ABŞ: Azərbaycan bütün siyasi məhbusları azad etməlidir
ABŞ Azərbaycanda 14 siyasi məhbusun azad edilməsini alqışlayıb, İlham Əliyev hökumətini bütün qalan vicdan məhbuslarını azad etməyə çağırıb, xəbəri turan-ın ABŞ-dakı müxbiri verib.
"Birləşmiş Ştatlar Azərbaycan hökuməti tərəfindən insan haqları sahəsində fəaliyyəti, ya da fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbsdə olan ondan çox şəxsin azadlığa buraxılması kimi müsbət addımı alqışlayır”, deyə ABŞ Dövlət Katibi Con Kerrinin bəyanatında bildirilir.
Azadlığa buraxılanlar arasında tanınmış insan haqları fəalı Rəsul Cəfərov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, talış etnik qrupunun qəzetinin baş redaktoru Hilal Məmmədov və Müsavat partiyası sədrinin müavini Tofiq Yaqublu da var. Jurnalist və sülh fəalı Rauf Mirqədirov məhkəmə tərəfindən azad edilib.
Həbsdə qalanlar arasında jurnalistlər Xədicə İsmayılova, Nicat Əliyev, Araz Quliyev, Seymur Həzi, habelə onlarla digər siyasi məhbus var.
"Məhbusların, xüsusən siyasi səbəblərlə saxlanılan şəxslərin buraxılmasına görə şadam. Bununla belə, 80-90 digər siyasi məhbus haqsız olaraq azadlıqdan məhrum edildiyi müddətcə Azərbaycanın avtoritarizmdən uzaqlaşdığını demək olmaz”, deyə ABŞ-ın Bakıda keçmiş səfiri Riçard Kozlariç Turan-ın müxbirinə bildirib.
Daha da önəmlisi, ABŞ hökuməti həbs edilməməli olan şəxslərin azad edilməsinə görə rejimi "mükafatlandırmamalı” və ya tərifləməməli, Azərbaycan rəsmiləri ilə yüksək səviyyədə görüşlər keçirməməlidir, deyə o bildirib.
"Biz bunu etsək, həmin məhbusları Azərbaycan hakimiyyətinin girovuna, əlində dəlilə çevirərik və hakimiyyət ABŞ və Avropadan siyasi və iqtisadi mənfəətlər əldə etmək üçün onlardan istifadə etməyə çalışar”, deyə Kozlariç qeyd edib.
Demokratiya, insan hüquqları və fikri ifadə etmək azadlığı sahəsində ümumi Qərb dəyərlərinə riayət olunana qədər ABŞ və Avropa Bakıya qarşı sərt mövqe tutmalıdır, deyə keçmiş səfir bildirib.
14 siyasi məhbusun azad edilməsi ilə bağlı Konqresin Helsinki Komissiyasının rəhbəri Kristofer Smit də bəyanat yayıb.
"Bu məhbusların yaxın gələcəkdə yenə evdə, ailələri ilə birlikdə olacağını öyrəndikdə çox sevindim, amma əvvəlki kimi Azərbaycanda siyasi motivli ittihamlarla həbsdə saxlanılan bir çox digər məhbusun ağır vəziyyətindən narahatam”, deyə o qeyd edib.
"Seçkilərin müşahidəsi üzrə müstəqil qrupun yaradıcısı Anar Məmmədli azad edilib, amma o, heç vaxt həbsdə olmamalı idi. Azad edilməli olan bir çox başqaları da var, məsələn, Xədicə İsmayılova, İntiqam Əliyev, İlqar Məmmədov.
Prezident Əliyevi nəinki bütün siyasi məhbusları azad etməyə, həmçinin Azərbaycanda insan hüquqlarını məhdudlaşdıran bir çox qeyri-demokratik qanun və qaydaları ləğv etməyə çağırıram”, deyə o qeyd edib.
Smit 2015-ci ildə "Azərbaycanda Demokratiya Aktı”nın (HR4264) müəllifidir. Bu qanun layihəsi siyasi məhbuslar azad edilməsə, vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə son qoyulmasa, Azərbaycan hökumətinə qarşı sanksiyalar nəzərdə tutur.
Nümayəndələr Palatasının Xarici işlər Komitəsinin yüksək vəzifəli üzvü Konqresmen Eliot L.Engel də bəyanatla çıxış edib.
"Şadam ki, bu insanlar artıq barmaqlıqlar arxasında deyil, amma bir çox digərləri həbsdə qalır və mən administrasiyamızdan prezident Əliyev iki həftə sonra Vaşinqtona gəldikdə onu onları da azad etməyə çağırmağı xahiş edirəm”, deyə o qeyd edib.
İlham Əliyevin martın sonunda Vaşinqtonda nüvə təhlükəsizliyi sammitində iştirak edəcəyi gözlənilir.
.
Maybe you are interested in:
Siyasi məhbusların bir hissəsi azad edilib
Amnesty International: iki vicdan məhbusunun azad olunması yetərli deyil