat verib. O deyib ki, «Avropa Oyunları Ramazan ayı ərəfəsindədir. Əməliyyat Komitəsi qərara gəlib ki, həmin ərəfədə spirtli içki satılmasın. Bu, gözəl qərardır. Qonaqlar, idmançılar spirtli içkidən istifadə etməyəcək. Arenaların ətrafındakı bütün mağazalarda içki satışı tamamilə qadağan olunacaq».

TƏMİR OLMAYACAQ, DİLƏNÇİLƏR ŞƏHƏRDƏN ÇIXARILACAQ

İyun ayından artıq şəhərin heç bir yerində təmir işləri aparılmayacaq.

«Azadlıq» qəzeti yazır ki, Avropa Oyunları ilə bağlı qoyulan qadağalar sadə insanlara baha başa gələcək: «Şadlıq saraylarında ofisiantdan tutmuş, aşpaza qədər minlərlə insan çalışır və onların gündəlik dolanışığı toylardan asılıdır. İri yük maşınlarının şəhərə giriş-çıxışı qadağan ediləcək. Deməli, yükdaşıma xidməti də dayandırılacaq və bu işlə məşğul olan yüzlərlə insan mənfəətdən məhrum olacaq. Üstəlik, tələbat duyulan malların sifarişini həyata keçirənlər də fasilə edəcək və alğı-satqı prosesi də dayanacaq».

Avropa Oyunları ilə bağlı ali məktəblərdə keçiriləcək yaz semestr imtahanları vaxtından əvvələ çəkilib. Rəsmi qərar olmasa da, küçə ticarətinə qadağa qoyulacağı, dilənçilərin və evsiz adamların da küçələrdən yığışdırılacağı bildirir.

2012-ci ildə «Eurovision» Mahnı Müsabiqəsi keçirilən müddətdə də Bakıda oxşar «profilaktika» işləri aparılmışdı.

.

azadliq.org

.

Maybe you are interested in:

Prezident İlham Əliyev Avropaya inteqrasiyanın əleyhinədir və məmurlardan onun mövqeyini nəzərə almağı tələb edir

Avropa Oyunlarından gələn gəlir haqqında məlumatlar onlara marağın az olduğunu göstərir

Avropa Parlamentinin üzvü siyasətçiləri Bakıya getməməyə çağırıb

Avropa Oyunları başlayana qədər Azərbaycan bütün siyasi məhbusları azad etməlidir

2015-ci il Avropa Oyunlarının rəmzlərini təqdim edilib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz