Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir
Qədim Romada andlı məhkəmələrdə insanlar özləri özlrini müdafiə edirdilər. Yəni məhkəmə zamanı ittiham olunan nitq söyləyərək insanları özünün günahsızlığına inandırmağa çalışırdı.
Beləcə natiqlik sənəti inkişaf edir, ritorika elmi meydana gəlir. Adam bilirdiki qurtuluşu natiqlik bacarığından asılıdır, yəni onun öz əlindədi. Bacaracaqsa, işi udacaq, azad olacaq. Bu Qədim Romada belə idi.
21-ci əsrdə Azərbaycanda nə baş verir, deyə bilmərəm. Yalnız onu bilirəmki oğlumun vəkillərindən biri mütləq özüm olmalıyam. Bu mənim ana kimi haqqım və borcumdur.
Jurnalist – alimdir, tarixçidir, siyasətçidir, hüquqşunasdır, natiqdir, diplomatdır. Bütün bu keyfiyyətlər oğlum əməkdar jurnalist Raufun simasında cəmlənibdir. O, 30 ildirki tarixi həqiqətləri faktlara əsaslanaraq dinamik inkişafda əks etdirməyə nail olub.
Gələcək nəsillər yaxın tariximizi Raufun məqalələri ilə təhlil və təqdiq edəcəklər. Jurnalist – siyasətçidir. Siyasətçi sözü yunan dilindən tərcümədə "dövlətə aid olan” deməkdir.
Cəmiyyətdə baş verən siyasi, iqtisadi, sosial proseslərin nizamlanmasına, dövlətçiliyin möhkəmlənməsinə xidmət etdiyi üçün Raufun bu istiqamətdə də rolu danılmazdır.
Jurnalist informasiyanın köməyi ilə idarə edir, təhlil edərək hadisələri qabaqlayır və bununla da öz ölkəsinə xidmət göstərir. Bu amalın yolunda o düşmən ölkəyədə səfərlər edə bilər, rola girib öz peşəsinidə dəyişə bilər, xoşu gəlmədiyi insanların üzünə gülüb məlumatı əldə etməyədə çalışar. Önəmlisi jurnalistin son nəticə kimi ortaya qoyduğu yazısıdır. Bu onun öz sənətinə sadiqliyi, peşəkarlığıdır. Bütün bunlar jurnalistin əleyhinə ittihama çevrilməməlidir. Əks halda bütün dəyərlər dəyişir, jurnalistika institutu öz əhəmiyyətini itirir.
Jurnalist-diplomatdır, o öz intellektinin, natiqlik istedadının, bədii təfəkkür tərzinin köməyi ilə qarşısındakını inandırır, ictimai rəyi müsbətə doğru dəyişməyə çalışır.
Rauf qonşu ölkədə Ermənistan hakimiyyətinin öz xalqı üçün nə qədər səhv mövqedə olduğundan, bu siyasətin erməni xalqını uçuruma apardığından, eləcədə digər Qafqaz xalqlarının inkişafına mane olduğundan danışırdı, opponentlərini inandırmağı bacarırdı.
Rauf bu konfraslarda Qafqaz regionunun bütovlükdə inkişafından bəhs edirdi, "Parçala və hökm sür” siyasətini ifşa edirdi. Əks tərəfi Qafqazda sülhün qorunması üçün torpaqlarımızın mütləq azad edilməsinin, ərazi bütovlüyümüzün bərpasının vacibliyinə inandırmağa çalışır və buna nail olurdu. Bunun nəyi pisdir? Məgər bizim dövlətimizin istəyi bu deyilmi? Nəyə görə Rauf təqib olunmalıdır? Nəyə görə intellektual, istedadlı, söz deməyi, inandırmağı bacaran, peşəkar şəxs belə ağır ittihamla ləkələnməlidir?
Rauf jurnalistdir! Onun heç bir dövlət sirrinə girişi yoxdur. Bu halda, jurnalist dövlət tərəfindən qorunan sirri necə əldə edib ötürə bilər? İnternetin köməyi ilə? Məgər Ermənistanda internet yoxdur? Onlar "google”-nın nə olduğunu bilmirlər? Açıq informasiyalardan dövlət sirri ola bilməz. 21-ci əsrdə, 5-ci elmi-texniki inqilabın astanasında belə söhbətlər artıq öz əhəmiyyətini itirir. Biz kimə nəyi sübut etmək istəyirik? Vətənpərvər ziyalının vətənini sevməməyinəmi, dövlət sirri daşıyıcısı olmayan insanın dövlət sirrini düşmənə ötürdüyünəmi, öz ölkəsi ilə nəfəs alan şəxsin vətən xaini olduğunamı? Axı nəyin əsasında? Yalnız Ermənistana etdiyi səfərlərə, erməni ziyalıları ilə normal tonda apardığı ünsiyyətə, konfraslardakı çıxışlarına, öz intellekti ilə hətta düşmənin belə hörmətini qazana bilmək bacarığına görə? Məgər peyğəmbərimiz deməyib ki "Dostu yanında saxla, düşməni ondanda yaxın”? Məgər ictimai təşkilatların yolu ilə beynəlxalq konfraslarda iştirak etmək və digər çıxışçılar kimi eyni məbləqdə qonorar almaq cinayətdir?
Jurnalistin işi məqalə yazıb və ya çıxış edib bunun müqabilində qonorar almaq deyilmi? Öz intellektinin məhsuluna görə insan maaş alır, bu normaldır. Mənim oğlumun biliyinin, istedadının müqabilində qazandığı əlli-yüz manatı düşmənə satılmaq üçün maddi maraq hesab edənlər xalqın malını millionlarla deyil, milliardlarla talan edəndə bunu Uca Allah götürərmi? Beləmi bizim dövlətçiliyimiz inkişaf edəcək? Beləmi təhlükəsizliyimiz qorunacaq? Xalqın ziyalısı onun həm maddi, həmdə mənəvi sərvətidir. Südün qaymağını götürsən, ortada qalan yavanlıqla nə etmək olarkı? Ziyalı işıqdır, təmənnasız daxilən azad ziyalı isə sönməyən günəşdir. O əsrlər ötsə belə öz milləti üçün işıq saçacaq.
Ziyalını qorumaq xalqı, vətəni, milləti, dövləti qorumaq deməkdir. Xalqın ziyalısını məhv etmək, milləti məhv etmək deməkdir. Əslində DÖVLƏTƏ XƏYANƏT elə budur!
Rəfiqə Mirkadırova
.
Maybe you are interested in:
ANS Avropa və İnsan Hüquqları Məhkəməsini yada salıb