BU “QONAĞA” YERİMİZ YOX
İyunun 24-də Gənclər Evində Qusar Rayon İH-nin xətti ilə 26 İyun Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı "Narkomaniyaya yox deyək!" mövzusunda növbəti "dəyirmi masa” keçirilmişdir.
Tədbirdə RİH başçısı aparatı hüquq şöbəsinin müdiri Telman Kazımov, Qusar Rayon Prokuroru, baş ədliyyə müşaviri Zahid Vəliyev, rayon polis şöbəsinin əməkdaşı Şükür Hacıyev iştirak etmişlər.
Rayonun müxtəlif idarə və müəssisələrində çalışan fəal gənclərin, həmçinin ictimaiyyətin nümayəndələrinin dəvət aldıqları tədbirdə çıxış edən Qusar RİH başçısı aparatı hüquq şöbəsinin müdiri Telman Kazımov demişdir ki, dəyirmi masanın keçirilməsində məqsəd bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə hər kəsi fəal olmağa, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləməkdir. Əxlaqi dəyərlərinə böyük zərbə vuran, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, xüsusən gəncləri hədəf seçən narkomaniyaya qarşı son dərəcə təsirli tədbirlərin həyata keçirilməsi zəruridir.
Rayon gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Sevil Dəmirova və rayon təhsil şöbəsinin işçisi Yüzbəy Abuyev zərərli vərdişlərin mənfi fəsadları barədə, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd bir həyat tərzi olması haqqında danışmış, idarə və şöbə tərəfindən məktəbli və gənclər arasında görülən işlərdən və keçirilən tədbirlərdən bəhs etmişlər.
Qusar Rayon Prokuroru, baş ədliyyə müşaviri Zahid Vəliyev tədbiri yekunlaşdıraraq "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"ın icrası məqsədilə görülən tədbirlərdən bəhs etmiş, məktəblərdə uşaq və yeniyetmələr arasında narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə, onun insan orqanizminə vürduğu zərərli nəticələrə həsr olunmuş profilaktik tədbirlərin keçirilməsinə zərurət olduğunu bildirmiş, gənclərin kütləvi idman növlərinə cəlb edilməsinin daha böyük səmərə verəcəyindən söhbət açmışdır.
Yekunda tədbir iştirakçılarına məlumatlandırıcı broşürlər və bukletlər paylanılmışdır. Tədbirin sonunda dəyirmi masa iştirakçılarının təklifləri dinlənilmiş və onları maraqlandıran suallara cavab verilmişdir.
.
Maybe you are interested in:
Qusar Rayon İcra Hakimiyyəti başçısının sərəncamı
“Narkomaniyaya yox deyək” mövzusunda dəyirmi masa keçirilmişdir.