Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Devalvasiyalı repressiyalar…

 

… Ölkədə repressiyalar, həbslər davam edir. Kim düşünürsə ki, manatın devalvasiyasından sonra sosial- iqtisadi vəziyyətin pisləşməsi hakimiyyəti ciddi şəkildə qayğılandırır, başını qatıb və bir addım xalqa yaxnlaşdırıb, yanlışlıq edir. Maşallah hökümətimiz əvvəl olduğu kimi yenə bütün cəbhələrdə hücümda oynayır. ABŞ- a, Almaniyaya meydan oxumaqdan tutmuş monopoliyanın, korrupsiyanın inkişaf etdirilməsi, qiymətlərin artımına qədər. Hələ bir imkan tapıb vətəndaş cəmiyyətinə, ictimai- siyasi fəallara da şapalaq vurmağı unutmur. Necə deyərlər nə əldən qoyur, nə yardan doyur…

 Məni keçən həftə Respublika baş prokurorluğuna dəvət edəndə aydın oldu ki, orda bizim yazılarımızı diqqətlə oxuyurlar və bundan sonra da diqqətlə oxuyacaqlar (mən də imkan tapıb buna görə onlara öz təşəkkürümü bildirdim- red.). Doğrusu deyim ki, bu "diqqət”-ə görə mən bir az sevindim. Ona görə ki, düşündüm nə yaxşı hələ kimsə kimsənin yazdıqlarını, necə deyərlər ərizəsinin üstünü oxuyur.  Amma orda mənə məsləhət bildilər ki, yazdıqlarımı qanunlara və faktlara istinad edim. Düzdür, biz həmişə fəaliyyətimizi qanun çərçivəsində qurub, yazılarımızı faktlara istinad etmişik. Amma bu tövsiyyəni də qəbul etdik ki, yazıda nə qədər çox qanunlara, faktlara istinad edilsə o qədər yaxşıdır. Təki hökümətimiz də bizə dediklərini özü əməlində etsin.

Ona görə də son zamanlar ölkədə davam edən repressiyaları, qanunsuz həbslər barədə məlumatları faktlara istinad edərək bildirmək istəyirik. Aparılan araşdırmalar göstərir ki, ölkəmizdə 100- dən çox siyasi məhbus ölkə həbsxanalarında haqq etmədikləri cəzanı çəkirlər və orta hesabla elə ay olmur ki, bir neçə nəfər ictimai- siyasi fəaliyyətinə görə təqib edilib həbs olunmasın.

Gəlin son bir neçə həftədə həbs olunanların siyahısına nəzər yetirək;

2015- ci il dekabr ayının sonlarında tanınmış şair Saday Şəkərli həbs edilib. Onun haqqında  Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi qaldırılıb. Onun həbsi barədə ilkin məlumat verənlərdən biri şairi yaxından tanıyan Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev olub; "S.Şəkərli heç harda işləmir və ən azından bu mənada onun hansısa korrupsiyaya yol verməsi mümkünsüzdür. O, sakit təbiətə malik sırf yaradıcı adamdır. Onun həbsinə səbəb, məndə olan məlumata görə, əsərlərində səsləndirdiyi tənqidi fikirlərdir. Hesab edirəm ki, bütün ziyalılar, siyasilər, demokratik kəsimin bütün dairələri baş verən bu biabırçılığa öz etirazını bildirməli, qəti şəkildə S.Şəkərlinin müdafiəsinə qalxmalıdır”.

 Xatırladaq ki, az öncə daha bir satirik şair, şerlərində hakimiyyəti sərt tənqid edən Tofiq Həsənli də həbs edilib. T. Həsənli siyasi məhbusların siyahısını hazırlayan İşçi Qrup tərəfindən siyasi məhbus elan edilib. 

2016- cı ilin ilk ən qalmaqallı həbsi Naradaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsi oldu. O, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli bilinərək 7 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində həbs edilib. Nəinki Nardaranda, bütün qonşu Bakı kəndlərində, demokratik düşərgədə çoxlarının Kərbalayi Natiq kimi xitab etdiyi bu şəxs dininə, millətinə, dövlətinə sadiq kamil bir insan kimi tanınıb və qəbul olunub. Onun birdən- birə ahıl yaşında dövlətə xəyanətdə ittiham edilməsi silahdaşları tərəfindən külünc və acı gülüşlə qarşılanır.

Yaxın günlərdə diqqət çəkən həbslərdən biri Astarada həyata keçirilib. Həbsdə olan İslam partiyasının fəalı, siyasi məhbus Ruhulla Axundzadənin oğlu, islamçı məhbusların hüquqlarını müdafiə edən Məhəmmədəli Axundzadə həbs edilib. O, Cinayət Məcəlləsinin 234.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham olunur. Qeyd edək ki, Məhəmmədəli Axundzadə Məşhəddə ilahiyyat təhsili alır. O, özünü təqsirli bilmədyini, atasının və digər inanclı məhbusları müdafiə etdiyinə görə şərlənərək həbs olunduğunu bildirib.

Bir neçə gün öncə isə video bloger Hüseyn Əzizoğlunu həbs ediblər. Hüseyn çox gənc olmasına baxmayaraq kifayət qədər istedadlıdır. Onun ölkədə olan eybəcərlikləri, haqsızlıqları, qanunsuzluqları ustalıqla kiçik səhnəciklər şəklində ifşa etməsi ona xeyli tərəfdar yığıb. Bəzi mənbələrin verdiyi məlumata görə gənc video- blogerin həbsi onun polis haqqında quraşdırdığı satirik video roliklərlə bağlıdır. Düzdür Hüseyn Əzizoğlu 15 sutkalıq inzibatı həbs cəzası alıb. Amma bu cəzanın cinayət məsuiyyəti ilə əvəzlənməyəcəyinə dair hər hansı təminat yoxdur.

Ölkədə həbslər, repressiyalar davam etdiyi bir ərəfədə daha bir jurnalistin həbs olunma ehtimalı artıb. Bu şəxs "Gündəm- xəbər” qəzetinin təsisçisi Şirin Cəfəridir. O, vergidən yayınmaqda və məhkəmə qərarını yerinə yetirməməkdə ittiham olunur. Əslində Ş. Cəfərinin rəhbərlik etdiyi qəzet və eyni adlı saytda zaman- zaman Azərbaycanda yüksək çinli məmurlar tənqid olunub. 

Bu siyahını uzatmaq olar. Nardaran hadisələri ilə bağlı Bakıda və regionlarda həbs olunan insanları, son zamanlar sosial- iqtisadi tələblərlə rayonlarda keçirilən aksiyalar zamanı saxlanılanları hələ bu siyahıya daxil etməmişik. Məsələn, təkcə dünən Siyəzəndə keçirilən etiraz aksiyası zamanı yerli sakinlərdən 55 nəfər saxlanılaraq polis bölməsinə gətirilib. Saxlanılmış şəxslərdən bir neçə nəfər haqqında cinayət işi qaldırılıb, bəzi şəxslər inzibati məsuliyyətə cəlb edilib. Lənkəranda keçirilən aksiya zamanı isə AXCP rayon şöbəsinin sədri Nazim Həsənov və Müsavat Partiyasının yerli təşkilatının sədri İmanverdi Əliyev Lənkəran rayon məhkəməsinin qərarı ilə 1 ay inzibati həbs cəzasına məruz qalıblar. Yeri gəlmişkən təəssüflə qeyd etmək lazımdır ki, hakimiyyət sosial- iqtisadi durumu ağır olan insanların tələb və istəklərini dinləmək, problemlərini həll etmək əvəzinə etiraz edənləri təxribata çəkir, onlara qarşı zor tətbiq edir. Etiraz aksiyalarının dağıdılması üçün "Daxili qoşunların statusu haqqında” Azərbaycan respublikasının Qanununa zidd olaraq daxili qoşun qüvvələrindən istifadə olunur. Dünən Siyəzəndə keçirilən etiraz aksiyası zamanı vətəndaşlara qarşı zorakalığa yol verilib, rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə olunub. Maraqlıdır ki, xalq kütlələrinin kortəbi şəkildə təşkil etdiyi aksiyanın da "gunahı”- nı hakimiyyət AXCP və Musavat partiyasının ayağına yazır.

... Amma manat devalvasiyaya ugradığı kimi bu hakimiyyətin apardığı repressiyalar da devalvasiyaya ugrayıb. Dəyərini və kəsərini itirib. Çünki ölkə həbsxanalarının ağzına qədər dolduğu, 100- dən çox siyasi məhbusun olduğu bir ölkədə yenə də insanlar sözlərini deyib, etirazlarını bildirə, meydanlara çıxa bilirlərsə deməli artıq repressiyalar da korlaşıb, necə deyərlər devalvasiyaya ugrayıb. 23 illik aparılan siyasətin bir məqsədi də ölkədə narazı insanların olmamasına hesablanmışdı. Daha doğrusu narazılığı ifadə edəcək cəsarətli insanların olmamasına... Göründüyü kimi bu siyasət də iflasa ugrayıb.

Yuxarıda qeyd olunduğu kimi manatın devalvasiyasına, insanların maddi durumunun ağırlaşmasına baxmayaraq hakimiyyət repressiyalar həyata keçirməklə insanları qorxu altında saxlamağa cəhd edir. Amma bu siyasəti yürüdənlər sadə bir məntiqi anlamırlar ki, cəmiyyətdə artan narazılığın qarşısını qorxu xofu, repressiya ilə almaq mümkün deyil. Ac qıcılınca çapdığı kimi nifrətin və qəzəbin də bir gün qorxunu üstələcəyi məntiq var. Bu məntiqi unutmaq olmaz. Yay nə qədər çox dartılsa, yaydan çıxan ox da eyni surətlə hədəfə doğru yön alacaq. Xalqın qəzəb hədəfi olmaqdansa repressiyaları dayandırıb, yalançı ritorikanı kənara qoyub, xalqa əl uzadıb islahatlara yol açmaq daha faydalı və xeyrli olar.

P. S. Son anda verilən məlumata görə AXCP Gənclər Komitəsinin üzvü, həbsdə olan siyasi məhbus Məmməd İbrahimin oğlu Turan İbrahim gecə saatlarında saxlanılaraq Nərimanov rayon 17- ci polis bölməsinə aparılıb. Atasını qorxuda bilmədilər, övladını qorxutmaq istəyirlər. Görünən odur ki, bu hakimiyyətin insanları qorxutmaq siyasəti də devalvasiyaya ugrayıb...

 

 

 

Oqtay GÜLALIYEV, hüquq müdafiəçisi

.

www.contact.az

.

Maybe you are interested in:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan həbsxanalarında niyə məhbuslar çoxdur?

Human Rights Watch: Qərb Azərbaycanda insan hüquqlarının pozulmasını seyr edir

Avropa QHT koalisiyası Azərbaycanda repressiyaları pisləyir

Hüseyn Abdullayev hakimiyyəti ittiham edir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz