Federal lәzgi
milli-mәdәni muxtariyyәti

“Tarixi saziş”, yoxsa “tarixi səhv”?..

Cenevrə sazişi dünyanın gündəmini zəbt edib - əksəriyyət tərəddüd etmədən bunu tarixi razılaşma adlandırır. Yalnız İsrail bu sazişi "tarixi səhv” adlandırmaqda davam edir. Artıq dünyanın maliyyə və əmtəə bazarları da sazişə reaksiya verib - neftin qiyməti aşağı düşüb və ucuz enerjinin iqtisadi fəallığa səbəb olacağına dair ehtimallar səhmlərin bahalaşmasına gətirib çıxarıb. Amma Azərbaycanda bu proseslər o qədər də yaxından izlənmir, baxmayaraq ki, hazırda baş verənlərin ölkəmizə təsiri heç də az olmayacaq. Sualımız da elə bu şəkildədir: Nə baş verir və bunun bizə nə dəxli var?
Neçə illərdir vəziyyət gərginləşməkdə davam edib: İran uran maddəsini zənginləşdirir və bunu atom elektrik stansiyasının inşası üçün etdiyini deyir. Dünyanın qalan hissəsi hesab edir ki, zənginləşdirilmiş uran İrana nüvə silahının istehsalı üçün lazımdır. Sərəncamında nüvə silahı olan İran isə dünyanın qətiyyən arzulamadığı bir "sürpriz”dir. Son illər ərzində ABŞ və Avropa İrana qarşı iqtisadi sanksiyalar tətbiq ediblər və ara-sıra hərbi müdaxilə variantlarından danışıblar. Cenevrə sazişi illər boyunca dünyanı gərginlik altında saxlayan qarşıdurma yolunda ilk yumşalma əlamətidir və bu üzdən də dünya mediası bunu "tarixi razılaşma” adlandırır. Bununla belə, saziş aralıq xarakteri daşıyır, İsrail dövləti, həmçinin bir sıra analitiklər və politoloqlar risklərin qüvvədə qaldığını bildirirlər.
Uran nədir və nəyə görə qorxuludur?
Uran gümüşü-ağ rəngli metaldır. Təbiətdə xammal şəklində əldə edilən uran heç bir qorxulu xüsusiyyətə malik deyil. Təbii uranın tərkibində U238 izotoplarının miqdarı 99,284 faizə bərabərdir. U235 izotopları isə təbii uranın ümumi çəkisinin yalnız 0,711 faizini təşkil edir. Uranın tərkibində bir yandan faydalı, digər tərəfdən isə təhlükəli olan tərkib də məhz U235-dir. Uranın zənginləşdirilməsi dedikdə onun tərkibində U235 və ya U233 izotoplarının miqdarının artırılması nəzərdə tutulur. Zənginləşdirilmiş uran həm enerji hasilatında, həm dəniz donanmasında gəmiləri hərəkətə gətirmək, həmçinin nüvə reaktorlarının istehsalında, həm də nüvə silahlarının istehsalında istifadə olunur.
Uranı məşhurlaşdıran cəhəti onun məhz nüvə silahının istehsalında başlıca şərt olmasıdır. Nüvə silahının hazırlanması üçün uranın ən azı 20 faizədək zənginləşdirilməsi, yəni U235 izotoplarının xüsusi çəkisinin 20 faizə çatdırılması tələb olunur. Silahların gücü uranın zənginləşmə səviyyəsi ilə ölçülür. Bəzən nüvə silahlarında 85 faizədək zənginləşdirilmiş urandan istifadə olunur.
U235 izotopları ağır nüvə növünə aiddir. Partlayışın başlaması üçün bu ağır nüvənin tərkibində olan neytronlar hərəkətə gətirilir və zərbə nəticəsində ağır nüvə kiçik nüvələrə parçalanır, sonra bu nüvədən daha çox neytron azad olur və digər ağır nüvələri bombardman edirlər. Bu prosesə ingilis dilində "fission”, yəni "parçalanma” deyilir. Parçalanma elə bir sürətlə gedir ki, kiçik uran həcmindən ağlasığmaz dərəcədə böyük enerji alınır və genişlənmə zamanı qarşısına çıxan hər şeyi yandırıb buxara çevirir.
İranın niyyəti nədən bilinir?
Uranı zənginləşdirmək olduqca mürəkkəb prosesdir. Bunu gizli şəkildə etmək mümkün deyil. Prosesi həyata keçirmək üçün nəhəng qurğular tələb olunur. İran zənginləşdirmə üçün tələb olunan zavodları tam təchiz edib. Elə bu qurğuların ölçülərindən aydın görünür ki, İran uran maddəsini heç də 20 faizdən az deyil, bu səviyyədən çox zənginləşdirmək istəyir. Halbuki nüvə enerjisi əldə etmək üçün uranı 20 faizdən artıq zənginləşdirməyə ehtiyac yoxdur.
Tehran nədən geri çəkildi?
Amma Cenevrə sazişindən belə görünür ki, İranın yolu dalana dirənib. Sanksiyalar İran iqtisadiyyatını sarsıdıb, ölkədə artan yoxsulluq səviyyəsi hər an sosial partlayışa səbəb ola bilər. Əslində İran öz iqtisadiyyatının ölümcül hala düşdüyünü hələ ilin əvvəllərində başa düşüb. Məhz həmin vaxtdan başlayaraq İran və ABŞ diplomatları gizli danışıqlara başlayıblar. Xarici medianın yazdığına görə, danışıqlar gizli şəkildə bir ilə yaxın müddət ərzində davam edib.
Bu variant ABŞ üçün ona görə əlverişlidir ki, haızrkı maliyyə böhranı şəraitində daha bir "Körfəz müharibəsi” Qərbə baha başa gələ bilər. Bu üzdən iqtisadi sanksiyaların effekt verməsi Vaşinqtonu sevindirir. Cenevrə sazişinin ardından ABŞ-ın dövlət katibi Con Terri sevincini maraqlı formada büruzə verib - o, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə komissarı Ketrin Eştonu bağrına basıb möhkəm-möhkəm sıxıb. Həmçinin bu mənzərə bir ilə yaxın müddətdə davam edən gizli danışıqlarda Ketrin Eştonun vasitəçi kimi əvəzolunmaz rol oynadığına da işarədir.
Bu saziş İranın üzərinə ağır öhdəliklər qoyur
Danışıqlarda İranı xarici işlər naziri Məhəmməd Cavad Zərif təmsil edib. Ketrin Eşton vasitəçi rolunda çıxış edib. Qarşı tərəfdə isə Con Terri ilə yanaşı, Böyük Britaniya, Almaniya, Çin, Rusiya və Fransanın xarici işlər nazirləri yer alıb.
İranın öhdəlikləri bir qədər mürəkkəb olsa da, qarşı tərəfin öhdəliyi sadədir: İrana qarşı qüvvədə olan iqtisadi sanksiyaları yumşaltmaq. ABŞ rəsmilərinin açıqlamalarına görə, aralıq müddətdə sanksiyaların yumşaldılması İrana 7 milyard dollar xeyir verəcək.
ABŞ prezidenti Barak Obama isə televiziya vasitəsilə xalqa müraciətində bu saziş nəticəsində İranın nüvə proqramının dayandırıldığını xəbər verib. O, İranın öz üzərinə götürdüyü öhdəlikləri sadalayıb və bu siyahıya baxdıqda İranın böyük güzəştlərə imza atdığı aydın şəkildə görünür. Beləliklə, İran:
- Uranın müəyyən səviyyəyə qədər zənginləşdirilməsi prosesini dayandırır və həmin səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını məhv edir;
- Uranı zənginləşdirən bütün sentrifuqaların istifadəsini dayandırır;
- Yeni sentrifuqaların quraşdırılması və ya işə salınmasından imtina edir;
- Plutonium reaktoru üzərində işi dayandırır (plutonium 239 izotopları da U235 və U233 izotopları kimi yüksək parçalanma potensialına malikdir və atom bombalarının istehsalında istifadə olunur - M.T.);
- Nüvə müfəttişlərinin ölkəyə girişinə imkan yaradır.
İsrail nədən narazıdır?

Bu arada İsrailin baş naziri Benyamin Netanyahu bu sazişi "tarixi səhv” adlandırıb. Pessimist İsrail ekspertlərinin hesablamalarına görə, 7 milyard dollarlıq güzəşt İranı maksimum bir ay ləngidəcək. Onların hesablamalarına görə, İran artıq bir aydan sonra 20 faiz səviyyəsində zənginləşdirilmiş urana sahib ola bilərmiş, indi isə buna 2 aydan sonra nail olacaq. Maraqlıdır ki, sazişin 6 aylıq müddət üçün bağlanması İsrail tərəfinin ümidlərini 2 aydan artıq uzatmayıb. ABŞ isə bu sazişin davamının da gələcəyinə ümidlidir. Bununla belə, bəzi beynəlxalq araşdırma institutları da pessimist açıqlamalar veriblər və sazişi İranın nüvə proqramının sonu kimi qiymətləndirməyin doğrun olmadığını dilə gətiriblər.
Dünya bazarı sazişə reaksiya verdi
Dünya bazarı isə Cenevrə sazişinə optimist reaksiya ilə cavab verib. Dünən birjalar işə düşən kimi "Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 2,4 faiz düşərək bir barrel üçün 108,66 dollara düşüb. "Layt” ("Light”) markalı neftin qiyməti isə Nyu-York birjasında bir barrel üçün 1,7 faiz və ya 1,51 dollar dəyər itirərək 93,33 dollara enib. Bazar iştirakçıları İranla gərginliyin azalmasını və bunun nəticəsi olaraq neftin ucuzlaşmasını dünyada iqtisadi fəallığın artması üçün fürsət olaraq qiymətləndiriblər və səhmlərə tələbat artıb. Nəticədə Almaniyanın DAX indeksi 0,7 faiz, İngiltərənin FTSE indeksi 0,4 faiz, Yaponiyanın Nikkei indeksi 1,5 faiz, Avstraliyanın ASX All Ordinaries indeksi isə 0,3 faiz bahalaşıb.
Proseslər Azərbaycana büdcə fəlakəti vəd edir
Təhlükəsizlik baxımından bu saziş Azərbaycanın maraqlarına uyğundur. Şübhəsiz ki, gərginliyin artması və NATO tərəfindən İrana qarşı hərbi əməliyyatların başlaması Azərbaycanın da ağır zərbə almasına gətirib çıxararardı. İran hərbi əmliyyatlara cavab olaraq ABŞ-ın müttəfiqlərinə zərbələr endirəcəyini dəfələrlə bəyan etmişdi.
Amma iqtisadi baxımdan Cenevrə sazişi Azərbaycanı tam əlverişsiz bir şəraitdə yaxaladı. Neft hasilatının azalması üzündən büdcə gəlirlərinin böhranla üz-üzə qaldığı bir vaxtda neftin ucuzlaşması böhranın effektini ikiqat artıra bilər. 2014-cü il üçün büdcə proqnozunda neftin baza qiyməti bir barrel üçün 100 dollar nəzərdə tutulub. Amma dünya mediasının ehtimallarına görə, İranla gərginliyin etibarlı şəkildə aradan qaldırılması nefin qiymətinin "Light” və "Brent” markaları üçün müfaviq olaraq 80 və 90 dollaradək düşməsinə gətirib çıxara bilər. Gələn il Azərbaycanda dövlət büdcəsinin ümumi gəlirləri 18,4 milyard manat olacaq ki, bunun da 9,3 milyard manatı Neft Fondundan transfertin payına düşür. Həmçinin neft sektorundan vergilər şəklində dövlət büdcəsinə 2,5 milyard manata yaxın vəsait daxil olacaq. Beləliklə, dövlət büdcəsinin 64 faizi bilavasitə neft sektoru hesabına formalaşacaq. Amma büdcə gəlirlərinin qalan hissəsində də əsas rolu dolayısı ilə neft sektoru oynayır.
Belə bir büdcənin neft qiymətlərinə qarşı həssas olması qaçılmazdır. Hökumətin isə isə vəziyyətdən çıxmaq üçün konkret planı yoxdur. Hasilatın azalması onsuz da hökuməti çıxılmaz vəziyyətə salıb, üstəlik, neftin ucuzlaşması büdcə böhranını fəlakət həddinə çatdıra bilər.

.

bizimyolinfo.com

.

Maybe you are interested in:

Malena Mard: “Azərbaycanla strateji tərəfdaşlıq sazişi üzərində iş davam edir”

ABŞ İranın nüvə sazişi ilə bağlı Azərbaycanla müzakirələr aparır

Qafqaz Albaniyası və İran

Amerika analitikləri manatın ucuzlaşması barədə

Azərbaycan iqtisadiyyatı azaddırmı?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz