HƏRBİ XİDMƏTƏ-YÜKSƏK ƏHVAL-RUHİYYƏDƏ
Çağırış yaşlı gənclərin Milli Ordu sıralarına xidmətə yola salınmasına həsr olunmuş təntənəli tədbir keçirildi.
Vətənin müdafiəsi, onun ərazi bütövlüyünün və suverenliyinin keşiyində durmaq hər bir ölkə vətəndaşının müqəddəs borcudur. Xüsusilə, qədim və doğma yurd yerlərimizin 20 faizə yaxın bir hissəsinin düşmən işğalı altında olduğu, bir milyona yaxın soydaşımızın öz dədə-baba torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur edildiyi bir zamanda Azərbaycan vətəndaşı ana yurdun müdafiəsində durmağa hər zaman hazır olmalıdır.
İyulun 9-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar Rayon Şöbəsinin önündə ölkə başçısının sərəncamına uyğun olaraq çağırış yaşlı gənclərin milli ordu sıralarına xidmətə yola salınmasına həsr olunmuş təntənəli tədbir keçirildi.
Çağırış yaşlı gənclər, valideyinlər, rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri yolasalma mərasiminə böyük ruh yüksəkliyi ilə yığışmışdılar.
Təntənəli mərasim hərbi orkestrin ifasında Dövlət Himnimizin səsləndirilməsi ilə başlandı.
Gənc çağırışçıları, hərbi xidmətini başa vurub tərxis olunmuş həmyerlilərimizi, valideynləri və ictimaiyyət nümayəndələrini salamlayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qusar Rayon Şöbəsinin rəisi Nicat Həsənov çıxış edərək vurğuladı ki, son illər ölkəmizdə digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də tarixi uğurlar qazanılıb. Bu gün Azərbaycan Silahlı Qüvvələri bölgənin ən qüdrətli hərbi gücüdür. Ölkəmizin təkcə hərbi xərcləri işğalçı Ermənistanın bütövlükdə dövlət büdcəsindən xeyli artıq olmaqla, düşmən dövlətin hərbi xərclərindən on dəfədən çoxdur. Hər bir ölkə vətəndaşı əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin istənilən əmrini hər an yüksək səviyyədə yerinə yetirməyə tam hazırdır.
Mərasimdə Milli Məclisin deputatı Azər Badamov, Qusar Rayon Prokuroru, baş ədliyyə müşaviri Zahid Vəliyev, valideyn Cabir Məmmədrzayev və başqaları çıxış edərək çağırışçıları Vətənə sədaqətlə xidmət etməyə səslədilər.
Bildirildi ki, müasir Azərbaycan Ordusu yüksək intizamı və döyüş hazırlığı ilə dünyanın əksər silahlı birləşmələrinə nümunədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Övladlarını hərbi xidmətə yola salan valideynlər qürur hissi keçirdiklərini söyləyərək, çağırışçılara Vətən uğrunda canlarından belə keçməyə hazır olmağı tövsiyə etdilər.
Qusarlı çağırışçılar da Vətənə şərəflə xidmət edəcəklərinə söz verib, işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə hazır olduqlarını bildirdilər.
Mərasimdə iştirak edən "N" saylı hərbi hissənin əsgərlərinin nümunəvi çıxışları tamaşaçılarda fəxr və qürür hissini daha da artırdı. Rayonun bədii özfəaliyyət kollektivlərinin maraqlı konsert proqramı isə çağırışçı gənclərin rəqsləri ilə müşayət olunmaqla iştirakçıların bayram təntənəsini daha da artırdı.
Nəhayət yola düşmək məqamı yetişdi. Gənclər üçrəngli dövlət bayrağımızı öpərək ordu sıralarına yollandılar.
Yaxşı yol əziz gənclər! Əminik ki, siz valideynlərinizin, müəllimlərinizin, rayon rəhbərliyinin və dövlətimizin etimadını layiqincə doğruldacaq, doğma Vətənimizin keşiyində möhkəm dayanacaqsınız. Biz isə hər zaman sizin xoş soraqlarınızı gözləyəcəyik. İrəli, Azərbaycan əsgəri, Vətən sənə güvənir!
Ramiz Ramazanlı,
İTV-nin bölgə müxbiri
.
Maybe you are interested in:
BU “QONAĞA” YERİMİZ YOX
“Narkomaniyaya yox deyək” mövzusunda dəyirmi masa keçirilmişdir.
Əli Həsənov Azərbaycan prezidentinin köməkçisi oldu
Axtida mədəniyyət ili
Azərbaycanda əsgər özünü güllələyib