Federal lәzgi
milli-mәdәni muxtariyyәti

"Hakimiyyət “Azadlıq”ı susdurmaq üçün ciddi addımlar atır"

 

"Qəzetin hələ də dərc edilməsi istisnasız olaraq kollektivin mətbuatımız tarixində görünməmiş fədakarlığının nəticəsidir"

Rahim Hacıyev: "Bizim başlıca amalımız azadlığa və həqiqətə xidmət etməkdir”

Azərbaycan hakimiyyətinin məhv etməyi qarşıya məqsəd qoyduğu əsas hədəflərdən biri də yaxın günlərdə 25 yaşını tamamlayacaq "Azadlıq” qəzetidir. Uzun illərdir davam edən təzyiqlərə baxmayaraq, susmayan qəzetə qarşı məhkəmə cərimələrindən tutmuş, əməkdaşlarının həbsi, oğurlanıb döyülməsinə qədər ən müxtəlif təzyiq formalarından istifadə olunub.

Yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq, bir ildə iki dəfə məhkəməyə verilən qəzetlərin fəaliyyətinin dayandırılmasını nəzərdə tutan qanun layihəsinin hədəfinin də "Azadlıq” qəzeti olduğu kimsədə şübhə doğurmur. Xeyli vaxtdır ki, ağır maliyyə durumuna görə ciddi problemlər yaşayan "Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev qəzet ətrafında baş verənlər haqda danışdı:

- Son illər "Azadlıq”a təzyiqlər nə ilə bağlıdır?

- "Azadlıq” qəzeti fəaliyyət göstərdiyi 25 il ərzində Azərbaycan mətbuatı tarixinin ən parlaq nümunələrindən birinə çevrilmişdi. Qəzet başlıca amalına həmişə sadiq qalıb - azadlığa və həqiqətə xidmət etmək, ölkədə gedən proseslər, baş verən hadisələr barədə oxuculara obyektiv informasiya çatdırmaq. Qürur hissi ilə qeyd edirəm ki, qəzetin ilk rəhbəri Nəcəf Nəcəfov "Azadlıq"ın mətbuat tariximizdə parlaq yer tutmasında böyük xidmətləri olub. Bütün bunlar Azərbaycanda mövcud olan avtoritarizmin qəzetə qarşı sərt repressiyaları ilə nəticələnib. 2006-cı ildə qəzet ofisindən çıxarılıb. Bir az sonra qəzetin satirik yazarı və daha sonra baş redaktoru həbs olunub. Iki əməkdaşı bıçaqlanıb və onlar ölkəni tərk etməyə məcbur olublar. Bu proses sonrakı illərdə də davam edib. Əməkdaşların oğurlanması, döyülməsindən belə çəkinməyiblər. 2014-cü il bu baxımdan daha ağır olub. Natiq Ədilovun qardaşı həbs olunub, daha sonra siyasət şöbəsinin müdiri Seymur Həzi həbs edilib. Qəzetin başqa bir əməkdaşı Xalid Qarayev 25 sutkalıq həbs olunub. Ilin əvvəlində digər əməkdaşımız Ilham Hüseyn də 20 sutkalıq həbs olundu. Eyni zamanda, qəzet ağır maliyyə vəziyyətinə salınıb.

- Bu barədə daha ətraflı məlumat verərsinizmi?


- Son illər ərzində "Azadlıq”a olan təzyiqlərin bir istiqaməti də maliyyə məsələləri ilə bağlıdır. Azad mətbuata hücumlardan biri də məhz qəzet yayımı ilə bağlı ciddi problemlərin yaradılmasıdır. Şəhəri abadlaşdırmaq adı altında "Qasid” firması sıradan çıxarıldı. Metroda və küçədə qəzet satışı qadağan edildi. 2013-cü ilin oktyabr ayında metroda qəzet satışının qadağan edilməsi bizi o məntəqədə hər ay 45 min nüsxə qəzet satışından məhrum etdi. Bu rəqəmi ilə vuranda 500 min nüsxədən artıq qəzet deməkdir. Əl yayımı ilə məşğul olan müəssisələrə hər ay 60 min nüsxə verirdik. Faktiki olaraq bir il ərzində biz hər ay 105 min nüsxənin satışından məhrum edilmişik. "Qasid” firmasının rəhbərliyi bizə 69 min manat borclarının olduğunu rəsmi şəkildə təsdiqlədi. Məlumat üçün bildirim ki, son illər ərzində biz KIV-ə Dövlət Dəstəyi Fondu ilə əməkdaşlıq edirdik. Bütün bu illər ərzində biz Azərbaycan tarixi ilə bağlı materialların dərci ilə məşğul olmuşuq. "Azadlıq” qəzetinin bu fondla olan əməkdaşlığına son qoyulması nəticəsində bəlli oldu ki, KIV-ə Dövlət Dəstəyi faktiki olaraq "Azadlıq”dan kənar KIV-ə dəstək proqramına çevrildi. Nəinki ölkəmizdə, hətta dünya miqyasında mətbuat tariximizdə "Azadlıq” qəzeti qədər tanınmış ikinci qəzet olmadı. Son illər ərzində "Azadlıq” qəzetinin Azərbaycanda söz azadlığı uğrunda mübarizəsi haqqında ABŞ, Böyük Britaniya, Fransa, Isveç, Almaniya, Ispaniyanın dünyaca məşhur mətbuat orqanlarında materiallar yayımlanıb. "Azadlıq” bütün dünyada məşhur olan "Index on Censorship”in söz azadlığı mükafatına layiq görülüb. Demək istədiyim budur ki, ölkədə geniş oxucu kütləsinin belə ciddi diqqət göstərmədiyi mətbuat orqanlarına maddi dəstək bu gün də davam etdirildiyi halda, "Azadlıq” qəzeti belə imkandan məhrum edildi. Ölkədə geniş mənada siyasi və iqtisadi plüralizmin olmaması bizi reklam əldə etmək imkanlarından tamamilə məhrum edib. Bu gün "Azadlıq” qəzetinin hələ də dərc olunması istisnasız olaraq kollektivin mətbuatımız tarixində görünməmiş fədakarlığının nəticəsidir. Artıq dekabrın ortalarıdır, kollektivin üzvlərinin iyul ayına görə maaşını hələ də tam həcmdə ödəmək mümkün olmayıb.

- Bu arada çoxlu məhkəmə işləri də olub axı...

- Son illərin praktikası göstərir ki, "Azadlıq” qəzetini susdurmaq üçün bir çox istiqamətlər üzrə ciddi addımlar atılır. Onlardan da biri daim həqiqəti yazan, qanunsuzluqları ifşa edən qəzeti kimlərəsə böhtan atmaqda ittiham edib böyük məhkəmə cərimələri ilə cəzalandırmaqdır. Tağı Əhmədov və Kəbirə Məmmədovanın çox asanlıqla məhkəmədə "Azadlıq”a "qalib gəlməsi” böyük məbləğdə məhkəmə cərimələri ilə yekunlaşdı. Biz çətinliklə də olsa, bu problemi aşan kimi KIV-ə Dövlət Dəstəyi Fondu proyekt üzrə nəzərdə tutulmuş işlərin görülməsinə baxmayaraq, bizə 20 min manat məbləğində vəsaiti verməkdən imtina etdi. Yuxarıda qeyd etdiyim kimi, qəzet satışı arealı kəskin şəkildə məhdudlaşdırıldı və repressiyanın digər növləri işə salındı.

- Qanunvericiliyə mətbuatla bağlı edilən dəyişiklik "Azadlıq” üçün hansı nəticələr verə bilər?

- Qanunvericiliyə edilməsi gözlənilən dəyişikliyin daha çox təsir edəcəyi şübhə doğurmur. Son illərdə qəzetimizə qarşı təzyiqlərin çoxlu sayda formalarının tətbiq olunmasının şahidi olmuşuq. Istər leqal, istərsə də qeyri-leqal üsullarla qəzetin susdurulması üçün səylər göstərilir. Biz həyatın müxtəlif sahələri ilə bağlı hansısa siyasi məqsədəuyğunluq baxımından tez-tez qanunvericiliyə edilən dəyişikliklərin şahidi oluruq. Hansısa problemin həlli üçün qanunvericiliyə dəyişikliklər edilir və sonra qanunlara əsaslanaraq zəruri hesab etdikləri tədbirlər görülür. Sualda qoyulmuş məsələyə qaydaraq bildirməliyəm ki, məhkəmə proseslərində bizim gətirdiyimiz sübutlar, faktlar, arqumentlər qəbul edilmir və qabaqcadan nəzərdə tutulmuş qərarlar qəbul edilir. Qanunvericiliyə edilmiş dəyişikliyin bu baxımdan bizim üçün böyük təhlükə olduğunu deməyə məcburam.

- Qəzetlə bağlı perspektivləri necə görürsünüz?

- "Azadlıq” qəzeti mövcud olduğu bütün dövrlərdə prinsiplərinə sədaqəti ilə tanınıb. Qəzetin kollektivi həmişə oxucuların obyektiv informasiya almaq tələbatını ödəmək üçün hər cür qəhrəmanlığa və fədakarlığa hazır olduğunu nümayiş etdirib. Bütün çətinliklərə və problemlərə baxmayaraq, qəzetin kollektivi fəaliyyətini bu gün də davam etdirir. Ölkəmizdə işıqlı idealların təntənəsinə dərin inamdan böyük enerji alan kollektivin qəzetin bundan sonra da fəaliyyətini təmin edəcəyinə inanıram.

Xəyal

.

contact.az

.

Maybe you are interested in:

“Azadlıq” qəzetinin çapı dayandırılır

Xədicə İsmayılova “Azadlıq” qəzetinə maddi yardım göstərəcək

“Sərhədsiz reportyorlar”: Azərbaycan hakimiyyəti ölkədəki bütün müstəqil səsləri susdurmaq istəyir

Hakimiyyətdə yeni dəyişikliklər gözlənilir

Azərbaycan mətbuatını Rusiya boğur?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz