Partiya iqtidarı T.Yaqubluya qarşı kobud qanun pozuntusunda ittiham edir
Müsavat Partiyası partiyanın həbsdə olan sədr müavini Tofiq Yaqublunun hüquqlarının pozulması ilə bağlı bəyanat yayıb.
Müəlliflər T.Yaqublunun "İsmayıllı işi” ilə bağlı 5 il azadlıqdan məhrum edilməsini "qondarma iş” adlandırır. Sənəddə T.Yaqubluya təzyiqlərin həbsxanada da davam etdirildiyi, müxalifət qəzetlərinin verilmədiyi qeyd olunur.
Sənədə görə, "Yeni Müsavat” və "Azadlıq” qəzetləri T.Yaqubluya verilməzdən öncə qanunsuz senzuradan keçirilir, siyasi mövzulu yazıların əksəriyyəti kəsilir.
Hətta qayçılanmış qəzetlər belə T.Yaqubluya verilmir. Həbsxana rəhbərliyi ayırdığı otaqlardan birində qısa vaxt ərzində qəzet oxumasına şərait yaradır, abunə olduğu mətbuat nüsxələrini özündə saxlamasına imkan verilmir.
Müəlliflər ölkə qanunları çərçivəsində nəşr edilən bu qəzetlərin T.Yaqubluya verilməməsini kobud qanun pozuntusu, həm də mənəvi işgəncə kimi dəyərləndirir.
Sənəddə rəsmi Bakının T.Yaqublu ilə baglı belə qeyri-humanist davranışının hiddət dogurduğu nəzərə çatdırılır.
Son olaraq, müəlliflər iqtdiarı qanunsuz hərəkətlərdən əl çəkməyə, T.Yaqublunun mətbuatla tanış olmaq və abunə olduğu qəzetləri tam şəkildə əldə etmək hüququnu dərhal təmin etməyə çağırırlar.
.
Maybe you are interested in:
Partiyalar X.İsmayılın həbsinə etiraz edirlər