Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan mətbuatını Rusiya boğur?

Metrostansiyalardan birinin girişində bir ağsaqqal qəzetsatan tanıyıram. İllərdir bu ünvanda qərar tutan sakit təbiətli, adını belə bilmədiyim bu nurani insanın çörəyi bizim kimi qəzetdən çıxır. Hər görüşdə ondan qəzetin satışının necə olduğu barədə soruşar, tələb və təkliflərini dinləməyə çalışardım.
Bu günlərdə yenə görüşdük. Sanki Allah eləməmiş, doğma övladını itirmişdi, sifətinə baxmalı deyildi. Metroda yayımı qadağan edilən 5 qəzetdən ikisi – "Azadlıq” və "Yeni Müsavat” həm də onun kisəsindən gedib. Deyir əsas qazancı bu qəzetlərdən idi, hər gün üst-üstə 50-60-nı satıb evə 5-10 manat aparırdım. Artıq bir aya yaxındır ki, gündəlik gəlirindən məhrum olub. Ancaq itirən təkcə bu ağsaqqaldırmı?
Metronun giriş-çıxışındakı qəzet satıcılarını üst-üstə gəlsək, "Yeni Müsavat”ın əməkdaşlarının sayından da xeyli çox vətəndaşın gündəlik çörəkpulundan məhrum edildiyini görərik. Bunun da üstünə əl yayımında, "Qasid”də, digər yayım firmalarında çalışan qəzet sahiblərini əlavə etsək görərik ki, ölkənin xeyli vətəndaşı gündəlik gəlirindən məhrum edilib. İşsiz qaldığından çörəkpulu üçün qəzet satışına üz tutan o qədər həmvətənimiz var ki. Bir dostum var, bir ara işsiz qalmışdı deyə, qəzet satışına girişdi, iki-üç il ərzində üç övladını ağır imtahandan məhz bu yolla çıxara bildi, sonra başqa iş tapıb getdi. Bu gün o qədər belə çarəsiz vətəndaş var ki. Biriləri mətbuatın fəaliyyətinə əngəl olmaqla yüzlərlə adamı real iş yerindən məhrum ediblər.
***
Aparıcı qəzetlərin öz çapını dayandırması xəbəri SADİQ OXUCULARIMIZDA şok yaradıb. Hər səhər adam ailəsinin boğazından kəsib bir çörəyin pulunu qəzetə verirsə, onunçün "Yeni Müsavat”, ya "Azadlıq”ın qapadılması bir tale məsələsidir. Bizim elə dəyərli oxucularımız var ki, evində "Yeni Müsavat”ın bütün nüsxələrindən ibarət muzey yaradıb. İndi onun dayanma söhbəti sadə məsələ deyil. Oxucular tanıyıram ki, illərdir hər gün bir "Azadlıq”, bir "Yeni Müsavat” alır. Deyir ki, bu, bir tərəfdən onun oxucu marağından irəli gəlirsə, digər tərəfdən milli mətbuatımızın bu iki qalasına hər gün yatırım qoymaqla özündə bir rahatlıq tapır.
Dayandığımız bu günlərdə təlaş içində zəng edən oxucuların ən çox ünvanladığı "nə məsələdir” sualıdır. Soruşurlar "nə baş verib axı, seçki oldu, bitdi, "Yeni Müsavat”, ya "Azadlıq” kimin bostanına daş atıb ki, bu qəzəbə tuş gəlib”. Dəqiq cavabını bilmirik təbii. Amma təxminlər də yox deyil. Məsələn, ehtimal var ki, seçki dövründə Cəmil Həsənliyə 25 saniyəni qıymayanlar indi onun müsahibələrinin, görüşlərinin dərc olunmasına nöqtə qoymaq üçün azad mətbuatı boğurlar. "Qanun” nəşriyyatı professorun seçki təbliğat materiallarını çap etdiyi üçün qəzəbə tuş gəlməyibmi? Ancaq başqa ehtimallar da var. İş burasındadır ki, azad mətbuat milli məsələlərə hər zaman