Federal lәzgi
milli-mәdәni muxtariyyәti

GÖRKƏMLİ ALİM, ƏMƏKDAR MÜƏLLİM

 

Azərbaycan Respublikasının Səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 iyun 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə həmyerlimiz Sergey Nəriman oğlu Alimetova "Əməkdar müəllim" fəxri adı verilmişdir.

Sergey Alimetov 1940-cı il mart ayının 12-də Düztahir kəndində anadan olmuşdur. 1956-cı ildə kənd orta məktəbini qızıl medalla bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakultəsinə daxil olmuşdur. 1962-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən gənc həkim, onun tibb universitetində, uşaq cərrahiyyəsi kafedrasında saxlanılması haqqında elmi şuranın qərarına baxmayaraq, doğma rayona qayıtmış, İmamqulukənd sahə xəstəxanasında əmək fəaliyyətinə başlamışdır.

Az keçməmiş o, 11 nömrəli tikinti-quraşdırma idarəsinin xəstəxanasına baş həkim təyin edilmişdir. Şirvanovka kəndində sahə xəstəxanası fəaliyyətə başlayanda həmin müəssisənin baş həkim vəzifəsinə irəli çəkilmiş, 1962-1970-ci illərdə burada çalışmışdır.

Səhiyyə sahəsində böyük əməli təcrübə qazandıqdan sonra Sergey Alimetov 1970-ci ildə Azərbaycan Tibb İnstitutunun, akademik C.Abdullayevin rəhbərlik etdiyi hospital-terapiya kafedrasına aspiranturaya daxil olmaqla elmi fəaliyyətinə başlamışdır. O, iki il ərzində- vaxtından əvvəl "Öd kisəsi və öd çıxarıcı yolların xəstəliklərində su elektrolit mübadiləsinin dinamikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi almış, müxtəlif illərdə tibb institutunun hospital terapiya kafedrasında assistent, pediatriya fakultəsində elmi işlər üzrə dekan müavini, internatura şöbəsinin müdiri, Azərbaycan Respublikası Tibb-məhkəmə Ekspertizasında terapevt-ekspert, səhiyyə maarif müşaviri, fakultə partiya təşkilatı katibi və başqa məsul vəzifələrdə işləmişdir.

1977-1980-cı illərdə xüsusi xarici ezamiyyət üzrə 3 il Əlcəzairdə həkim, Benisaf mərkəzi çoxprofilli xəstəxanada işləmiş, həmin müddətdə Əlcəzair, Mərakeş, Tunis, Macarıstan, Bolqarıstan, Yaponiya, Rusiya və başqa ölkələrdə keçirilmiş elmi konfrans, konqres və simpoziumlarda fəal iştirak edərək respublikamızı ləyaqətlə təmsil etmişdir.

1998-ci ildə "Xronik ürək çatışmazlığında hemodinamik və hameastaz pozğunluqların xüsusiyyətləri və korreksiyası" mövzusunda tibb elmləri üzrə doktorluq dissertisiyasını müvəffəqiyyətlə müdafiə edən həmyerlimiz, ürək çatışmazlığına düçar olmuş xəstələrdə toksikozlar, bradikardiya, hipotoniya, refraktez vəziyyətlərdə rekompensasiya üsullarını işləyib hazırlamışdır. Yeni klinik əlamət "Alimetov simptomu" adı ilə təsvirini tapmışdır.

Sergey Alimetov 1971-ci ildən Azərbaycan və Rusiya terapevtlər, kardioloqlar cəmiyyətlərinin üzvüdür. Onun onlarla elmi məqaləsi Rusiya, Orta Asiya, Türkiyə, Amerika və Avropa ölkələrində dərc edilmişdir. Təbib alim 300-dən çox elmi işin, 50-dən çox kitabın, o cümlədən 20-dən çox dərsliyin, elmi-praktik vəsaitin, monoqrafiyanın, metodik tövsiyənin, 7 səmərələşdirici təklifin müəllifidir.

O, 2005-ci ildə "İlin ən yaxşı tədqiqatçı-alimi" nominasiyasında qalib sayılmışdır. Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru, "Qızıl Qələm" media və "İbn Sina" beynəlxalq mükafatlarının laureatı Sergey Nəriman oğlu Alimetovun 75 yaşı bu ilin baharında tamam oldu. Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasında yaradıcılıq işini davam etdirən görkəmli alim və əməkdar müəllim Sergey Alimetovun həkimlik və pedaqoji fəaliyyəti bir sıra dövlət mükafatlarına layiq görüldü.

Sizinlə fəxr edir və Sizə həyatda cansağlığı, yaradıcılığınızda yeni-yeni müvəffəqiyyətlər arzu edirik, hörmətli Sergey müəllim!

Fəxrəddin QAÇABƏYOV,

kənd təsərrüfatı elmləri namizədi, əmək veteranı, rayon ağsaqqallar şurasının üzvü

.

gusarpress.com

.

Maybe you are interested in:

FƏXRİ ADA LAYİQ GÖRÜLDÜ

KAMRAN MİRAN OĞLU ƏMİROV, QUSAR RAYONU ÜZRƏ MALİYYƏ İDARƏSİNİN RƏİSİ

SƏMƏRƏLİ FƏALİYYƏTİNƏ GÖRƏ

TƏHSİLƏ BAĞLI ÖMÜR

ƏMƏKDAR MÜHƏNDIS

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz