Nardaranın problemlərini onu islam ekstremizminin nümunəsi kimi təsvir edərək həll etmək olmaz
Nardaranda amansız əməliyyat həyata keçirilməsi haqqında qərar bu qəsəbənin probleminin həllinin uğursuz üsuludur. Bu fikri Turan-ın Vaşinqton müxbirinə müsahibəsində Azərbaycan üzrə məşhur Amerikalı ekspert, Massaçusets ştatı Universitetinin professoru Odri Alştadt bildirib.
"Hesab edirəm ki, hökumətin təbliğatı yanlışdır, iqtisadi və sosial amillərin Nardaranda hazırki vəziyyətin əsas mənbəyi ola biləcəyini unudur.
Bakıdan 30 km məsafədə yerləşən bu qəsəbə təhlili ən mürəkkəb yerlərdən biridir. Şiələrin yaşadığı Nardaran hələ sovet dövründə din əleyhinə siyasəti rədd edən çox dindar insanların qəsəbəsidir.
Amma son 20 ilin tarixinə baxsaq, görə bilərik ki, Nardaranda bir çox etirazlar dini deyil,sosial-iqtisadi xarakter daşıyırdı”, deyə ekspert qeyd edib.
"Onlar dindar olduqlarına görə sosial tələblərini də çox vaxt dini formada ifadə edirdilər. Buna görə bunu dini radikalizmin təzahürü kimi təqdim etmək düzgün deyil. Onların sosial və iqtisadi problemlərinin əksəriyyətini bunsuz da həll etmək olar”, deyə ekspert bildirib.
"Baş verənləri radikalizmlə izah etməyə çalışan hökumət təbliğatını başa düşə bilərəm, amma artıq uzun illərdir cəmi 30 kilometrliyində mövcud olan problemlərə məhəl qoymayan hökuməti başa düşmürəm”, deyə o qeyd edib.
"Mən əvvəllər Bakı ətrafında və Abşeron yarımadasındakı qəsəbələrdə olmuşam və susuz və elektriksiz yaşamağın nə qədər çətin olduğunu təsəvvür edirəm.
Elektrik enerjisi və qazı kəsərək, bütün yaşayış məntəqəsinin cəzalandırıldığı hazırki vəziyyət tamamilə anlaşılmaz görünür.
Onların tələblərinin təmin edilməsini, hökumətin isə bütün problemləri araşdırdığını görmək istərdim”, deyə o fikrini tamamlayıb.
.
Maybe you are interested in:
Qaxda bir qrup dindar saxlanılıb
Nardaranda Fransa, İsrail və ABŞ bayraqları yandırlıb