AzadlıqRadiosu: Prokurorluğun iddiaları yalan, təxribat və böhtandır
AzadlıqRadiosu Respublika Prokurorluğu tərəfindən son günlər ünvanına səslənən ittihamları qətiyyətlə rədd edir, bu məlumatların yalan, təxribat və böhtan olduğunu bildirir.
AzadlıqRadiosu Azərbaycan hakimiyyətini öz əməkdaşlarına qarşı mənəvi terroru dərhal dayandırmağa, istintaqdan siyasi alət kimi istifadə edilməsinə son qoymağa çağırır.
Azad Avropa AzadlıqRadiosunun rəhbəri Nenad Pejic-in öncədən bəyan etdiyi kimi, bütün bunlar ölkə rəhbərliyinin əmri ilə həyata keçirilən bu addımlar AzadliqRadiosunun susdurulmasına yönələn quldurluğun tərkib hissəsi, mustəqil jurnalistikaya görə radiodan qisas almaq cəhdidir.
2014 Dekabr 30 (Çərşənbə axşamı) 18:43:43
Şübhəli bank əməliyyatlarının icrası ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 dekabr 2014-cü il tarixli qərarı ilə "RFE/RL İnc” şirkətinin Azərbaycandakı nümayəndəliyinin, eləcə də onunla əməkdaşlıq etmiş fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlarının, maliyyə vəsaitlərinin xərclənməsinin təyinatının, vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin və sair daxilolmaların təyinatının qanuniliyinin Azərbaycannın Vergilər Nazirliyinin mütəxəssisləri tərəfindən yoxlanılması təşkil edilib, həmçinin məhkəmənin eyni tarixli qərarı ilə nümayəndəliyin "Azərbaycan Beynəlxalq Bankı” ASC-də yerləşən bank hesabları üzrə əməliyyatlar müvəqqəti dayandırılıb. Yoxlamanın ilkin nəticələri nümayəndəlik tərəfindən vergilərin dövlət büdcəsinə ödəmədən yayındırılmasında şübhələnməyə əsas verir. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.
Mətbuat xidməti bildirir ki, hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə ibtidai istintaq tədbirlərinin icrası davam etdirilir.
Mətbuiat xidmətinin məlumatında deyilir ki, istintaqa cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasının qarşısının alınması sahəsində müvafiq səlahiyyətləri həyata keçirən dövlət orqanı tərəfindən "RFE/RL İnc” (Radio Fredoom of Europa/Radio Liberty-Azad Avropa/Azadlıq radioları korporasiyası) şirkətinin Azərbaycan nümayəndəliyinin şübhəli bank əməliyyatları həyata keçirməsi barədə məlumatlar daxil olub.
"Belə ki, "RFE/RL İnc” şirkətinin Azərbaycan Nümayəndəliyinin bank hesablarına 01.01.2010-cu il tarixdən 09.12.2014-cü il tarixədək olan müddətdə "RFE/RL İnc” şirkətinin baş ofisi tərəfindən 3.555.688 manat məbləğində pul vəsaitləri daxil olub, həmin pulun 189.100 manat məbləğində hissəsi təhtəl-hesab şəxs kimi nümayəndəliyin maliyyə meneceri (qanuni təmsilçi) Yəhya Mirzəyev tərəfindən xəzinədən nağd götürülərək müxtəlif təyinatlar üzrə xərclənməsi rəsmiləşdirilib.
Nümayəndəlikdə yalnız bir nəfərin, maliyyə menecerinin təhtəl-hesab şəxs kimi xəzinədən 189.100 manat məbləğində külli miqdarda nağd pul vəsaitlərini götürməsi, həmin pul vəsaitlərinin foto, video çəkiliş, içməli su, çay, qənd alınması, bərbərxanaya ödəmələr və sair bu kimi kiçik məbləğli təyinatlar üzrə xərclənməsinin rəsmiləşdirilməsi, eləcə də fiziki şəxslərin gəlirləri barədə müvafiq vergi orqanlarına hesabatlar təqdim etməmələri, nümayəndəlik tərəfindən nəşrinə külli miqdarda pul vəsaitləri sərf edilən "Fərqli düşüncə” adlı jurnalın pulsuz paylanması kimi xüsusatlar nümayəndəliyin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər tərtib etməklə külli miqdarda maliyyə vəsaitlərinin mənimsənilməsini ehtimal etməyə əsaslı şübhələr yaradır.
Həmçinin istintaqa cəlb edilərək şahid qismində dindirilmiş "RFE/RL İnc” şirkətinin Azərbaycan Nümayəndəliyinin müxbiri Fərəh Əliyeva ifadəsində göstərib ki, nümayəndəliyin maliyyə meneceri Yəhya Mirzəyevin göstərişi ilə 2013-cü ilin may və 2014-cü ilin aprel-may aylarında "Azadlıq” radiosunun «Oxu zalı» layihəsində iştirakla bağlı xidmət müqaviləsi əsasında xidmət haqqı adı ilə onun adına rəsmiləşdirilmiş cəmi 3.675 manat pul vəsaitinin yalnız 900 manat hissəsi faktiki surətdə ona verilib, qalan 2.775 manat pulu Yəhya Mirzəyev özünə götürüb.
Nümayəndəliyin müxbiri Cavid Zeynalov da ifadəsində göstərib ki, 2012-ci ilin noyabrında "RFE/RL İnc” şirkətinin Azərbaycan Nümayəndəliyinin maliyyə meneceri Yəhya Mirzəyev onu xidməti otağına çağıraraq müxbir kimi göstərdiyi xidmətin haqqı 400 manat təşkil etsə də, ona hər ay 1.130 manat pul yazacağını, həmin pulu bankdan aldıqdan sonra 400 manatı, sonuncu ay isə 500 manatı götürüb, qalan məbləği gətirib ona verməyi təklif edib, bu barədə heç kimə məlumat verməməyi tapşırıb. Onun göstərişi əsasında 2012-ci ilin dekabrından 2013-cü ilin iyun ayı da daxil olmaqla hər ay xidmət haqqı adı ilə bank hesabına köçürülmüş cəmi 7.910 manat pulun hamısını bankdan nağdlaşdırıb çıxardıqdan sonra, yalnız 2.900 manatını özünə götürüb, 5.010 manat məbləğində pulu isə maliyyə meneceri Yəhya Mirzəyevə verib. 2013-cü ilin iyununda şəffaf xidmət haqqı müəyyən edilməyən yerdə işləmək istəmədiyi üçün işdən çıxmışdır.
Beləliklə, həyata keçirilmiş istintaq hərəkətləri ilə "RFE/RL İnc” şirkətinin Azərbaycan Nümayəndəliyinin maliyyə meneceri vəzifəsində işləyən Yəhya Mirzəyev oğlunun qulluq səlahiyyətlərindən tamah məqsədi ilə sui-istifadə edərək vəzifə saxtakarlığı ilə cəmi 7.785 manat məbləğində pul vəsaitini mənimsəməsində əsaslı şübhələr mövcuddur.
Qeyd edilən məlumatların, eləcə də 2010-2014-cü illərdə "RFE/RL İnc” şirkətinin Azərbaycan Nümayəndəliyinin bank hesablarına daxil olmuş pulların 1.944.412 manatının işçilərə aylıq əmək haqqı, 1.422.176 manatının isə görülmüş işlərin və göstərilmiş xidmətlərin haqqı adı ilə 61 nəfər fiziki və 25 hüquqi şəxsə bank köçürməsi vasitəsi ilə məxaric edilməsinin araşdırılması istiqamətində yerinə yetirilmiş ilkin istintaq tədbirləri ilə Nümayəndəliyin əsasnaməsinin 4-cü bəndində qurumun Azərbaycan qanunvericiliyinə zidd olmayan fəaliyyətlə məşğul olması, 6.2 maddəsində isə Azərbaycanın müvafiq qanunvericiliyi əsasında lazımi qaydada uçot aparmalı və müvafiq dövlət orqanlarına hesabat verməli olduğunun nəzərdə tutulmasına baxmayaraq, nümayəndəliyin öz fəaliyyəti zamanı Azərbaycanın bir sıra qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq dövlət orqanlarına hesabatlar təqdim etməməsi, bəzi hallarda isə hesabatlarda təhrif edilmiş göstəriciləri əks etdirməsi, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə xidmət haqqı adı ilə çoxsaylı fiziki və hüquqi şəxslərə bank köçürmələri və nağd məxariclə külli miqdarda maliyyə vəsaitlərinin köçürülməsi, bank hesablarına pul vəsaitləri köçürülmüş fiziki şəxslərin gəlirləri barədə müvafiq vergi orqanlarına hesabatlar təqdim etməməsi, həmçinin jurnalistlərin Azərbaycan Xarici İşlər Nazirliyində bir illik akkreditasiya müddətləri tamamlansa da, akkreditə müddətinin uzadılmaması müəyyən edilib”, Baş Prokurorluğun mətbuat xidməti bildirir.
Öz növbəsində bir gün öncə AzadlıqRadiosu bir sıra mətbuat orqanlarında istintaq orqanına istinadən AzadlıqRadisonun guya çirkli pulların yuyulması və mənimsənilməsində şübhəli bilinməsi barədə məlumatlarla bağlı bildirib ki, radio fəaliyyəti dövründə tam şəkildə şəffaf işləyib, vergi və digər sosial müdafiə xərclərini vaxtlı-vaxtında ödəyib. "Bu baxımdan da radionun çirkli pulların yuyulmasında və mənimsənilməsində ittiham edilməsi və bunun Rusiya mediasına sızdırılması istintaq orqanının qeyri-obyektiv və qərəzli olması ilə bağlı mövqeyimizi bir daha təsdiq edir və gücləndirir".
Xəbərdə deyilir ki, radio jurnalistikanın fəaliyyəti ilə az-çox tanış olanlar bilir ki, istintaq orqanının yaydığı xəbərdə göstərilmiş məbləğlər böyük işçi heyətinə malik olan radio əməkdaşlarının aylıq əmək haqqını, ofisin kirayə xərcləri və digər zəruri təchizat xərclərini qarşılamaq üçün böyük məbləğ deyil.
"Digər tərəfdən, istintaq orqanı radionun şahid qismində dindirdiyi bütün əməkdaşlarına istintaq sirrini təşkil edən məlumatların yayılmasının yolverilməzliyi haqda xəbərdarlıq edib, iltizama qol çəkdirsə də, özü qanunsuz olaraq bu sirri təşkil edən məlumatları birtərəfli qaydada yaymaqla, əslində istintaqın bir daha qeyri-obyektiv olduğunu və yönünü müəyyən edib”, deyə radio bildirib.
.
Maybe you are interested in:
16 senator Əliyevə məktub yazdı: "Siyasi motivli həbslər..."