Mehman Əliyev: Gürcüstan Cənubi Qafqazda söz azadlığı sahəsində liderlik edir
Tbilisidə ATƏT-in Cənubi Qafqaz ölkələrində media ilə bağlı 12-ci konfransı keçirilib. Üç region ölkəsinin nümayəndələri rəqəmsal mühitdə söz azadlığı ilə bağlı fikir mübadiləsi aparıblar. Bu barədə "Amerikanın Səsi”nə müsahibəsində Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib.
Onun sözlərinə görə, konfransda səslənən bütün faktlar və arqumentlər göstərib ki, regionda media azadlığı sahəsində liderlik edən ölkə Gürcüstandır. Bu ölkədə çox böyük müsbət dəyişikliklər baş verib. Getdikcə medianın azadlığı daha çox təmin olunur, informasiya əldə etmək, demək olar ki, ciddi problem deyil, jurnalistlərin təhlükəsizliyi təmin olunur. Gürcüstanda həbsdə olan jurnalist yoxdur, jurnalistlərin dövlət orqanları ilə əməkdaşlığı kifayət qədər konstruktiv formadadır, söz azadlığının inkişafı üçün yaxşı imkanlar yaradılır.
Bu, özünü televiziya kanallarında, elektron tv-lərdə, on-layn mediada, çap mediasında göstərir. Gürcüstan Azərbaycandan nə qədər kasıb olsa da, bu ölkədə media sahəsində kifayət qədər böyük irəliləyişlər, nailiyyətlər var.
Azərbaycanda 8 jurnalist, 5 bloger həbsdədir. Jurnalistlərə təzyiqlər həmişə olur. Son zamanlar, Meydan TV ilə əməkdaşlıq edən jurnalistlərin istintaqa cəlb olunması, Rasim Əliyevin ölümü və başqa jurnalistlərin işinin məhdudlaşdırılması səyləri, yəni bu, Azərbaycanda faktdır, göz qabağındadır.
Ermənistanda elektriklə bağlı olan nümayişlər zamanı, etirazların birinci günlərində 13 jurnalist xəsarət almışdı, onların kameraları sındırılmışdı, fiziki təzyiqlərə məruz qalmışdılar. Amma bu nöqsan çox tez zamanda aradan götürülmüşdü. Doğrudur, müxtəlif təzyiq formaları var, amma bu, geniş formada tətbiq olunmur.
Gürcüstanda isə bu sahədə vəziyyət yaxşıdır, dövlət, hökumət, parlament, hüquq-mühafizə orqanları tətəfindən hər cür səylər göstərilir ki, jurnalistlərin təhlükəsiz şəraitdə işləmək fəaliyyəti təmin olunsun.
Konfransda Cənubi Qafqazda rəqəmsal televiziyaya keçid məsələləri də müzakirə olunub. Yeri gəlmişkən, bu məsələ birinci dəfə deyil ki, müzakirə olunur. Bu söhbətlər artıq beş ilə yaxındır ki, var. Hər üç ölkə bununla bağlı Avropa xartiyası çərçivəsində öhdəliklər götürüb. Bu günə bu sahədə də, əlbəttə, liderlik edən Gürcüstandır. Orada məsələlər demək olar ki, 95 faiz həll olunub. Gürcüstan auditoriyasının 95 faizi demək olar ki, rəqəmsal televiziyaya keçib.
Bunun üçün hər cür imkanlar yaradılıb, o cümlədən analoq televiziyaların cihazlarla təmin olunması üçün vəsait ayrılıb və ailələrə pulsuz cihazlar verilib. Gürcüstan, demək olar ki, bu prosesi tamamlayır. Bu isə çox geniş imkanlar açır. Ölkənin ucqarları da daxil olmaqla, keyfiyyətli televiziya və internetlə təmin olunur. Bu isə çox ciddi məsələdir.
Azərbaycanda bu proses xeyli zəifləyib. Ölkədə 2 milyon 500 minə yaxın ailədə televizor var. Bunların çoxu analoq televizorlarıdır. Statistikaya görə, indiyədək Azərbaycanda cəmi 55 min analoq televizorlarda rəqəmsal siqnalları qəbul edəcək cihazlar alınıb. Bu, kifayət deyil. Ümumilikdə rəqəmsal televiziyaya keçid kifayət qədər zəifdir. Bu ilin iyun ayına ölkədə bu proses tamamlanmalı idi.
Ermənistanda da vəziyyət oxşardır, onlar da geridə qalır, deyə M.Əliyev qeyd edib.
.
Maybe you are interested in:
Dunya Miyatoviç Azərbaycan hökuməti ilə dialoqa tərəfdardır
Xalid Ağəliyev: Media mühitinə sağalmaz yaralar vurulub