Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycanda repressiyalar Vaşinqtonda yeni müzakirələrin predmeti oldu

 

ABŞ-ın Avrasiya üzrə aparıcı analitikləri çərşənbə günü Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına və KİV-ə qarşı təzyiqləri müzakirə ediblər və Qərbi ölkə rəhbərliyi arasında insan hüquqlarını pozanlara qarşı sanksiyalar tətbiq etməyə çağırıblar, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib. "ABŞ və Qərbin təsirli tədbirlər görməsinin və Azərbaycan hökumətinə səhv yolda olduğunu göstərməyin vaxtı çatıb”, deyə Freedom House hüquq müdafiə təşkilatı, Milli Demokratiyaya Dəstək Fondu və Açıq Cəmiyyət İnstitutu tərəfindən təşkil edilmiş "Azərbaycan və Türkiyədə müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalar” adlı tədbirdə Açıq Cəmiyyət İnstitutunun (Soros Fondu) baş siyasi analitiki Ceff Qoldşteyn bildirib.

Azərbaycan çox repressiv ölkədir. Son iki ildə vəziyyət çox pisləşib. Bu gün ölkədə siyasi məhbuslar Rusiya və Belarusda olan siyasi məbusların birgə sayından xeyli çoxdur, deyə Qoldşteyn qeyd edib.

"Belarus çoxdan Avropada diktator rejimi ilə məşhurdur və düşünürəm ki, bu adın bir hissəsi tezliklə Azərbaycana keçəcək”, deyə o əlavə edib. Qoldşteyn Azərbaycan hökumətinin vətəndaş cəmiyyətini və azad mətbuatı susdurmaq üçün istifadə etdiyi mexanizmlərə diqqət çəkərək, onları kifayət qədər yeni bir şey adlandırıb. Belə ki, Bakı Rusiyanın "Xarici casuslar haqqında qanun”unun ekvivalentini qəbul etməyib, bunun yerinə bütün QHT-lərin qrantları dövlət orqanlarında qeydiyyatdan keçirməsini zəruri edən sistem yaradıb. Qərb institutları və vətəndaş cəmiyyəti ilə "uğurla” hesablaşmağa davam edən Azərbaycanın təcrübəsi avtoritar rejimli digər regionlara, xüsusən, Tacikistana da keçir. Tacikistan bu yaxınlarda Azərbaycan modelinin "dəqiq surəti” olan qanun layihəsi hazırlayıb. Qoldşteynin fikrincə, beynəlxalq aləmdə avtoritar rejimlərin bir-birindən nümunə götürdüyü müşahidə olunur.

Bakının davranışlarının səbəbləri haqqında danışarkən o qeyd edib ki, bəzi analitiklər Azərbaycan rəhbərliyinin insan hüquqları məsələsində ədalətsiz olaraq ittiham olunduğu hissi olduğunu hesab edirlər. 2008-ci ildə Ermənistanda seçkilər zamanı polis Yerevanın baş meydanında etirazçıları dağıdarkən bir neçə nəfər öldürülmüşdü. Əliyev hökuməti Qərbin qonşuluqdakı pozuntulara reaksiyasının "Azərbaycanda insan hüquqlarının tənqidi fonunda qərəzli olduğunu” hiss edib.

O qeyd edib ki, daha bir səbəb Azərbaycan hökumətinin qonşu ölkələrdəki iğtişaşlardan, məsələn, Kiyevdən Maydan etirazlarından və İstanbulda Gezi parkı hadisələrindən "qorxmasıdır”. "Onlar baş verənlərə baxırlar və həqiqətən düşünürlər ki, rəngli inqilabların həyata keçirilməsi proqramı var və Azərbaycan növbəti ölkə ola bilər”, deyə o bildirib.

Yuxarıda deyilənlərə əlavə olaraq, Azərbaycanda repressiyalar üçün imkanı "Krımı ilhaq edən Rusiya təmin edib”, deyə Qoldşteyn əlavə edib.

Onun fikrincə, Azərbaycan hakimiyyəti hesab edir ki, Qərb regionun digər ölkələrindəki hadisələrdən daha çox narahatdır və indi onun Rusiyanın əlində olmayan ölkələrə vaxtı yoxdur, buna görə də onlar Qərbin reaksiyasından qorxmadan istədiklərini edə bilərlər.

Repressiyalara beynəlxalq reaksiyaya gəlincə, o deyib ki, Bakının Qərb paytaxtlarında "kürü diplomatiyasını” nəzərə alsaq, Azərbaycan rəhbərliyi beynəlxalq reputasiyasının "qeydinə qalır”.

"İndi elə bir vaxtdır ki, hələ çox şey edilməlidir... ABŞ da, Avropa İttifaqı da insan hüquqlarını pozanlara qarşı sanksiyalar haqqında düşünməlidir”, deyə o əlavə edib.

Tədbirdə çıxış edən İstanbuldan gələn müstəqil jurnalist və bloger Arzu Qeybullayeva Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına və jurnalistlərə qarşı ayrı-ayrı hədələmə, təqib, həbs faktlarına diqqət çəkib. "Mənim həbsxanada olan elə dostlarım var ki, həbslərindən sonra dünyaya gəlmiş övladlarını görməyiblər”, deyə o bildirib.

Digər çıxış edənlər, Freedom House-dan Neyt Şenkkan və Milli Demokratiyaya Dəstək Fondundan Riçard Kramer Türkiyəyə diqqət çəkiblər, son illər burada da söz azadlığının pisləşdiyini qeyd ediblər. Analitiklərin fikrincə, burada hökumət insanları böhtana görə təqib edir, onların internetdəki məlumatlarına, habelə bank hesablarına və telefon danışıqlarına nəzarəti davam etdirir. -0-

 

Ələkbər Raufoğlu, Vaşinqton

.

contact.az

.

Maybe you are interested in:

AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib

BMT Ali Komissarı Azərbaycanda siyasi məhbusları azad etməyə çağırıb

Corc Soros Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyaları dayandırmağa çağırıb

Miriam Lanskoy: “Əgər ABŞ indiyədək ciddi cavab verməyibsə, Bakı düşünməməlidir ki, bu, həmişə belə olacaq”

Avropa QHT koalisiyası Azərbaycanda repressiyaları pisləyir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz