“Bu dövlət yazılmış qanunlarla idarə olunmur”
«Avropa Birliyi anlayır ki, güzəşt dövrü bitib və qətiyyətli addımlar atmaq vaxtıdır»

Qərb Ukraynadan sonra "Şərq Tərəfdaşlığı” ölkələri ilə münasibətlərdə daha sərt mövqe sərgiləyəcəyinin mesajını artıq verib. Bunu Avropa Parlamentinin bir neçə gün əvvəl Strasburqda keçirilən plenar iclasında qəbul olunan qətnamə də sübut edir. Qətnamədə qeyd olunur ki, "Avropa Birliyinin ”Şərq Tərəfdaşlığı" ölkələrinə münasibətdə yeritdiyi siyasət dəyişikliklər və islahatlar üçün yetərli olmayıb. Bu üzdən həmin siyasətin dəyişdirilməsinə ehtiyac var. "Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevlə müsahibəmizin də ilk sualı qəbul olunan bu sənədlə bağlı oldu.
- Bu bəyanat onu göstərir ki, Qərbdə "Şərq Tərəfdaşlığı” ilə bağlı mənfi tendensiyaları görürlər. Bu tendensiyalar özünü Azərbaycanda, Belarusda, Ukraynada da göstərir. Ona görə də bu mənfi tendesiyanın qarşısına almaq üçün Avropa Birliyi anlayır ki, güzəşt dövrü bitib və qətiyyətli addımlar ataraq, bu tendensiyanın qarşısını almaq lazımdır. Yalnız bu dəyişiklik ümumilikdə Avropa Birliyinin yürütdüyü prosesi irəli apara bilər.
Azərbaycana qarşı yürüdülən siyasətdə dəyişikliklərə gəlincə, bu siyasətlə də bağlı yanlışlar etiraf olunur. ABŞ-dan gələn bir diplomatla söhbətim zamanı da bu qənaətə gəldim. Diplomat etiraf etdi ki, onların Azərbaycan hakimiyyətinə mülayim yanaşması yanlış idi. Ona görə məsələyə yenidən baxmaq, münasibətləri yeni platformada qurmaq üçün iş gedir. Azərbaycanda son zamanlar QHT-lərə, mediaya, siyasi partiyalara, vətəndaş cəmiyyətinə qarşı hücumlar artıb.
AXCP-nin qərargahının partladılması buna bir misaldır. Məndə olan məlumata görə, Ədliyyə Nazirliyində və Iqtisadi Inkişaf Nazirliyində artıq qrant layihələrini senzuradan keçirməyə başlayıblar. Bununla da onlar öz səlahiyyətlərini aşırlar. Ona görə də bu cür təşəbbüslər vətəndaş cəmiyyətini boğmaq istiqamətində addım sayıla bilər. Qərbdə Azərbaycanla bağlı narahatlıq var. Çünki Azərbaycan üzərinə götürdüyü öhdəlikləri və seçkidən əvvəl verdiyi vədləri yerinə yetirmir. Ona görə düşünürəm ki, bu istiqamətdə addımlar atılacaq və bunun da təsirini gözləmək olar.
"Qarabağ üçün Rusiyadan təhlükə var”
- Rusiyanın Ukraynada yürütdüyü siyasət Kremli sərt sanksiyalarla üz-üzə qoyub. Rusiyaya qarşı sərt tədbirlərin görülməsi nəylə nəticələnə bilər? Rusiyada xeyli soydaşımızın işlə təmin olunduğu nəzərə alınarsa, bunun Azərbaycana mümkün təsirlərini necə proqnozlaşdırırsınız?
- Ukrayna hadisələrinə ikitərəfli baxmaq lazımdır. Baş verənlərdə bizim üçün mühüm problem ərazi bütövlüyü ilə bağlı məqamdır. Rusiya hazırda Ukraynanın tərkib hissəsi olan Krımı sərt formada işğal edir. Rusiya eyni zamanda Ukraynanın başqa regionlarına da üz tutub.
Əgər Rusiya yaxın xalq elan etdiyi ukraynalılara qarşı bu tip addım atırsa, o zaman başqa ölkələrə münasibətdə hansı qərarlar qəbul edə bilər. Burada ona görə Qarabağ problemi ortaya çıxır. Çox böyük təhlükə var. Azərbaycan hakimiyyəti bu məqamı dərk edir. Rusiyanın bu cür təsirindən qorunmaq üçün yeganə yol Azərbaycanda demokratiyanın inkişafı, cəmiyyətin biraraya gələrək, hamını birləşdirən bir platforma ətrafında gücünü səfərbər etməkdir.
Ona görə hamı üçün aydındır ki, Azərbaycana təhlükə realdır. Digər tərəfdən isə Rusiyada işləyən azərbaycanlıları nəzərə almaq lazımdır. Amma o da vurğulanmalıdır ki, Rusiyanın özündə bu gün işçi qüvvəsinə böyük ehtiyac var. Ona görə də Rusiya biznes adamları üçün sadələşdirilmiş viza rejimi yaratmaq istəyir. Rusiya bu gün Azərbaycanla bağlı addım ata bilər.
Burada hədəf Azərbaycan olmayacaq. Məqsəd Azərbaycandan bir kart kimi istifadə edərək Qərbə zərbə endirməkdir. Proseslərdə Orxan Zeynalovla bağlı baş verən hadisələr, antiAzərbaycan kampaniyasının aparılmasını xatırlamaq yerinə düşər. Sonradan bu kampaniya səngidi. Ona görə də düşünürəm ki, Rusiyanın miqrant işçi qüvvəsindən, onun potensialından asılı olmasını nəzərə almaq gərəkdir.
- Rusiya mətbuatında belə məlumatlar yayılır ki, Rusiya Qərbin diqqətini Krımdan yayındırmaq üçün Qarabağ və Dnestryanı da problemləri yenidən alovlandıra bilər?
- Rusiya belə bir addım ata bilər. Rusiya daha çox maraqlıdır ki, Qərbin diqqətini cəlb edən münaqişələr Rusiya ərazisində deyil, başqa yerlərdə baş versin. Bəli, Qarabağ kartı yenidən işə salına bilər. Hazırda hakimiyyəti də bu istiqamətdə şantaj edirlər. Azərbaycan məcbur edilir ki, Rusiyadan daha çox mal alsın. Faktiki Rusiya Azərbaycanı onun iqtisadiyyatını maliyyələşdirməyə məcbur edir. Halbuki Rusiya mallarının çox hissəsi keyifiyyətsizdir. Bunu Rusiyanın öz telekanallarında aparılan müxtəlif jurnalist araşdırmaları da təsdiqləyir.
- Maraqlıdır ki, bölgədə baş verənlərin fonunda Azərbaycanın Müdafiə Nazirliyi döyüş texnikasını bir nömrəli hərbi hazırlıq səviyyəsinə gətirib. Bunu necə dəyərləndirmək olar?
- Bu, bölgədə baş verən proseslərlə bağlı ola bilər. Jirinovski mətbuata açıqlamasında Rusiyanın Qarabağı özünə birləşdirə biləcəyi ilə bağlı açıqlama verib. Bu əslində Rusiyanın bir mesajıdır. Rusiya Azərbaycanı qorxutmağa çalışır ki, Azərbaycan bu proseslərdə Ukraynaya dəstək olmasın.
"Əhali bu sistemdən yorulub”
- Ölkədə narazılıq pik həddə çatıb. "Sovetski”də baş verən olaylar, metro keçidlərində ticarətlə məşğul olanların etiraz aksiyası, tələbələrin narazılığı... bu siyahını genişləndirmək də olar. Bu proseslər nəyin görsənişidir?
- Hakimiyyətin siyasəti ildən-ilə sərtləşir. Biz bunu görürük. Əhali də bunu hiss edir. Əhalinin etirazlarını yalnız sosial-iqtisadi məsələlərlə bağlamazdım. Bu daha çox əhalidə haqsızlığa, qanun pozuntularına, ədalətsiz sistemə qarşı yığılan narazılığın təzahürüdür. Hakimiyyətin hər bir növbəti qeyri-qanuni addımı qəzəblə qarşılanır. Ona etiraz bildirilir. Əhali bu sistemdən getdikcə yorulur. Insanlar ölkədə normal idarəçilik sisteminin qurulmasını, qanuna hörmət edilməsini istəyir. Son illər baş verən aksiyalar da məhz bu istəklərdən irəli gəlir.
- "Sovetski”də insanlara normal kompensasiyaların verilməməsi, metro keçidlərində ticarətlə məşğul olanlara şərait yaradılmadan onların obyektlərindən çıxarılması ciddi narazılığa səbəb olub. Əslində vətəndaşların bu problemləri ilə bağlı hansı yanaşma sərgilənməli idi?
- Biz qanunsuz dövlətdə yaşayırıq. Bu dövlət yazılmış qanunlarla yaşamır. Hazırkı idarəçilikdə heç kriminal aləmin belə qanunları nəzərə alınmır. Ölkədə avtoritar sistemdir və o bütün idarəçiliyi zora hesablayıb. Hər şeyin arxasında oğurluq, şəxsi maraqlar dayanır. "Sovetski”dəki söküntü ilə bağlı normal ölkədə elan olunardı ki, bu prosesin məqsədi nədir, söküntünün yerində nə tikiləcək, proyektə nə qədər vəsait ayrılır.
Pis-yaxşı vətəndaşlar "Sovetski”də yaşayırlar, dövlətdən də heç nə istəmirlər. Amma dövlət gəlir və deyir ki, sən buradan çıx, mən burada tikinti aparacam. Ona görə hökumət vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması üçün səylər göstərilməlidir. Amma hökumət aldadıcı yollarla, təzyiqlə insanları evindən çıxarır. Abid Şərifov isə deyir ki, hətta vətəndaşlara 2000 manatdan kompensasiya verilsə, yenə problem çözülməyəcək.
Tam tikilmiş evin bir kvadratının qiyməti 300 manatdır. Nəyə görə hökumət özü ev tikib bu vətəndaşlara təhvil vermir. O zaman həm tikinti az məbləğə başa gələcək, həm də vətəndaşların narazılığı aradan qaldırılacaq. Məsələn, Heydər Əliyev prospektində evləri sökdükdən sonra 6000 manatdan vətəndaşlara kirayə pulları verdilər. Bir ildən sonra vətəndaşlar öz evlərinə qayıtdılar.
Metro keçidlərindəki köşklərə gəlincə isə, bu vətəndaşlar uzun müddət hökumətə vergi verib, ailəsin saxlayıb. Bu insanları da anlamaq lazımdır. Ticarətlə məşğul olanlara əvvəlcə xəbərdarlıq edilməli, onlara ticarət üçün alternativ yerlər təklif olunmalı idi. Dövlət bunun üçün yaradılıb. Dövlət xalqa xidmət eləməlidir, onu məhv etməməlidir. Bizdə isə dövlət işğalçı siyasət aparır. Xalqı əzməklə məmurların maraqlarına uyğun hərəkət edir. Ona görə dövlətdə bütün münasibətlər pozulub.
"Nurçu”lara qarşı savaş hakimiyyətə yeni problemlər yaradacaq
- Türkiyədə Ərdoğan hakimiyyətinin "Nurçu”larla apardığı savaşın Azərbaycana da keçə biləcəyi deyilir. Çünki "nurçu”ların Azərbaycanda da geniş şəbəkəsinin olduğu deyilir. Azərbaycan hakimiyyəti də oxşar addımları Azərbaycanda ata bilərmi?
- Oxşar proseslərin Azərbaycanda da təkrarlana biləcəyi istisna deyil. Türkiyədəki araşdırmalar zamanı Azərbaycanın da adı hallanır. Hakimiyyətin də oxşar addımlar atması cəmiyyətdə birmənalı qarşılanmayacaq. Nəticədə hakimiyyət üçün yeni problemlər yaranacaq. Hakimiyyətin isə kifayət qədər problemi var.
- Millət vəkili Zahid Oruc bəyan edib ki, Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı və assosiasiya sazişinə imza atması Qarabağın taleyini təhlükə altına qoya bilər. Bu nə dərəcədə əsaslı mövqedir?
- Zahid Oruc burada Rusiyanın təzyiqlərini nəzərdə tutur. Amma məsələyə gəlin başqa aspektdən yanaşaq. Avropa Birliyi ilə heç bir saziş imzalamayaq. Nəyə görə biz demokratik islahatlar keçirmək, azad və ədalətli seçkilərə imza atmaq üçün müqavilə imzalamalıyıq. Vətəndaş cəmiyyətini inkişaf etdirmək, ölkəni irəliyə aparmaq üçün müqavilə imzalamaq lazımdır?
Rusiya məgər hakimiyyətə deyir ki, azad cəmiyyət qurma, qanunla yaşama, oğurluq et, vətəndaşlarına qarşı zor tətbiq elə? Rusiyanın Azərbaycanın heç bir bloka qoşulmamaqla istəyi başqa məsələdir. Amma Rusiya vətəndaşa hörmət edilməsinin, hakimiyyət üzərində ictimai nəzarət yaratmağın, korrupsiyaya qarşı mübarizənin qarşısını almır. Biz münasibətləri dövlət və milli maraqlardan irəli gələrək qurmalıyıq. Münasibətlər sağlam olmalıdır. Cəmiyyətdə bərabər imkanlar yaradılmalıdır ki, kimin potensialı varsa, irəli getsin.
- Pərviz Həşimlinin məhkəmə prosesində dəhşətli faktlar ortaya çıxır. Məlum olur ki, dövlətin bir güc strukturu ayrı-ayrı dövlət məmurları barəsində kompromat toplamaqla məşğuldur. Bu tendensiyanı necə dəyərləndirmək olar?
- Bu, qruplar arasındakı daxili rəqabətdir. Bu, avtoritar sistemlərin idarəçilik modelidir. Avtoritar sistemlərdə hər bir məmur, qrup çalışır ki, daha çox imkanlara yiyələnsin. Bu ona daha çox oğurlamağa imkan verir. Ona görə də bu cür savaş normaldır. Demokratik sistemlərdə bu cür münasibət olmur.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Avropa İttifaqı Gürcüstana və Ukraynaya vizasız rejim vəd edir
İlham Əliyev referenduma hazırlaşır
Azərbaycanla Avropa arasında viza rejimi sazişi imzalandı
Şərh əlavə edin