Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Xalid Ağəliyev: Media mühitinə sağalmaz yaralar vurulub

 

Media hüququ üzrə ekspert Xalid Ağəliyev "Amerikanın Səsi”nə müsahibəsində Cinayət Məcəlləsində dövlət sirri ilə bağlı cəzaların sərtləşdirilməsi, seçki öncəsi durum, media və jurnalistlərin hüquqlarının qorunması sahəsindəki vəziyyətdən danışıb.  

Sual: Milli Məclis Cinayət Məcəlləsində dövlət sirrinin yayılması ilə bağlı cəzaları sərtləşdirib. Bir sıra ekspertlər sərtləşdirmənin araşdımaçı jurnalistlərə qarşı yönəldiyini bildirir. Sizin fikriniz?

Cavab: Dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, ümumiyyətlə dövlət sirrinin qorunması haqqında milli qanunvericilik paketi bu günədək də kifayət qədər sərt idi. Yeni dəyişikliklərin hansı zərurətdən irəli gəldiyini, doğrusu, izah etmək mənim üçün çətindir. Amma bu dəyişikliklərin jurnalist fəaliyyətinin məhudlaşdırılmasına yönəldiyini söyləmək üçün də kifayət qədər əsaslarımın olduğunu deyə bilmərəm. Ümumilikdə götürdükdə dəyişikliklərin jurnalist fəaliyyətinin daha etibarlı təmin olunmasına, mətbuat azadlığına xidmət etdiyini söyləmək olmaz. İstənilən halda daha ağır məsuliyyətin nəzərdə tutulması fəaliyyətin daha da çətinləşməsinə gətirib çıxaracaq. Ümumilikdə bu dəyişikliklərin  kontekstində deyil, son bir ildə media qanunvericiliyinə, jurnalist fəaliyyəti ilə bağlı olan qanunlara dəyişiklik edilməsi prizmasından yanaşmaq istərdim. Təəssüf ki, son bir ildə istər "KİV haqqında” qanuna edilən dəyişikliklər, istərsə də son dəyişikliklər, eyni zamanda əvvəlki dövrlərdə edilən dəyişikliklər jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlib. Dəyişikliklər bütövlükdə jurnalistləri daha sərbəst fəaliyyət göstərməkdən çəkindirir.  

Sual: Bu il parlament seçkiləri ilidir. Azərbaycan mətbuatı seçkiləri azad, ədalətli və tərəfsiz işıqlandırmağa hazırdırmı?

Cavab: Azərbaycanın media mühitinin azadlığı, sərbəstliyi ilə bağlı çox fikri söyləmək, təəssüf ki, çətindir. Azərbaycanda elektron media, yayım mediası, demək olar ki, bütövlüklə hökumətin nəzarəti altındadır. Bütün telekanallar, bütün radiolar hökumətin tam nəzarəti altındadır. Çap mediasını  da bu çərçivəyə aid edə bilərik. Çap mediasının da 90-95 faizi hökumətin nəzarəti altındadır. Onlar reklam, yayım gəlirlərindən məhrumdurlar, bütövlükdə hökumətin ayırdığı qrantlardan asılı vəziyyətdədirlər. İnternet mediasında durum nisbətən fərqlidir. Bu, seçkiöncəsi azad təbliğat aparmaq üçün önəmli vasitə rolunu oynaya bilər. Amma elektron və çap mediasında azad təşviqat aparılmasını söyələmək üçün əsaslar tapmıram.

Sual: Hazırda ondan çox jurnalist və bloger həbsdədir. Bu həbslər media mühitinə necə təsir edib?

Cavab: Jurnalistlərin, xüsusilə də tənqidçi jurnalistlərin, hökumətin müxtəlif sahələrdəki siyasətini tənqid edən jurnalistlərin həbsdə olması, onlara qarşı basqıların olması, bu halların araşdırılmaması, onların informasiya əldə etmək imkanlarının zəif olması bütövlükdə media mühitinə çox qorxuducu təsir edən amillərdir. Hazırda 8 jurnalist, bir neçə bloqçu həbsdədir. Bu durum media mühitinə zərər vurur, jurnalistlərin gözünü qorxudur.

Sual: Ölkədə son zamanlar media hüquqlarını müdafiə edən bir neçə təşkilat fəaliyyətini dayandırıb və ya fəaliyyəti dayandırılıb. Bundan sonrakı durumu necə proqnozlaşdırırsınız?

Cavab: Azərbaycan mediası kasıb mediadır. Əksər araşdırmalardan da görünür ki, azad media mətbuatı ayaq üstə saxlayan reklam gəlirlərindən məhrumdur. Media hökumətdən asılı vəziyyətə düşüb. Bu durumda medianın hüquqlarının keyfiyyətli qorunması da mümkün deyil. Artıq on ildən çox idi ki, media hüquqlarının müdafiəsini qeyri-hökumət təşkilatları həyata keçirirdi. Jurnalistlərin həbsi zamanı, ümumiyyətlə onlara hüquqi yardımı QHT-lər göstərirdi. Bu QHT-lərin sıradan çıxarılması medianın və jurnalistlərin tamamilə köməksiz qalmasına səbəb olacaq. Bu da media mühitinə çox sağalmaz yaralar vuracaq.

Sual: Vəziyyətdən çıxışı necə görürsünüz?

Cavab: Vəziyyət çıxılmaz durum həddinə gəlib. Azad media dairəsində qalan kütlə çox zəifdir. Onların bu gün hansısa təşəbbüskarlıq göstərib öz hesabına vəziyyətdən çıxacağını düşünmək çox çətindir.  Burada əsas iş hökumətin üzərinə düşür. Hökumət media azadlığı ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Hökumət milli qanunvericiliyin media azadlığına təminat verən normalarının işə düşməsinə yardım etməlidir. Bütün bunlar edilmədən indiki durumdan çıxmaq çox çətin olacaq. 

.

contact.az

.

Maybe you are interested in:

Əvəz Həsənov: “Dövlət kameral yoxlamaları ləğv edirsə QHT-ləri niyə məhdudlaşdırmalıdır?”

Ceyms Uorlik: “İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”

Mirvari Qəhrəmanlı: Dövlət Neft Şirkəti əlsiz-ayaqsız bir quruma çevrilib

Mehman Əliyev: Gürcüstan Cənubi Qafqazda söz azadlığı sahəsində liderlik edir

Parlament xarici donorlar üçün tələbləri sərtləşdirib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz