Azərbaycanda siyasi məhbusların sayı 107-ə çatıb
Siyasi Məhbusların Monitorinqi Mərkəzi siyasi məhbuslara dair öz siyahısını Əfv Komissiyasına təqdim edib.
Mərkəzin rəhbəri Elşən Həsənov bildirib ki, 2015-ci ilin sonlarında vətəndaş cəmiyyəti fəallarının tərtib etdiyi vahid siyahıdakı 93 nəfərdən başqa siyahıya bir neçə nəfər də əlavə olunub.
Siyahıda Leyla və Arif Yunuslar da var. Belə ki, onlar həbsdən azad edilsələr, şərti cəza alsalar da məhkum sayılırlar.
Bundan əlavə, "Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə və Nardaran hadisələrinə görə həbs olunan 9 nəfər – Baləli Hümbətov, Sərdar Bünyatov, Əli Nuriyev, Əlibala Vəliyev, Cabbar Nuriyev, Əli Hüseynov, Mehman Quliyev, İbrahim Xudaverdiyev və Rasim Bünyatov siyahıya daxil edilib.
Onlar ağır cinayətlər törətməkdə, konstitusiya quruluşunu dəyişdirməyə cəhddə ittiham olunurlar.
Onların siyasi məhbuslar siyahısına daxil edilməsi istintaqın şəffaf olmaması, işgəncələr və digər hüquqlarının pozulması ilə əlaqədardır.
Siyahıya həmçinin "Hüseyniyə” məscidinin (Nardaran piri yanında) Nuhbala Rəhimov (qanunsuz silah saxlamaqda ittiham olunur), Salyanda dövlətə xəyanət ittihamı ilə həbs edilən İslam Partiyası sədrinin keçmiş müavini İnqilab Əsədli daxildir.
Beləliklə, siyasi məhbusların sayı 107 nəfər təşkil edib.
*Siyasi Məhbusların Monitorinqi Mərkəzi 2014-cü ilin oktyabrında keçmiş "vicdan məhbusu” Elşən Həsənovun rəhbərliyi ilə bir qrup "keçmiş vicdan” məhbusu tərəfindən yaradılıb.
.
Maybe you are interested in:
Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir