Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İlham Əliyevin müxalifətə isti mesajlarının sirri

Müxalifət prezidentin açıqlamalarını dəyərləndirdi

Düşərgə dövlət başçısının dediklərinin reallığa çevrilməsini gözləyir; partiya liderləri "dialoq təklifi olarsa, hazırıq”, dedilər; bəzi təşkilat və liderlər isə narahatdır...
"Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi mərasimində prezident İlham Əliyev Azərbaycan müxalifətinin ünvanına da bəzi  mesajlar verib. Nəzərə çarpan fakt budur ki, bu mesajlar vasitəsilə açıqlanan bir sıra fikirlər maraqlı olması ilə yanaşı, həm də  yenidir. Sitat: "Daxili problemlər, siyasi mübarizə ilə bağlı olan məsələlər, müxalifət-iqtidar münasibətləri daxildə müzakirə  edilməlidir. Bu məsələlər hüdudlarımızın kənarına çıxdıqda, ilk növbədə, Azərbaycan haqqında bir rəy yaranır ki, bu ölkədə bax,  onlar özləri öz aralarında münasibətləri həll edə bilmirlər...
Bir daha demək istəyirəm ki, siyasi baxışlar müxtəlifdir. Bu, təbiidir. Siyasi mübarizə aparılır, aparılmalıdır. Əlbəttə, mən  istərdim ki, bu mübarizə daha çox sivil qaydada aparılsın. Son prezident seçkiləri və ondan sonrakı dövr onu göstərir ki,  Azərbaycanda siyasi mədəniyyət artır.
Media nümayəndələri, iqtidar-müxalifət nümayəndələri də öz aralarında məsələlərini həll etməlidirlər. Biz hamımız Azərbaycan  vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin  inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim  bir yerdə olmalıyıq".
****
Bu mesajlar əsasında demək mümkündür ki, prezident müxalifətə müzakirələr təklif edir.  Yaxud da belə bir müzakirə-dialoqun  ideologiyasını müəyyənləşdirir. 
Prezidentin indiyə qədər müşahidə edilməyən bu cür isti  mesajlarından sonra yaxın günlərdə hakimiyyətlə müxalifət arasında dialoq  gözlənildiyi barədə xəbərlər yayılmaqdadır. Avropa.info-nun  məlumatlı mənbədən əldə etdiyi məlumata görə, hakimiyyət dialoq  təklifi ilə çıxış edəcək. Mənbə bildirib ki, dialoqda prezident seçkisi zamanı gərginləşmiş iqtidar-müxalifət münasibətlərinin  normal məcraya salınması ilə yanaşı, son zamanlar Azərbaycana qarşı xaricdən, xüsusilə də Rusiya və İrandan yönələn təhdidlər  məsələsi də müzakirə olunacaq. Sayt bildirir  ki, əslində Azərbaycan hakimiyyəti seçkidən sonrakı proseslərdə "açılım xətti”ni əsas  götürüb. Belə ki, prezidentin AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi haqqında sərəncamı, bundan sonra  isə jurnalistlərlə görüşü və həmin görüşdə mətbuatın vəziyyəti ilə bağlı önəmli mesajlar verməsi bu xəttin başlanğıcıdır.
Bəs müxalifət prezidentin mesajlarına, dialoq çağırışına necə yanaşır?
KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, İlham Əliyevin mesaj və bəyanatları qəbul olunan məsələlərdir: "Bunun söz olaraq şərhə  ehtiyacı yoxdur. Amma real fəaliyyət olaraq nə olacaqsa, bu, söz müəllifinin konkret hərəkətlərinin əsasında meydana gələ bilər.  Belə demək mümkünsə, bu, atılan ilk addım idi. Uzun zaman hakimiyyət düşərgəsindən və demokratik düşərgədən çağırışlar var idi.  Amma dialoq mövzusu ölkənin birinci şəxsinin dilindən səslənməmişdi. Səsləndi, indi qaldı o deyilənlərin hamısını reallaşdırmaq. Bu  da birbaşa hakimiyyətin işidir. Necə ki, Rəsulzadənin 130 illiyinin dövlət səviyyəsində qeyd olunması üçün sərəncam imzalanır və  sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək müvafiq rəsmi qurumlara tapşırılır, bu da ona bənzər məsələdir. Qalır aidiyyəti  qurumlara göstəriş verilməsi və mesajlarda nəzərdə tutulanları reallaşdırmaq. Ən təqdir olunası məsələlərdən biri Rəsulzadənin 130  illiyinin dövlət səviyyəsində qeyd olunmasıdır. Hakimiyyət istəsə, yaxşı işlərin sayını çoxalda və Azərbaycan insanının qəlbini  zorla yox, yaxşı işləri həyata keçirməklə fəth edə bilər”.
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, ölkə başçısının baş redaktorlarla görüşüb onları dinləməsini və problemlərini öyrənməsini  alqışlayır. Faktın özü önəmli məsələdir. Dövlət başçısının həmin görüşdə verdiyi mesajların, bəyanatların arxasında real siyasi  iradə durarsa, Azərbaycanda demokratiyaya keçid üçün ciddi mesajlar və bəyanatlardır: "Əgər İlham Əliyevin orada dediyi fikirlər  əmələ çevriləcəksə, Azərbaycanda kataklizmlərsiz, inqilabsız demokratiyaya keçidi təmin etmək mümkün olar. Bu, ölkə prezidenti  daxil olmaqla, hər bir vətəndaşın marağına cavab verən məsələdir”.
S.Cəlaloğlu hakimiyyətdən dialoq təklifi olacağı halda müsbət dəyərləndirəcəklərini açıqladı: "ADP 2005-ci ildən hakimiyyətlə  siyasi dialoq kursu götürdüyünü bəyan edib. İndi hakimiyyət tərəfindən belə bir addım atılacaqsa, məmnuniyyətlə iştirak edərik”.
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, uzun illərdir Azərbaycanda hakimiyyətlə müxalifət arasında dərin  etimadsızlıq yaşanır. Bunun səbəbləri də aydındır. Hakimiyyət bu etimadsızlığın aradan qaldırılması üçün real addımlar atacaqsa,  müsbət qiymətləndirilməlidir: "Şəxsən mən keçmiş təcrübəni nəzərə alaraq, ehtiyatla yanaşıram. Ona görə də əminliklə söyləyə  bilmirəm ki, dialoq doğrudan da olacaq, yoxsa yox. Əgər doğrudan da hakimiyyət ölkədə iqtidar-müxalifət münasibətlərinin  normallaşmasını istəyirsə və İlham Əliyevin çıxışından da göründüyü kimi, xarici təzyiqlər qarşısında Azərbaycanın daxilində  həmrəyliyə nail olmaq qarşıya məqsəd qoyulubsa, bundan ötrü yüksək səviyyədə hakimiyyətlə müxalifət arasında predmetli, konkret  mövzular ətrafında dialoq başlamalıdır. Əgər belə dialoq başlayarsa, heç şübhəsiz ki, mən buna müsbət yanaşıram. İlk növbədə  Azərbaycanın dövlət başçısının da çıxışında qeyd etdiyi kimi, həm xarici, həm daxili siyasətdə milli məsələlər ətrafında dialoq  başlamalıdır”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirdi ki, hansısa xarici qüvvənin və dövlətin Azərbaycana öz maraqlarını diktə etməsinə  qarşıdır. Ona görə də həmişə hakimiyyətlə münasibətlərin normal müstəvidə getməsinin tərəfdarı olub:  "Təəssüf  ki, uzun illər  yürüdülən siyasət nəticəsində müxalifətlə münasibətlər gərgin vəziyyətdə olub. Əgər bundan sonra münasibətlərin normallaşması  həqiqətən də qarşıya hədəf kimi qoyulubsa, bu müsbət qarşılanmalıdır. Mesajların əmələ çevrildiyini gözləmək lazımdır. Əgər  həqiqətən dialoq təklifi olacaqsa, məmnuniyyətlə iştirak edə bilərik”.
Tərəfimizdən onu da qeyd edək ki, prezidentin redaktorlarla görüşü, burada həm də müxalifətə səslənişi, isti mesajlar verməsi,  onları müzakirəyə dəvət etməsi, daha sonra isə "Yeni Müsavat” qəzetinin baş redaktoruna danışmaq şəraiti yaratması, onun qaldırdığı  problemlərə olumlu reaksiya verməsi müxalifət düşərgəsində gizli bir çaxnaşma yaradıb. Xüsusilə həm də Müsavat Partiyasının tanınan  üzvlərindən olan R. Arifoğlunun prezidentlə görüşdən bir gün sonra ana müxalifətin lideri İsa Qəmbərlə görüşməsi, bu faktın şəkilli  xəbərə çevrilməsi qəribə effekt ortaya çıxarıb. Hətta Milli Şuraya daxil olan müxalifət partiyalarından birinin funksioneri müxbirimizə  deyib ki, Müsavatdan kənardakı partiyalar narahatdır. Onların bəzilərinə elə gəlir ki, hakimiyyət dialoq obyekti kimi Müsavat  Partiyasını seçib:  "İsa Qəmbərin prezidentlə görüşən baş redaktoru açıq şəkildə dəstəkləməsini də bu prosesin ilkin mərhələsi kimi  qiymətləndirənlər var və onların arqumentləri maraqlı görünür”. 
Müsahibimiz deyir ki, hazırda R.Arifoğlunun siyasi müxalifətdəki siyasi təşkilatlara yaxın yazar və funksionerlər tərəfindən  hədəfə götürülməsinin də səbəbi budur.  Bəziləri hesab edir ki, proses artıq başlayıb, lakin onlar kənarda qalıblar...
Rauf Arifoğlu isə müxbirimizə deyib ki, belə bir proses yoxdur, o, müxalifət funksioneri deyil, görüşə də yalnız baş redaktor kimi qatılıb: "Heç bir proses getmir, bunlar yalandır və qəsdən ortaya atılır. İqtidar müxalifətlə dialoq aparmaq istəsə, bunun üçün konkret adamlar, təşkilatlar var, mənim ortada nə işim? Belə eyhamları iki gündür mən də eşidirəm. Bu cür fikir yaratmağın özü də mənə qarşı təxribatdır".

.

musavat.com

.

Maybe you are interested in:

İlham Əliyev 210 məhbusu əvf edib, aralarında bir nəfər belə siyasi məhbus yoxdur

Əli Həsənov Azərbaycan prezidentinin köməkçisi oldu

Milli Şura hakimiyyətlə siyasi partiyalar arasında “dialoq” barədə

Pənah Hüseyn: “Dialoq üçün ilk öncə siyasi məhbuslar azad edilməlidir”

“İlham Əliyevi jurnalistlərin dostu saymaq olmaz”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz