Avropa Oyunlarından gələn gəlir haqqında məlumatlar onlara marağın az olduğunu göstərir
Avropa Oyunlarının Əməliyyat Komitəsinin Bakıdakı fəaliyyətindən gəliri təxminən 15-17 mln. manat təşkil edib. Bu barədə dünən gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, söhbət üç mənbədən – bilet satışından, yayım hüququndan və sponsor yardımından əldə edilmiş gəlirlərdən gedir.
İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, Avropa Oyunlarından gəlirlər təkcə qeyd edilən mənbələrlə məhdudlaşmır. Turan-ın müxbiri ilə söhbətində o qeyd edib ki, Azərbaycan dolayı yolla turistlərin gəlişindən xeyli çox gəlir əldə edib.
Müxtəlif məlumatlara görə, xarici turist Azərbaycanda həftədə 1000 dollar xərcləyir. Buna görə Bayramov hesab edir ki, çox sayda turist olduğunu nəzərə alsaq, demək olar ki, gəlirlər bilet satışından, yayım hüququndan və sponsor yardımından daxilolmalardan daha çox olub.
Bundan başqa, Avropa Oyunlarının xərcləri gələcəkdə strateji gəlirlər üçün əsas yaradır. Belə ki, tikilmiş infrastruktur gələcək böyük yarışlarda – İslam Həmrəylik Oyunları, Futbol üzrə Avropa Çempionatı və s. oyunlarda gəlirlər gətirəcək, Bayramov belə düşünür.
Lakin "Respublikaçı Alternativ” hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli başqa fikirdədir. O, hesab edir ki, nazirin gəlirlər haqqında açıqladığı rəqəmlər Avropa Oyunlarına marağın az olduğunu göstərir.
Müqayisə üçün o qeyd edib ki, London Olimpiyadasının yalnız iki sponsoru – Koreyanın "KİA” və "Hundai” şirkətləri bu hüququ əldə etmək üçün təşkilatçılara 150 mln. dollar ödəyiblər. Turizmdən də əlavə olaraq 400 mln. dollar əldə olunub.
Turistlərin cəlb edilməsi nöqteyi-nəzərdən Azərbaycan səmərəsiz siyasət həyata keçirir. Bahalı otellərə turist cəlb etmək çətindir. Eyni zamanda, Bakıda cəmi iki hostel və çox az sayda ucuz otel var.
Bundan başqa, Azərbaycan mürəkkəb viza rejimi ilə əlaqədar turistlər üçün çətinliklər yaradır. Belə ki, Azərbaycanın qonşuları – Türkiyə və Gürcüstan dünyanın 100 ölkəsi ilə vizaları ləğv edib. Doğrudur, Avropa Oyunları dövründə viza rejimi sadələşdirilmişdi. Amma bu, qısamüddətli tədbir idi. Turist axını çox vaxt Oyunlardan sonra artır. Belə ki, Londonun bahalı şəhər olmasına baxmayaraq, 2012-ci il Olimpiyadasından sonra oraya turist axını 28% artıb.
Xatırladaq ki, rəsmi məlumatlara görə Avropa Oyunlarının təkcə əməliyyat xərcləri (idman infrastrukturunun tikintisi xaric) 1 mlrd. manatdan çox təşkil edib.
.
Maybe you are interested in:
Azad Rəhimov “Formula-1” yarışlarının xərclərini azaldır
Gənclər və idman naziri Emin Millini hədələyib?
A.Rəhimov: Avropa Oyunları 1 mlrd. manata başa gəlib