həssas olub, ölkənin, hətta qonşu ölkələrin ictimai rəyinə ciddi təsir edib. "Yeni Müsavat” olaraq biz bunu Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı proseslərdə, yaxud Orxan Zeynalovla bağlı Rusiyada baş verənlərə reaksiyamızda hiss etmişik, hər iki halda qəzet yazıları Türkiyə və Rusiyada böyük rezonans doğurub. İndi yenə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gəlib. Rusiyada isə azərbaycanlılara basqılar davam edir, öldürüldüyü iddia olunan rus balasının isə hələ də məzarı ortada yoxdur. Olmaya Azərbaycanın azad mətbuatının susdurulması Türkiyə-Ermənistan sərhədlərini açmaq, Azərbaycanı Gömrük İttifaqına qoşmaq, Qarabağı ermənilərə vermək istəyən güclərin ortaq projesidir? Bu ehtimal fantastik görünəcək bəlkə də. Ancaq hər halda ötən illərdə mətbuata basqıları çox görmüşük, hətta itkilərimiz də az olmayıb. Ancaq budəfəki vəziyyət bir başqadır. Azərbaycanın müstəqilliyinə xitam vermək istəyənlər bəlkə də bu təhlükələr barədə yazan azad mətbuatdan başlayıblar. Ölkə daxilində də müstəqilliyimizin və azad mətbuatımızın qənimləri az deyil axı...
Tarix boyu hücumların əsas hədəfi qalalar olub. "Azadlıq” və "Yeni Müsavat” təkcə bu iki qəzet kollektivi, onların satıcıları, ya digər dostlarının deyil, həm də azadlıq və müstəqilliyimizin rəmzləri, qalalarıdır. 1989-91-ci illərdə imperiyanın dayaqlarını sarsıdan, həm də bu qəzetlərin yazdıqları olub. 10 noyabr 1989-cu ildə - düz 24 il öncə - ilk 10 minlik nüsxəsi "Azadlıq” meydanında bir göz qırpımında yayılan "Yeni Müsavat” kimi. Yumruqlarını düyünləmiş insanlar həm də bu qəzetlərin yazdıqlarından ruhlanıb imperiya tanklarına qarşı çıxırdılar. Məlum məsələdir, sovet imperiyasını diriltmək istəyənlərin bu qəzetlərlə ayrı haqq-hesabı var. Odur ki, burdakı dayaqlarını da hərəkətə gətirib qəzetlərin üstünə salıblar...
Qəzetimizin baş redaktoru Rauf Arifoğlu ölkə prezidentinə müraciətində bu qəzetdə  çalışaraq ailəsini yaşatmaq imkanı qazanmış Azərbaycanın 61 vətəndaşının taleyinə biganə olmamağa çağırıb. Hələ ki, müraciətin cavabını gözləməkdəyik və ümid var ki, ölkə başçısı KİV-ə Dövlət Dəstəyi çərçivəsində dəstək verdiyi qəzetlərin qəzetlərin tarixin arxivinə atılmasına razı olmayacaq. Bu, ən azı Azərbaycan adına ayıb olar.
Heç şübhəsiz söz Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olacağını deyən siyasi rəhbərliyindir, azad mətbuatı boğulmaqdan xilas edəcəksə, bu, müstəqilliyimizin də əbədi və dönməz olacağı anlamını verəcək. Ümidsiz deyilik, gözləyirik...

.

Musavat.com

.

Maybe you are interested in:

Partiya iqtidarı T.Yaqubluya qarşı kobud qanun pozuntusunda ittiham edir

Medianın hakimiyyətdən asılılığı artır

"Hakimiyyət “Azadlıq”ı susdurmaq üçün ciddi addımlar atır"

Əliyev və Yanukoviç sıradan çıxacaq

Hakimiyyətdə yeni dəyişikliklər gözlənilir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz