Aİ və Azərbaycan: sabit qarşıdurma
Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində Qərb və İlham Əliyevin Prezident Administrasiyası arasında münasibətlər kəskin şəkildə gərginləşib.
Son üç ildə Azərbaycan-Qərb münasibətlərinin əsas problemi vətəndaş cəmiyyətinə və 2013-cü il prezident seçkiləri ərəfəsində sayı xeyli artan siyasi məhbuslara təzyiq mövzusudur. Prezident Əliyev müntəzəm olaraq bu mövzuya qayıdır və hər fürsətdə Qərbi onu devirmək və Azərbaycanda rejimin sabitliyini pozmaq cəhdlərində ittiham edir. O, sonuncu belə çıxışı sentyabrın 8-də hökumətin müşavirəsində edib.
Birləşmiş Ştatlar, Avropa İttifaqı, Avropa Şurası, ATƏT bu ittihamları əsassız görərək təkzib edir və hakimiyyəti beynəlxalq öhdəliklərini, xüsusən insan hüquq və azadlıqları sahəsində öhdəliklərini yerinə yetirməyə çağırır.
Son bir il yarım ərzində - hesabın başlanğıcı olaraq jurnalist Rauf Mirqədirovun və vətəndaş fəalları Leyla və Arif Yunusun həbsini götürmək olar – rəsmi Bakının Qərb tərəfdaşları ilə münasibətlərində, amma əvvəlki kimi, yalnız vətəndaş cəmiyyəti sahəsində yeni qarşıdurma mərhələsi başladı. Bu qarşıdurma regional iqtisadi layihələr və sabitlik məsələlərinə heç cür toxunmayıb.
Əliyev Administrasiyasının daxili siyasi kursunun tənqidi ilə yanaşı, Aİ və ABŞ hər fürsətdə regional nəqliyyat və energetika hiperlayihələrində, o cümlədən qaz kəmərləri şəbəkəsi, habelə "İpək Yolu” dəmiryol və dəniz logistikası layihələrində Azərbaycanın strateji rolunu xatırlatmağı unutmur. Bu zaman Avropa və Amerikalı tərəfdaşların hərəkətlərindən göründüyü kimi, Azərbaycanda rejimin sabitliyi Vaşinqton və Brüssel üçün əsas prioritet olaraq qalmaqdadır.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) və ABŞ-ın Azərbaycanda parlament seçkilərinin monitorinqindən imtina haqqında sonuncu bəyanatı, Avropa Parlamentinin meydan oxuyan qətnaməsi, habelə Bakıda aqressiv cavab reaksiyası yalnız bir şeyi göstərir – Azərbaycanda parlament seçkiləri 2008-ci il prezident seçkilərində olduğu kimi texniki xarakter alır və Əliyev administrasiyasına seçkiləri lazımi şəkildə keçirib planlaşdırılmış nəticələrə nail olmaq imkanı verir.
Qərbin və rəsmi Bakının hərəkətlərinə əsaslanaraq ehtimal etmək olar ki, hadisələrin növbəti inkişaf ssenarisi Belarus ssenarisi üzrə keçə bilər – obstruksiyaya və rejiminin müvəqqəti təcridinə baxmayaraq, prezident Aleksandr Lukaşenko 2010-cu il prezident seçkilərini ardıilə 2012-ci ilin parlament seçkilırini öz ssenarisi üzrə keçirib. Son nəticədə iş siyasi məhbusların azad edilməsi, azadlıqlar sahəsinə diqqətin azalması və Aİ üzvləri və Belarus arasında iqtisadi əməkdaşlığın inkişafı ilə başa çatıb. Elə həmin ssenari, amma bu dəfə Əliyevin icrasında, iqtisadi böhran, Ukraynadakı, Suriyadakı hadisələr və s. şəraitində meqalayihələr üçün sabitlik probleminin ən çox narahat etdiyi tərəflər üçün, prinsipcə, pis ssenari deyil.
Parlamentin simasının bir qədər yenilənəcəyi istisna deyil və beş ildən çoxdur qanunvericilik sistemində olmayan ekspert birliyi və müxalifət nümayəndələrinin daxil edilməsi Milli Məclisin qırışlarını bir qədər açacaq. Səsvermədən əvvəl və sonra siyasi məhbuslar azad edilməlidir ki, bu da Brüsseldə ya regional qeyri-sabitlik, ya tərəflər arasında dəyərlər sahəsində anlaşılmazlıq səbəbindən imzalanması hər dəfə təxirə salınan strateji tərəfdaşlıq haqqında saziş üzrə dialoqun bərpası üçün yaxşı müjdə kimi qiymətləndiriləcək.
Əlbəttə, seçki prosesinin qeyri-demokratik olduğu haqqında növbəti qətnamə kimi xoşagəlməz hadisəsiz ötüşməyəcək. Amma bu, növbətçi qiymətləndirmə olacaq, Avropa və Azərbaycan arasında gələcək praqmatik münasibətlərə xüsusi bir düzəliş etməyəcək.
Turan Analitika Xidməti
.
Maybe you are interested in:
Ann Brasserin İlham Əliyevə çağırışı
Maran Terner: Azərbaycan kritik nöqtəyə çatıb
Maran Terner: Azərbaycan kritik nöqtəyə çatıb
Human Rights Watch: Leyla Yunusun həbs müddəti uzadıla bilər